Avstraliya polisi ölkə tarixində rekord sayılacaq əməliyyata imza ataraq Sidneyin qərbində yerləşən yeraltı bunker sistemindən 2,7 ton kokain müsadirə edib.
Bizim.Media xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Qara bazarda ümumi dəyəri 816 milyon Avstraliya dolları (təxminən 500 milyon avro) qiymətləndirilən narkotik maddələr Londonderri qəsəbəsindəki fərdi yaşayış evlərindən birinin ərazisində aşkarlanıb.
Narkotik yükü üç nəqliyyat konteynerinin döşəməsinin altında xüsusi hazırlanmış gizli bölmələrdə gizlədilib.
Hadisə yerindən qaçmağa çalışan 21 və 25 yaşlı iki gənc polis tərəfindən saxlanılıb. Onlara qarşı ölkə sərhədindən qanunsuz yollarla külli miqdarda narkotik vasitə keçirmə və saxlama ittihamı irəli sürülüb.
Polisin bəyanatına görə, kokain partiyası mütəşəkkil cinayətkar qruplaşmanın sifarişi ilə Kvinslendin şimalındakı Midj-Poynt kiçik şəhərciyi vasitəsilə Avstraliyaya qaçaqmalçılıq yolu ilə gətirilib. Şənbə günü məhkəmə qarşısına çıxarılan və barələrində həbs qətimkan tədbiri seçilən hər iki şəxsi ömürlük həbs cəzası gözləyir.
Qeyd olunub ki, Londonderridəki bu basqın cari ilin may ayında Midj-Poyntda gəmi körpüsünün yaxınlığında suyun üzündə 40 kq kokain tapıldıqdan sonra başladılan "Mincian" (Minjiang) adlı xüsusi əməliyyatın bir hissəsidir.
Ötən həftə verilən məlumata görə, bu təhqiqat çərçivəsində Kvinslend və Yeni Cənubi Uels ştatlarında daha altı nəfər həbs edilib.
Bundan əlavə, Solomon adalarında qaçaqmalçılıq əməliyyatında istifadə edildiyi iddia olunan və narkotikin daşınmasını həyata keçirən əsas "ana gəmi" də saxlanılıb.
Bizim.Media


































































































