Avropa İttifaqı G7 ölkələrinə səsləndi: “Ukraynaya təcili 45 milyard avro göndərin”

Hazırda oxunan: Avropa İttifaqı G7 ölkələrinə səsləndi: “Ukraynaya təcili 45 milyard avro göndərin”

607322

Avropa İttifaqı G7 ölkələrini Ukraynaya nəzərdə tutulan 45 milyard avroluq kreditin ödənişlərini sürətləndirməyə çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Euractiv yazıb. Məlumata görə, Brüssel ERA proqramı çərçivəsində vəsaitlərin daha tez ayrılmasına çalışır ki, Kiyevin böyük həcmli yeni yardım paketi işə düşənədək maliyyə ehtiyacları bağlansın.
 

Nəşrin məlumatına əsasən, Aİ artıq öz payı olan 18,1 milyard avronu ödəyib. Lakin ABŞ, Böyük Britaniya və Yaponiyanın payına düşən təxminən 7 milyard avro hələ köçürülməyib. ERA mexanizmi G7 və Aİ-nin 2024-cü ildə razılaşdırdığı, dondurulmuş Rusiya suveren aktivlərindən əldə olunan gəlirlər hesabına maliyyələşən ümumi 45 milyard avroluq kredit təşəbbüsüdür.


Aİ Komissiyasının martın sonunda yaydığı rəsmi məlumata görə, Brüssel 2026-cı ildə Ukraynanın maliyyə sabitliyini möhkəmləndirmək üçün ayrıca nəzərdə tutulan 90 milyard avroluq daha böyük dəstək paketinin 45 milyard avrosunu da önə çəkməyi təklif edib. Bu paketin işə düşməsi üçün isə əlavə siyasi və bürokratik qərarlar tələb olunur.

Euractiv-in başqa bir materialında qeyd olunur ki, gecikmələr təkcə texniki səbəblərlə bağlı deyil. Macarıstanın sabiq baş naziri Viktor Orban Ukrayna üçün nəzərdə tutulan 90 milyard avroluq Aİ kreditinin qarşısını alırdı.
 

Nəşr yazır ki, Peter Madyarın qələbəsindən sonra belə, həm Macarıstandakı keçid dövrü, həm də Aİ daxilində prosedurlar səbəbindən həmin vəsaitlərin ən tez may ayında hərəkətə keçməsi mümkündür. Bu isə Ukraynanın yay aylarında gözlənilən büdcə kəsiri fonunda risk yaradır.


Beləliklə, Brüsselin məqsədi iki paralel problemi həll etməkdir: bir tərəfdən G7 xətti ilə razılaşdırılmış 45 milyard avroluq krediti tezləşdirmək, digər tərəfdən isə daha iri Aİ yardım paketinin gecikməsinin Ukrayna büdcəsində boşluq yaratmasının qarşısını almaq. Euractiv-in yazdığına görə, məhz buna görə Valdis Dombrovskis Vaşinqtonda ABŞ, Yaponiya və Böyük Britaniya rəsmilərini ödənişləri sürətləndirməyə çağıracaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin