XIX əsrin məşhur rəsm əsəri bu günlərdə yenidən gündəmə gəlib. Amma bu dəfə rəsmin gözəlliyi yox, orada illərdir gözdən qaçmış bir detalı müzakirə mövzusu olub.
Bizim.Media xəbər verir ki, “Gözləmə” (Die Erwartete) kimi tanınan görkəmli avstriyalı rəssam Ferdinand Georg Valdmüllerin bu rəsmi 1850-ci illərin sonu və 1860-cı illərin əvvəllərində yaradılıb.
Bu gün bu rəsm Münhendəki nüfuzlu Neue Pinakothek muzeyində sərgilənir.
Əsərdə romantik, lakin sadə bir kənd mənzərəsi təsvir olunur: əlində çəhrayı çiçək tutan gənc oğlan qayalı bir cığır boyunca kolların arxasında gizlənib və kəndli qızın yaxınlaşmasını səbirsizliklə gözləyir. Qız isə əlində tutduğu kiçik bir əşyaya baxır.
Bu qız təsviri iki əsrdir ki, insanların ruhunu oxşasa da kiçik detala heç kim fikir vermirdi, daha doğrusu görünmürdü. Lakin rəqəmsallaşma dövründə rəsm əsəri elektron versiyada təqdim olunanda, texnologiyanın köməyi ilə onu xeyli yaxınlaşdırıb əşyaya baxmaq mümkün oldu.
Amma baxılması ilə böyük heyrətə səbəb oldu. Demə, bu qız əlində müasir smarttelefonla təsvir olunub.
Bu fakt ortaya çıxması ilə sosial dünyada böyük bir ajiotaj yarandı. Bir çox istifadəçi yenidən zamanlararası səyyahlara diqqət çəkdi və belə mistik səyahətin reallığına səmimi şəkildə inandı.
Rəsmdə həqiqətən zaman səyahətinin əlamətlərini görürük, yoxsa daha rasional bir cavab var?
Əsərdə qız əlindəki sirli düzbucaqlı əşyaya tamamilə qərq olub. O, əşyanı hər iki əli ilə, baş barmaqları ilə tutur və bu günkü smartfon istifadəçilərinin xəbər lentində hərəkət etmələrinin və ya mesaj yazmalarının tanış jestlərini mükəmməl şəkildə təqlid edir. Bu səbəbdən rəsm sosial mediada “XIX əsrdə iphone işlədən qız” adlandırılıb.
Avstriya İxtisaslaşmış İncəsənət Agentliyinin direktoru Gerald Vaynpolter bildirib ki, rəsmdə fantastik bir şey yoxdur. Təvazökar qız əlində cib üçün kiçik dua kitabı tutaraq kilsəyə gedir.
“Bu gün, cihazlarla əhatə olunmuş dövrdə köhnə bir rəsmdə smartfonu olan bir qızı görmək, gəzərkən miniatür kitab oxumağı təsəvvür etməkdən daha asandır. Bu cür vizual təhriflər müasir kontekstin keçmişin mədəni irsinin qavranılmasına nə qədər güclü təsir göstərə biləcəyini açıq şəkildə nümayiş etdirir. Yeri gəlmişkən, bu cür illüziyaları bu rəsmdən daha çox görmək olar və zaman səyahətçiləri haqqında nəzəriyyələri müntəzəm olaraq gücləndirir. Amma qorxuram ki, bu, sadəcə köhnə şah əsərlərdə və fotoşəkillərdə yalnız görmək istədiklərini görən insanların fikridir” – deyə o bildirib.

Şəfiqə Şəfa, Bizim.Media




























































































