Konqo Demokratik Respublikasında (KDR) baş qaldıran son Ebola epidemiyası planetdə yeni və genişmiqyaslı pandemiyanın xəbərçisi ola bilər.
Bizim.Media bildirir ki, “Financial Times” qəzetinin xəbərdarlığına görə, təhlükəli xəstəliyin yayılması tibbi proqramların beynəlxalq səviyyədə maliyyələşdirilməsinin kəskin şəkildə azaldılması, həmçinin cəmiyyətin elm institutlarına və kollektiv mübarizə üsullarına olan etimad böhranı fonunda baş verir.
Beynəlxalq Münasibətlər Şurasının qlobal səhiyyə proqramının direktoru Tomas Bolliki bildirib ki, bu epidemiya yeni qlobal səhiyyə sisteminin kəsişməsində meydana gəlib.
Ekspert təhlükəli bir təzadı diqqətə çatdırır: müasir alimlər və həkimlər virusa qarşı mübarizə mexanizmlərini dərindən öyrənsələr də, onların arxalandığı sosial və dövlət dəstəyi ciddi şəkildə sarsılıb. COVID-19 pandemiyasından sonra dünyada qlobal tibbi təşəbbüslərə qarşı skeptik və hətta düşmən münasibət formalaşıb ki, bu da bəşəriyyəti etibarlı müdafiə qalxanından məhrum edir.
Vəziyyəti geosiyasi faktorlar da ağırlaşdırır. Konqonun İturi əyalətinə səfər edən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus baş verənləri "xəstəlik və münaqişənin fəlakətli şəkildə bir-birinə qarışması" adlandırıb. İnfeksiya artıq sərhədləri aşmağa başlayıb: qonşu Uqandada yoluxma halları qeydə alınıb, yoluxmuş şəxslərdən biri diaqnoz qoyulmazdan əvvəl BƏƏ-də olub, xəstələnən amerikalı missioner isə təcili olaraq Almaniyaya təxliyə edilib.
Lakin ən böyük təhlükə virusun bioloji xüsusiyyətlərində gizlənir. Konqoda çox nadir rast gəlinən və tarixdə cəmi iki dəfə qeydə alınmış “Bundibuco” ştamı yayılır. Əsas problem ondan ibarətdir ki, bu mutasiyaya qarşı hazırda mövcud olan bütün peyvəndlər, dərman preparatları və test sistemləri acizdir. Bu isə xəstələrin aşkarlanmasını və epidemiyanın qarşısının alınmasını dünya birliyi üçün həddindən artıq çətin tapşırığa çevirir.
Bizim.Media






































































































