Putun erməniləri niyə aşağıladı...

Hazırda oxunan: Putun erməniləri niyə aşağıladı...

33768

 

Rusiya prezidenti Vladimir Putinin erməniləri aşağılayan replikalarından sonra Moskva və İrəvan arasında münasibətlərin heç də yaxşı olmadığı ortaya çıxıb. Son günlər ərzində iki ölkə arasında münasibətlərdə bir-birinə zidd iki hadisə baş verib. Əvvəlcə Rusiyanın maraqlarına uyğun olaraq Ermənistan Avropa Birliyinə alternativ olaraq Rusiyanın təşəbbüsü ilə yaradılmış Avrasiya İqtisadi Birliyinin Gömrük İttifaqına daxil oldu və iki ölkə arasında münasibətlərin sıxlaşması barədə fikirlər ortaya çıxdı. Amma ardınca məlum oldu ki, Kreml Ermənistana iqtisadi güzəştlər təklif etməyə tələsmir və üstəlik, Putin Ermənistanda əhalinin sayı ilə bağlı replikalarla münasibətlərin heç də isti olmadığını nümayiş etdirdi.

Putin erməniləri belə aşağıladı...

Bu günlərdə ictimaiyyətlə görüş zamanı Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyan Putinə sual vermək bəhanəsi ilə ayağa qalxıb ermənilər adından ona dəstək ifadə edərək yaltaqlandıqdan sonra Rusiyada 3 milyondan çox erməninin yaşadığını deyib. Putin onun sözünü kəsərək Ermənistanda nə qədər erməninin yaşadığını soruşub. Abramyan “bundan bir qədər çox, 3 milyon 200 min” deyə cavab verib. Putin isə bu rəqəmə istehza edib: “Bu, erməni hesablamalarına görədir. Bizim hesablamamıza görə azdır”. Putinin daha sonra əlavə etdiyi fikir isə onun ermənilərə münasibətini ortaya qoyub: “Bu, zarafat deyil... Bu, istehza deyil”. Bununla Rusiya prezidenti Ermənistanda ermənilərin sayının az olması barədə dediklərinin zarafat deyil, həqiqət olduğunu israr edib, amma “istehza” ifadəsini yada salması əslində onun bu məsələyə istehzalı münasibətindən xəbər verib.
Beləcə, iki ölkə arasında münasibətlərlə bağlı sual yaranır: Bir halda ki, Ermənistan Rusiyanın istəyinə uyğun olaraq Gömrük İttifaqına üzv olub və Putinin “iqtisadi SSRİ-nin bərpası” layihəsinə dəstək verib, o zaman Kreml nədən narazıdır? Bunun sadə sual olmadığı bəllidir və cavab variantları da çoxdur.

Ermənilər niyə Rusiyadan narazı olsun?

Birinci variant odur ki, Putin bu replika ilə Ermənistanda formalaşmış anti-Rusiya əhvalına cavab verib: Əgər öz ölkənizdə yaşaya bilməyib Rusiyada özünüzə sosial sığınacaq tapırsınızsa, niyə bizdən narazısınız? Amma bu faktorun həlledici olduğunu düşünmək çətindir. Məsələn, Rusiyanın ən yaxın müttəfiqi olan Belarusda da ictimai rəy Rusiyaya qarşıdır, amma Putin belarus xalqını bu şəkildə ələ salmır.

“Cavax dövləti” yarana bilərmi?

İkinci varianta görə, Rusiya Ermənistandan daha çox güzəşt istəyir. Amma Rusiya mətbuatının yazdıqlarından belə məlum olur ki, Putin Ermənistandan qeyri-adi bir güzəşt umur. Məlumdur ki, Kreml qonşu dövlətləri leqal və qeyri-leqal maliyyə güzəştləri ilə “yükləyir”. Bunu müəyyən mənada “regional reket” də adlandırmaq olar. Orta Asiya dövlətlərinin mütəmadi olaraq Putinə “haqq” verdikləri barədə fikirlər var. Amma Ermənistanın Putinə veriləsi pulu və ya iqtisadi güzəşt imkanları yoxdur. Bununla belə İrəvan başqa ölkələrə qarşı təzyiq aləti kimi Rusiyanı razı sala bilər. Bəzi xəbərlərə görə, elə bu baxımdan Kremlin Ermənistandan gözlədiyi güzəştlərdən biri kifayət qədər unikaldır. Bildirilir ki, Putin Ermənistandan Gürcüstana qarşı ərazi iddialarını gücləndirməyi tələb edir. Hazırda Cavaxetiyada ermənilər sıx məskunlaşıblar və ara-sıra erməni fəalları Rusiya mətbuatında belə fikirlər səsləndiriblər ki, əgər Gürcüstan NATO-ya üzv olarsa, “Cavax dövləti” yarana bilər.

Gürcüstan üçün “Dağlıq Qaraba𔝠müharibəsi

Daha uzağa gedən versiyaya görə, Kreml Ermənistanın Gürcüstana qarşı müharibə cəbhəsi açmasını istəyir. Nə qədər qeyri-adi səslənsə də, Rusiya mətbuatında bu versiya da həyata vəsiqə alıb. Eyni zamanda bunu ciddi qəbul etmək üçün əsaslar da var. Gürcüstan Baltikyanı respublikalar istisna olmaqla keçmiş sovet respublikaları arasında Rusiyanın “regional reket hüququ”nu tanımaqdan imtina edən yeganə ölkədir. Cənubi Osetiya torpaqlarının Gürcüstanın nəzarətindən çıxarılması və Abxaziyanın rəsmi Tiflisə qarşı itaətsizliyi də Gürcüstanı boyun əyməyə məcbur edə bilməyib. 2008-ci ildə Gürcüstana qarşı hərbi əməliyyatlar isə beynəlxalq təzyiqlər üzündən Rusiyaya baha başa gəlib və bu ssenarini təkrarlamağa Moskvanın cəsarəti yetərli görünmür. Belə vəziyyətdə Gürcüstan üçün də “Dağlıq Qaraba𔝠münaqişəsi təşkil etmək uğurlu ssenariyə bənzəyir. Rusiyadan hərbi və iqtisadi dəstək alan Ermənistana qarşı müharibə Gürcüstanı çökdürmək və Rusiyanın hegemonluğuna razılaşdırmaq üçün ən effektli variantdır. Ancaq belə görünür ki, Ermənistan Azərbaycanın ardınca daha bir qonşu dövlətə qarşı müharibə cəbhəsi açmağa cəsarət etmir. Çünki belə bir müharibə Gürcüstana yaşadacağı faciədən daha böyüyünü Ermənistanın özünə yaşada bilər.

Ermənistan üçün çətin seçim: Rusiya, yoxsa Avropa Birliyi

Üçüncü narazılıq mənbəyi Avropa Birliyi ilə Ermənistan arasında sıxlaşan əməkdaşlıqdır. Məlum olduğu kimi, Ukrayna, Ermənistan və Moldova noyabr ayında Avropa Birliyi ilə assosiasiya barədə saziş imzalamağa hazırlaşırlar. Moskva artıq Ukrayna və Moldovaya qarşı açıq təzyiqə başlayıb. Belə ki, avqust ayında Ukraynanın “Roşen” şirniyyat məhsullarının və sentyabrın 11-də Moldova şərabının Rusiyaya idxalına qadağa qoyulub. Avropa Birliyinin komissarı Ştefan Füle dünən verdiyi açıqlamada Rusiyanı qınayıb. O, Ukraynaya qarşı təzyiqlərin yolverilməz olduğunu bildirib: “Bu hərəkətlər bütün Avropa dövlətlərinin imzaladıqları prinsiplərə ziddir. ATƏT-in Helsinki sazişinə görə, bütün ölkələr dövlətlərin başqa dövlətlərə münasibətdə seçimlərinə hörmətlə yanaşmalıdırlar”.
Amma Rusiya hələ də Ermənistana qarşı hər hansı praktik təzyiq tədbiri həyata keçirməyib. Sadəcə olaraq, Ermənistan Gömrük İttifaqına daxil olduqdan sonra Moskvadan gözlədiyi iqtisadi güzəştləri almayıb. Xüsusən də Rusiyadan idxal etdiyi təbii qazın qiymətlərində endirim gözləyən Ermənistan hələ də istəyinə nail ola bilməyib. Kreml yalnız dəmiryol şəbəkəsinin yenidən qurulması üçün Ermənistana 500 milyon dollar yardım ayırıb. Amma bu yardım strateji planda Ermənistana heç nə vəd etmir.

Putinin Bakı səfəri erməniləri qorxudub

İrəvanın Rusiyadan narazılığına gəlincə, bu əsasən, Putinin Bakıya son səfəri ilə izah edilir. Putinin Bakıdan razılıqla ayrılması Ermənistan hakimiyyətini bir qədər qorxudub. Əsas qorxu isə Dağlıq Qarabağ uğrunda müharibənin yenidən qızışmasıdır. İrəvan ehtiyatlanır ki, Rusiya Azərbaycana öz torpaqlarını müharibə yolu ilə qaytarmaq üçün “yaşıl işıq” yandıra bilər. Rusiyanın irimiqyaslı dəstəyi olmadan Ermənistanın Azərbaycanla müharibəyə uzun müddət tab gətirməyəcəyi bəllidir. İndiki şəraitdə Ermənistan bu ssenarini önləmək üçün Moskvanın bütün tələblərini yerinə yetirməyə hazırdır.

Ermənistan Türkiyə ilə sərhədləri hansı yolla açmaq istəyir?..

Ermənistanın iqtisadiyyatı isə kifayət qədər kövrəkdir və Rusiyadan böyük asılılıq şəraitindədir. Türkiyə və Azərbaycan tərəfindən iqtisadi blokada Ermənistanın iqtisadi inkişafına imkan vermir. Rusiya bu vəziyyətdən çıxmaq üçün Ermənistana səmərəli çıxış yolları təklif etmir. Ermənistan isə dayanıqlı iqtisadi inkişaf əldə etmək istəyir. Ölkənin Avropa Birliyi ilə yaxınlaşmaq cəhdləri də buna xidmət edir. Ermənistan Avropa Birliyi ilə əməkdaşlıq çərçivəsində Türkiyə ilə sərhədlərin açılmasına nail olmaq istəyir. Türkiyə ilə sərhədlərin bağlı olması tez-gec Ermənistanı əməkdaşlığa cəlb etmək istəyən Avropa Birliyinin qarşısına maneə olaraq çıxacaq. İrəvan ümid edir ki, Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı danışıqlarda sərhədlərin açılması qəti şərtlərdən biri kimi irəli sürülə bilər. Bu zaman Ermənistanın Rusiyadan asılılığı azalar. Amma Moskvanın da bu niyyətlərdən xəbərdar olduğu şübhəsizdir və elə buna görə də Ermənistanı dalana dirənmiş vəziyyətdə saxlayır. İndi İrəvan dilemma qarşısındadır: Avropa Birliyi ilə assosiasiyaya getmək Rusiya tərəfindən intensiv təzyiqlər vəd edir. Rusiyanın ağalığı altında yoluna davam etmək isə Ermənistana indiki kimi uzunömürlü dayanıqsız iqtisadiyyat vəd edir.

44 ailənin hökmranlıq etdiyi iqtisadiyyat

Məlumat üçün qeyd edək ki, Ermənistanda adambaşına Ümumi Daxili Məhsul (ÜDM) istehsalı təqribən 2400 dollar təşkil edir və bu göstəriciyə görə ermənilər dünyada 121-ci yerdədirlər. Ölkənin keçmiş baş naziri Hrant Baqratyan inhisarçılığın ölkə iqtisadiyyatında böyük bəla olduğunu bildirib. Onun sözlərinə görə, Ermənistanda ÜDM-in 55 faizi 44 inhisarçı ailənin payına düşür. Cəmi 60 şirkət Ermənistan iqtisadiyyatının yarıdan çoxuna nəzarət edir. Ermənistanın dövlət büdcəsinin xərcləri təxminən 3,3 milyard dollardır. Adambaşına büdcə xərclərinin səviyyəsinə görə Ermənistan dünyada 132 yerdədir. 2009-cu ildə Ermənistan iqtisadiyyatı 14,4 faiz tənəzzülə məruz qalıb və hələ də özünə gələ bilmir. Bundan sonra Ermənistan hökuməti dayanıqlı inkişaf yollarını aramağa başlayıb. Avropa Birliyi ilə yaxınlaşmaq həvəsi də məhz həmin ağır böhrandan sonra daha da artıb.
Ermənistanın düşdüyü vəziyyəti nəzərə alsaq, İrəvanın Avropa Birliyi ilə sazişin imzalanmasını təxirə salacağını gözləmək olar. Yaxın vaxtlarda Gürcüstanda ermənilərin məskunlaşdıqları ərazilərdə etnik çaxnaşmaların qızışması da istisna deyil. Amma bunun müharibə səviyyəsinə çatıb-çatmayacağı barədə danışmaq çətin məsələdir.

Moderator.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin