Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev alimlərə müraciət edərək keçmiş hadisələrə bəsit baxışdan imtina etməyi və Qızıl Orda tarixini müsbət nöqteyi-nəzərdən yenidən nəzərdən keçirməyi xahiş edib.
Bizim.Media xəbər verir ki, Astanada keçirilən "Qızıl Orda çöl sivilizasiyasının modeli kimi: tarix, arxeologiya, mədəniyyət, kimlik" adlı beynəlxalq simpoziumda çıxış edən Qazaxıstan lideri Böyük Çölün tarixinə dair formalaşmış yanlış təsəvvürlərə diqqət çəkib.
Prezidentin fikrincə, bu tarix hələ də "əsasən sonsuz döyüşlər və savaşlar silsiləsi" kimi qəbul edilir. O vurğulayıb ki, bu cür yanaşma tarixi reallığı nəzərəçarpacaq dərəcədə bəsitləşdirir, təhrif edir və Böyük Çölün, xüsusən də Qızıl Ordanın mürəkkəb, çoxşaxəli varlığını sıradan bir hərbi xronika çərçivəsinə sıxışdırır.
"Bu zalda həmin dövrün nüfuzlu tədqiqatçılarının toplandığını nəzərə alaraq, elmi araşdırmaların əsas istiqamətləri barədə öz fikrimi qısaca ifadə etmək istərdim. Hesab edirəm ki, bu istiqamətlər Qızıl Orda tarixinin müsbət mənada yenidən dəyərləndirilməsi perspektivlərini genişləndirməyə kömək edəcək", — deyə Tokayev bildirib.
Qazaxıstan rəhbəri qeyd edib ki, belə bir nəticəyə nail olmaq üçün intellektual irsin, xüsusilə də Böyük Çöl xalqlarının mədəni-dünyagörüşü əsaslarının formalaşmasına təsir göstərmiş görkəmli mütəfəkkirlərin əsərlərinin öyrənilməsi mühüm rol oynayacaq.
Qeyd edək ki, Qızıl Orda XIII-XV əsrlərdə mövcud olmuş orta əsrlər Avrasiya dövlətidir.
Qazaxıstanda 2019-2020-ci illərdə Qızıl Ordanın 750 illiyi münasibətilə silsilə tədbirlər keçirilib.
Həmin yubiley tədbirləri 1269-cu il hadisələrinə — müasir Qazaxıstan və Qırğızıstan sərhədində baş tutmuş Talas qurultayına həsr olunmuşdu. Məhz həmin qurultayda Çingiz xan imperiyasının müstəqil dövlətlərə bölünməsi barədə qərar qəbul edilmiş və onlardan biri də Qızıl Orda olmuşdu.
Bizim.Media
































































































