ABŞ-ın Nümayəndələr Palatası Ukraynaya hərbi yardımın ayrılması, ölkənin bərpasına dəstək göstərilməsi və Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Bizim.Media “The Hill” nəşrinə istinadla xəbər verir ki, sənəd ənənəvi prosedurlardan yan keçməklə səsverməyə çıxarılıb və layihənin qəbulunda bir sıra respublikaçı konqresmenlər Prezident Donald Trampın mövqeyinə zidd addım atıblar.
Qanun layihəsinin lehinə 226, əleyhinə isə 195 konqresmen səs verib.
Sənəd komitələrdən kənar xüsusi prosedur vasitəsilə səsverməyə çıxarılıb. Demokratlarla yanaşı, 18 respublikaçı və bir müstəqil konqresmen də təşəbbüsü dəstəkləyib.
Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində demokrat azlığın aparıcı üzvlərindən biri olan Qreqori Miks çıxışında Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb.
“Hamımız bu müharibənin başa çatmasını istəyirik. Məsələ ondadır ki, bu necə baş verməlidir?” – deyə Miks bildirib.
Qanun layihəsi Ukraynanın yenidən qurulması üçün maliyyə ayrılması və Rusiyaya qarşı sanksiyalarla yanaşı, Moskvanın təsir imkanlarına qarşı tədbirləri, Baltikyanı ölkələrə əlavə təhlükəsizlik yardımlarını və Ukraynanın silah alışı üçün xarici hərbi maliyyələşdirmə proqramı çərçivəsində kreditlə təmin olunmasını nəzərdə tutur.
Səsvermənin nəticələri Ukraynaya dəstəyin respublikaçılar arasında zəiflədiyini də göstərib. Belə ki, 2024-cü ilin aprelində Ukraynaya əlavə yardımı 101 respublikaçı dəstəklədiyi halda, bu dəfə onların sayı 18 nəfər olub.
Qanun layihəsinə qarşı çıxan respublikaçılar sənədi “partiya xarakterli bəyanat layihəsi” adlandıraraq onun partiya daxilində parçalanma yaratmağa yönəldiyini bildiriblər.
Növbəti mərhələdə sənədin ABŞ Senatında müzakirəsi gözlənilir. Burada qanun layihəsinin taleyi demokratlar və respublikaçılar arasındakı qüvvələr balansından asılı olacaq.
Bununla yanaşı, sənəd Senatdan keçsə belə, Donald Trampın ona veto qoymaq səlahiyyəti qalır. ABŞ lideri Ağ Evə qayıtdıqdan sonra Ukraynaya yardım prosesini əhəmiyyətli dərəcədə ləngidib və sanksiyalarla bağlı qərarların Konqresə deyil, prezident administrasiyasına məxsus olmalı olduğunu dəfələrlə bəyan edib.
Eyni zamanda, senatorlar Lindsi Qrem və Riçard Blumental tərəfindən irəli sürülən, Rusiyaya qarşı yeni sanksiyalar və Rusiya nefti alan ölkələr üçün yüksək rüsumlar nəzərdə tutan başqa bir qanun layihəsi də 2025-ci ilin aprelindən etibarən Senatda bloklanmış vəziyyətdə qalır.
Bizim.Media





































































































