İsrailin keçmiş baş naziri Ehud Olmert İrlandiyanın RTÉ telekanalına verdiyi müsahibədə ABŞ və İran arasında imzalanması gözlənilən sülh sazişini kəskin tənqid edib. O, bu potensial sənədin İsraildə böyük narazılıqla — "xəyanət" kimi qarşılana biləcəyini vurğulayıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Olmert bu addımın mövcud hökumət başçısının planlarını alt-üst etdiyini bildirib.
"Netanyahu bunu heç vaxt etiraf etməyəcək"
Ehud Olmertin sözlərinə görə, İsrail Baş naziri Benyamin Netanyahunun ilkin mövqeyi baxımından bu saziş bir xəyanət ssenarisidir:
"Düşünürəm ki, Netanyahunun ilkin mövqeyi nöqteyi-nəzərindən bu razılaşma xəyanət kimi şərh oluna bilər. Lakin o, bunu heç vaxt açıq şəkildə etiraf etməyəcək, çünki siyasi baxımdan tamamilə Prezident Trampın münasibətindən və dəstəyindən asılıdır".
Keçmiş hökumət başçısı xatırladıb ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayanda əsas hədəf kimi Tehranın bölgədəki proksi-qruplaşmalara dəstəyini kəsməyi və raket proqramını məhdudlaşdırmağı qarşıya qoymuşdular. Lakin hazırda imzalanması gözlənilən sənədin bu bəndlərdən uzaq olduğunu deyən Olmert, ilkin gözləntilərlə mövcud reallıq arasında böyük uçurumun yarandığını bildirib.
"İran rejimi bir zərbə ilə çökəsi deyildi, bu qeyri-ciddi yanaşma idi"
Olmert hərbi kampaniyanın ilkin strateji planlaşdırmasını savadsız adlandırıb və hər iki müttəfiqin "növbəti gün" üçün planının olmadığını vurğulayıb:
"İranın bir hərbi zərbə ilə çökəcəyini gözləmək qeyri-real və qeyri-ciddi idi. Biz 90 milyonluq əhalisi olan, son 50 ildə saysız-hesabsız çətinliklərə və sanksiyalara dözmüş güclü bir rejimdən danışırıq. Nəticədə həm amerikalılar, həm də iranlılar müharibədən əvvəlki status-kvoya qayıtmaq üçün ağlabatan yol axtarmağa başladılar. Və etiraf etmək lazımdır ki, iranlılar bu diplomatik gedişatda çox uğurlu oldular".
"İsrail Livan ordusu ilə birləşib “Hizbullah”ı tərksilah etməlidir"
Livan cəbhəsindəki vəziyyətə də toxunan eks-baş nazir İsrail ordusunun Livanın cənubundan tamamilə çıxmalı olduğunu bəyan edib. O, Livan hökumətinin müasir tarixdə ilk dəfə İsraillə sülh danışıqlarına hazır olduğunu bəyan etməsini tarixi şans adlandırıb:
"Bizim Livanın cənubunda heç bir torpaq iddiyamız yoxdur. Biz oradan tamamilə geri çəkilməli və Livan hökuməti ilə tərəfdaşlıq şəraitində hər iki tərəf üçün ciddi təhlükə olan “Hizbullah” terror təşkilatını aktiv şəkildə tərksilah etməyə çalışmalıyıq. Bölgəni işğal etmək yox, Beyrutla əməkdaşlıq etmək lazımdır".
Müsahibəsinin sonunda Olmert Donald Trampın siyasi xarakterinə də toxunaraq, onun bəyanatlarının dəyişkən olduğunu xatırladıb: "Trampın dediklərinə dəyişməz bir reallıq kimi baxmaq olmaz. Bir neçə gün sonra ona öz fikirlərini sitat gətirsəniz, tamamilə əksini iddia edə bilər".
Bizim.Media
































































































