Kral ailəsinin bioqrafı Endrü Launi Böyük Britaniya kraliçası II Yelizavetanın ömrünün son illərində psixi sağlamlığının yerində olmadığını iddia edib.
Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, Oksford Ədəbiyyat Festivalındakı çıxışı zamanı kraliçanın səhhətinə toxunan Launinin sözlərinə görə, II Yelizavetanın sağ olsa da, ölkəni faktiki olaraq böyük oğlu idarə edib.
Bioqraf hesab edir ki, məhz bu səbəbdən kraliça azyaşlılara qarşı cinsi zorakılıqda və digər cinayətlərdə ittiham olunan kiçik oğlu Endrünü dayandıra bilməyib.
"İnsanlar başa düşmürlər ki, o, ömrünün sonunda artıq özündə deyildi. Endrü onun yanına qalxır və nəsə etməsi üçün ona təzyiq göstərirdi", - bioqraf bildirib.
Lakin nəşrin digər icmalçısı Riçard İden bu fikirlə razılaşmır. O, həmin illərdə kraliça ilə şəxsən görüşdüyünü və onun qonaqlarla məntiqli söhbətlər apardığını qeyd edərək, II Yelizavetada hər hansı demensiya (qocalıq zəifliyi) əlaməti görmədiyini vurğulayıb.
Qeyd edək ki, şahzadə Endrü uzun illər azyaşlılara qarşı cinsi zorakılıq ittihamları ilə üzləşib. Ən səs-küylü hadisə Virciniya Roberts-Cuffre ilə bağlı məhkəmə çəkişməsi olub. Şahzadə məhkəmədə and altında ifadə verməkdən yayınmaq üçün Cuffreyə 12 milyon funt-sterlinq təzminat ödəməyə razılaşıb.
Bu qalmaqal səbəbindən o, kral ailəsinin üzvü kimi vəzifələrindən uzaqlaşdırılıb, rütbə və titullarının böyük hissəsindən məhrum edilib. Cuffrenin memuarları çap olunmazdan əvvəl hersoq titulundan könüllü imtina edən Endrü, Epşteynin yazışmalarının dərci sonrası həbs olunub. (lent.az)
Bizim.Media











































































































