Fransa polisi "Pari Sen-Jermen" (PSJ) klubunun Çempionlar Liqasındakı qələbəsindən sonra baş qaldıran iğtişaşlar zamanı 780 nəfəri saxlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loran Nunyes "CNews" telekanalının canlı yayımladığı brifinqdə bəyan edib.
"Ümumilikdə vəziyyət nəzarət altındadır. Ölkə ərazisində 780 nəfər saxlanılıb", — deyə nazir bildirib.
Nazirin sözlərinə görə, saxlanılanlardan 480 nəfəri Paris aqlomerasiyasının payına düşür. Nunyes əlavə edib ki, ötən illə müqayisədə saxlanılanların sayı 32% artıb. 2025-ci ildə analoji iğtişaşlar zamanı polis 592 nəfəri saxlamışdı.
Bundan başqa, iğtişaşlar zamanı 57 polis əməkdaşı xəsarət alıb. DİN rəhbəri həmçinin qeyd edib ki, ölkə boyu 219 nəfər yaralanıb, onlardan 8-nin vəziyyəti ağırdır.
"France Info" telekanalının Paris prokurorluğuna istinadən verdiyi məlumata görə, hadisələr zamanı bir nəfər həyatını itirib.
Dünyasını dəyişən şəxs küçələrin birində beton çəpərə çırpılan 2002-ci il təvəllüdlü motosikletçidir.
Xatırladaq ki, Budapeştdə keçirilən Çempionlar Liqasının finalında Paris klubu İngiltərənin "Arsenal" komandasına qalib gəlib. Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə PSJ daha dəqiq olub — 4:3. Fransa komandasının qapısını rusiyalı qapıçı Matvey Safonov qoruyub və o, Çempionlar Liqasını iki dəfə qazanan ilk rusiyalı futbolçu olub.
Bizim.Media

































































































