Mayın 7-də gündüz saatlarında Ukrayna Silahlı Qüvvələri Perm diyarında “sənaye müəssisələrindən birinə” pilotsuz uçuş aparatları ilə hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə Perm diyarının qubernatoru Dmitri Maxonin məlumat verib.
Onun sözlərinə görə, dronlardan biri hədəfə çata bilib, digərləri isə yaxınlaşarkən vurulub.
“Ölən və xəsarət alan yoxdur. Qalıqların düşdüyü ərazidə fövqəladə xidmətlər işləyir”, - deyə Maxonin teleqram kanalında yazıb.
Şahidlərin görüntülərini təhlil edən “Astra”nın məlumatına görə, zərbə Permdə yerləşən “Lukoyl-Permnefteorgsintez” neft emalı zavoduna endirilib. Hücumdan sonra müəssisə üzərində tüstü sütunu qalxıb.
Qeyd olunur ki, PNOS Rusiyanın ən böyük neft emalı zavodlarından biridir. Müəssisə ildə təxminən 17 milyon ton neft emal etmək gücünə malikdir. Zavod yüksəkkeyfiyyətli benzin, dizel yanacağı, aviasiya kerosini və sürtkü yağları da daxil olmaqla geniş çeşiddə məhsul istehsal edir.
Bu müəssisə Perm diyarının əsas sənaye obyektlərindən biri və Rusiyanın texnoloji baxımdan ən müasir neft emalı zavodlarından sayılır. Zavod həm daxili bazarı, həm də ixrac istiqamətlərini yanacaqla təmin edir.
Bundan əvvəl həmin müəssisə 8 gün əvvəl — aprelin 30-da Ukrayna dronlarının hücumuna məruz qalmışdı. Həmin zərbə zavodun gücünün 38 faizini təmin edən AVT-4 qurğusuna dəymişdi. Reuters mənbələrinin məlumatına görə, bundan sonra zavod işini qismən dayandırmışdı.
Bundan başqa, “Transneft”in “Perm” xətti istehsalat-dispetçer stansiyasında da yanğın baş verib. Yanğın ümumi tutumu 380 min kubmetr olan 10 neft çənindən ibarət parkı əhatə edib.
Bu səbəbdən Rusiyanın Avropa hissəsindəki neft emalı zavodlarına və ölkənin qərbindəki ixrac limanlarına neft tədarükü təhlükə altına düşüb.
PNOS-a hücumdan əvvəl Ukrayna qüvvələri bir ay ərzində Rusiyanın dörd neft emalı zavodunu sıradan çıxarmışdı.
Aprelin 5-də dron hücumundan sonra “Lukoyl”un “Nijegorodnefteorgsintez” zavodu, aprelin 16-da “Rosneft”in Tuapse NEZ-i, aprelin 28-də Novokuybışevsk NEZ-i, aprelin 22-də isə Sızran NEZ-i fəaliyyətini dayandırmışdı.
Bundan sonra mayın 5-də Ukrayna dronlarının hücumu nəticəsində Rusiyanın ən iri üç neft emalı zavodundan biri olan “Kirişinefteorgsintez” də neft emalını tam dayandırıb.
Reuters mənbələri bildiriblər ki, müəssisələrə dəyən ziyanın dərəcəsi və bərpa müddəti hələlik məlum deyil.
Bizim.Media



































































































