Rusiya Federal Təhlükəsizlik Xidməti (FTB) Ukrayna xüsusi xidmət orqanları tərəfindən Moskva vilayətindəki strateji müdafiə sənayesi müəssisəsinə və Rusiya Müdafiə Nazirliyinin hərbçilərinə qarşı FPV-dronlardan istifadə etməklə hazırlanan bir sıra terror aktlarının qarşısının alındığını bəyan edib.
Bizim.Media xəbər verir ki, Xidmətin məlumatına görə, Rusiyaya İspaniya istehsalı olan keramika plitələri adı altında qaçaqmalçılıq yolu ilə 35 ədəd FPV-dron çatdırılıb.
Bildirilir ki, bu dronlar Kanada istehsalı olan, radioelektron mübarizə vasitələrinə davamlı idarəetmə sistemləri və xarici istehsal olan partlayıcı döyüş başlıqları ilə təchiz edilib. FTB iddia edir ki, dronların ilkin sazlanması və yığılması Kiyevdə həyata keçirilib.
FTB-nin versiyasına görə, yük Bratislavadan (Slovakiya) başlayaraq Sedlse (Polşa) və Brest (Belarus) marşrutu ilə Moskva vilayətinə çatdırılıb və hücumun hədəfi yaxınlığında əvvəlcədən icarəyə götürülmüş anqara yerləşdirilib. İddiaya görə, Ukrayna tərəfi maskalanma məqsədilə həmin məkana məsafədən tikinti və təmir materiallarının çatdırılmasını sifariş edib.
Qurum anqarı dronların buraxılışına hazırlamaq üçün iki Moldova vətəndaşının cəlb edildiyini, birbaşa icraçının isə ağır cinayətlərə görə uzun müddət həbs cəzası çəkmiş və etnik mütəşəkkil cinayətkar qrupun keçmiş üzvü olan bir Rusiya vətəndaşı olduğunu bildirib.
FTB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən verilən məlumata görə, terror aktının icraçısı saxlanılıb və Ukrayna tərəfinin maraqları naminə hərəkət etdiyini etiraf edib.
Yükü qəbul edən və tikinti materialları adı altında yerləşdirən digər şəxs isə saxlanılarkən silahlı müqavimət göstərdiyi üçün cavab atəşi ilə zərərsizləşdirilib.
Xidmət həmçinin əməliyyatın təşkilində Ukrayna və ABŞ vətəndaşı, repçi və strimer "Kyivstoner" (Albert Vasilyev) ləqəbli şəxsin əli olduğunu iddia edir. FTB-nin versiyasına görə, o, SBU-nun (Ukrayna Təhlükəsizlik Xidməti) himayəsi altında əməliyyatı koordinasiya edib. Xüsusi xidmət orqanının məlumatında Vasilyevin İspaniya və Slovakiyada yaşadığı və kokain yayılmasında əli olduğu da bildirilir. Bu iddiaların müstəqil təsdiqi mövcud deyil.
Bizim.Media



































































































