İsveç kralı XVI Karl Qustavın Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə baş verənlər bütün dünyada geniş müzakirələrə yol açıb. Buna səbəb isə hər hansı tarixi razılaşmanın əldə olunması deyil, Kralın tarixin tozlu səhifələrində qalmış ənənələri yaşatmaq cəhdi oldu. Belə ki, İsveç kralı rəsmi qarşılanma zamanı Zelenskinin ona uzatdığı əli havada qoyub.
MÖVZU İLƏ BAĞLI:
Məsələnin ən absurd tərəfi isə hadisənin Lvovda yaşanmasıdır. Yəni, kral qonaq gəldiyi ölkənin Prezidentinin əlini sıxmayıb. Doğrudur, tərəflər arasında dialoqdan sonra kral Zelenskinin əlini sıxır, amma bunu sadəcə göstəriş, daha doğrusu, foto çəkdirmək xatirinə edir.
Protokol yoxsa feodalizm təfəkkürü?
İsveç kralının Volodimir Zelenski ilə görüş zamanı salamlaşma və ya əl vermə jestindən yayınmasına “köhnə qitə”də bəhanə tapmaq istəyənlər də oldu. Guya, bu sadəcə “protokol detalı”dır. Amma ictimai-siyasi reallıqda bu cür davranışlar artıq neytral jest kimi oxunmur.
21-ci əsrdə diplomatik görüşlərdə hər bir mimika, hər bir jest, hətta saniyəlik tərəddüd belə siyasi mesaj kimi qəbul edilir. Çünki artıq kralların alışdığı orta əsrlər dövrü deyil, hər bir rəsmi görüş, addım jurnalistlər tərəfindən lentə alınır, ictimailəşdirilir. Liderlər, diplomatlar bunu nəzərə alaraq, hər addımlarını “yüz ölçüb, bir biçirlər”. Xüsusilə də söhbət bütün Qərb dünyasının diqqət mərkəzində olan Ukraynadan gedirsə...
Ona görə də kralın bu cür təkəbbürlü davranışını “adi protokol fərqi” kimi dəyərləndirmək real mənzərəni ört-basdır etməkdən başqa bir şey deyil.
Şimali Avropa “soyuqluğu”nun arxasında gizlənən təkəbbür
Ümumilikdə isə, İsveç, Norveç və Danimarka kimi Şimali Avropa ölkələrində rəsmi davranışların sərt və emosiyadan uzaq olması yeni fenomen deyil. Bu, “sakit diplomatiya” adı altında təqdim edilən, əslində isə təkəbbürdən, özünü başqalarından üstün görməkdən irəli gələn bir davranış modelidir.
Xüsusilə də Avropa monarxlarının bu cür, digər insanlara yuxarıdan aşağı, öz “təbəə”si kimi münasibət göstəməsi artıq adiləşib. Həmin monarxlardan biri də Karl Qustavdır. O, hələ də orta əsrlər təfəkküründə qaldığı üçün yalnız digər kralları özünə bərabər səviyyəli tərəf kimi görür. Hətta digər ölkələrin dövlət başçıları belə monarx titulu daşımırsa, Karl Qustav üçün sıravi şəxsdir. Hələ onu demirik ki, bu hörmətsizlik kralı qonaq kimi öz ölkəsində qəbul edən bir Prezidentə qarşı edilib...
Monarxiya institutunun 21-ci əsrdəki anaxronizmi
Mənzərəyə daha geniş kontekstdə baxdıqda, məsələ təkcə bir jestlə məhdudlaşmır. Konstitusiyalı monarxiya institutunun özü artıq ciddi sual doğurur.
Müasir Avropada demokratiya, bərabərlik və xalq suverenliyi ideyaları ən yüksək dəyər kimi təqdim olunsa da, eyni sistem daxilində irsi hakimiyyət simvollarının qorunması açıq bir ziddiyyət yaradır. Dövlət başçısının seçilmədiyi, doğulmaqla bu statusu qazandığı bir modelin XXI əsrdə “demokratik dəyər”lərlə uzlaşmadığı daha aydın görünür.
Çünki tarixən monarxiya institutları kralı sadəcə siyasi fiqur deyil, simvolik olaraq “müqəddəsləşdirilmiş” bir status kimi təqdim edirdi. Bu ənənənin izləri tam silinməyib.
Əgər bu gün belə davranışların arxasında hələ də şüuraltı bir “ali status” hissi qalırsa, bu, müasir diplomatiyanın ruhu ilə açıq ziddiyyət təşkil edir. Çünki müasir beynəlxalq münasibətlərdə dövlətlər bərabər subyektlər kimi qəbul olunur, irsi üstünlük anlayışı isə artıq ideoloji olaraq keçmişdə qalıb.
Avropanın ikili standartları
Avropa uzun illərdir dünyaya demokratiya, insan hüquqları və bərabərlik modeli təqdim edir. Amma eyni zamanda öz daxilində feodalizm dövründən qalma simvolik institutları qorumağa davam edir.
Bu ikili yanaşma ciddi suallar yaradır: əgər bərabərlik universal dəyərdirsə, niyə Karl XVI Qustav özündən əvvəlki 15 adaşının yolunu davam etdirir və ona “gözün üstə qaşın var” deyən yoxdur? Əgər demokratiya Avropa üçün əsas dəyərdirsə, niyə seçki yolu ilə hakimiyyətə gələn bir liderin qızıl beşikdə böyümüş kral tərəfindən bu cür münasibətə məruz qalmasına reaksiya verən tapılmır?
Yəni, Zelenski ilə görüşdə baş verən hadisəni təkcə bir əli havada qoymaq kimi görmək sadəlövhlük olardı. Bu mənzərənin arxasında daha geniş problemlər – monarxların təkəbbürü, feodalizm təfəkkürünün “ali dəyər” kimi qəbul olunması və Avropanın ikili standartları gizlənir...
Bizim.Media-nın analitik qrupu




































































































