Norveçin Oslo şəhər məhkəməsi Şəhzadə Mette-Marit-in oğlu Marius Borg Hoiby barəsində hökm çıxarıb. 29 yaşlı Hoiby iki təcavüz ittihamı üzrə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib.
Bizim.Media BBC-ə istinadla xəbər verir ki, Oslo Rayon Məhkəməsində üç hakimdən ibarət kollegiya onu irəli sürülən dörd təcavüz ittihamından ikisi üzrə təqsirli bilib, digər iki ittiham üzrə isə bəraət verib. Məlumata görə, prokurorluq 7 il 7 ay, müdafiə tərəfi isə 18 ay həbs cəzası tələb etmişdi.
Hoiby hökmün elan olunduğu iclasa sağlamlıq səbəbləri ilə qatılmayıb və prosesə videobağlantı vasitəsilə qoşulub.
İttihamlara əsasən, hadisələr 2018 və 2024-cü illərdə baş verib. Məhkəmə sənədlərində qeyd olunur ki, bəzi hallarda zərərçəkənlər ya yuxuda, ya da huşsuz vəziyyətdə olublar və bu səbəbdən müqavimət göstərə bilməyiblər.
İş üzrə ümumilikdə altı qadın zərərçəkmiş qismində çıxış edib. Onlardan biri məhkəmədə ifadə verərkən ağlayıb və hadisə zamanı yuxuda olduğunu bildirib.
Hoiby həmçinin keçmiş sevgilisinə qarşı zorakılıq və digər cinayətlərdə də təqsirli bilinib. Məhkəmə ona dörd qadına ümumilikdə 640 min Norveç kronu kompensasiya ödəmək öhdəliyi qoyub.
Norveç Kral Sarayı məsələ ilə bağlı şərh verməyib. Lakin hadisənin kral ailəsinin ictimai imicinə təsir etdiyi və Norveç monarxiyası üçün ciddi reputasiya problemi yaratdığı qeyd olunur. Ekspertlər bu işi kral ailəsi üçün institusional böhran kimi qiymətləndirirlər.
Bizim.Media






































































































