Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ABŞ-ın dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi saytında məlumat verilib.
Nazirlikdən bildirilib ki, Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə Rusiya XİN rəhbəri Kiyev rejiminin Rusiya ərazisindəki mülki əhaliyə və mülki obyektlərə qarşı davam edən terror hücumlarına cavab olaraq, Rusiya Silahlı Qüvvələrinin Kiyevdə yerləşən, Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün istifadə olunan obyektlərə və müvafiq qərar qəbuletmə mərkəzlərinə sistemli və ardıcıl zərbələr endirməyə başladığı barədə məlumatı Amerika tərəfinin diqqətinə çatdırıb.
Lavrov Rusiya XİN-in 25 may tarixli bəyanatına diqqət çəkib. Həmin bəyanatda Kiyevdə səfirlikləri olan digər ölkələr kimi ABŞ-a da öz diplomatik heyətini Ukrayna paytaxtından təxliyə etmək tövsiyə olunub.
Bundan əlavə, XİN rəhbəri həmsöhbətinə Ukrayna məsələsi üzrə 2025-ci ilin avqustunda Ankoricdə ABŞ-ın təklifi ilə əldə olunmuş razılaşmaları xatırladıb və "Avropa elitalarının və Kiyev rejiminin təcavüzkar səylərinin" bu razılaşmalara zərbə vurmasından təəssüfləndiyini bildirib.
Lavrov və Rubio, məlum fikir ayrılıqlarına baxmayaraq, hər iki ölkədə Rusiya və ABŞ diplomatik nümayəndəliklərinin iş şəraitini normallaşdırmaq üçün səyləri gücləndirmək barədə qarşılıqlı öhdəliklərini təsdiqlədilər.
Bizim.Media





































































































