Azərbaycan və Ermənistan təmas xəttində yaşanan son gərginliklərdən sonra qanlı müharibə ehtimalı get-gedə güclənməkdədir.
Bu zaman əsas diqqət cəmiyyətin ovqatına, müqəddəs savaşa necə köklənməsinə, xüsusən də gənclərin vətənpərvərlik hissinə yönələcək və bu müharibəyə dini nöqteyi nəzərdən yanaşanların da davranışları söhbət mövzusu olacaq. Bu baxımdan işğalçıya qarşı müqəddəs savaş çağırışı ediləcəyi də gözləniləndir.
Görəsən, Ermənistana qarşı cihad elan oluna bilərmi, bunun üçün dini zəmin mövcuddurmu?
İlahiyyatçı Əkrəm Həsənov Moderator.az - a açıqlamasında bildirdi ki, cihada ehtiyac yoxdur:
“Ermənistanda yaşayanların əksəriyyəti dindən, imandan uzaq insanlardır. Ancaq unutmaq olmaz ki, biz müsəlmanıq. Xalqımızın çoxu müsəlmandır. Ancaq biz tarixən olduğu kimi, indi də elə müsəlmanlarıq ki, heç kimlə torpaq davası aparmadığımız kimi din davası da aparmırıq. Biz sadəcə erməni rəsmlərindən tələb edirik ki, torpaqlarımızdan əsgərlərini geri çəksin. Biz işğal altında olan torpaqlarımızı geri alaq. Öz ərazi bütövlüyümüzü bərpa edək. Sadə ermənilər yenə gəlib bizim torpaqlarda mehriban və sülh şəraitində yaşasınlar. Bizim sadə erməni xalqı ilə düşmənçilitimiz yoxdur. Siz bunu Müdafiə Nazirliyinin bəyanatlarından da görürsünüz. Biz sadəcə erməni əsgərlərindən tələb edirik ki, torpaqlarımızdan geri çəkilsin. Bu məsələni dini müstəviyə yönləndirməyi doğru hesab etmirəm. Buna bizim tolerantlığımız və tarixən olduğu kimi indi də multukultural olmağımız imkan vermir. Biz mədəni insanlarıq. Bizə qarşı haqsızlıq olunub. Bizi elə belə fikir səsləndirənlər də vardır ki, müsəlman olduğumuz üçün zaman-zaman digər dinlərin nümayəndələri tərəfindən terrora məruz qalmışıq. Hardasa bu fikirlə də razılaşıram. Amma biz ermənilərlə din davası aparmırıq. Biz onlara təklif edirik ki, haqsız olaraq qəsb etdiyiniz torpaqlarımızı geri verin. Bu bizim dünya və axirət məsələmizdir. Buna görə biz hamımız Allah qarşısında da məsuliyyət daşıyırıq. Çünki, həmin torpaqları uca Allah bizə əmanət kimi verib. Biz də Allahın bizə verdiyi bütün əmanətləri qorumağa, müdafiə etməyə, bizə qarşı haqsızlıq edənlərdən haqqımızı almağa son nəfəsimizə qədər borcluyuq. Azərbaycanda yaşayan bütün insanlar dinindən asılı olmayaraq bu ölkənin vətəndaşlarıdır. Bu ölkənin də rəhbəri, Ali Baş Komandanı var. Biz inancımızdan asılı olmayaraq onun rəhbərliyi altında öz ərazi bütövlüyümüzü qorumağa hazırıq. Bizə ancaq Ali Baş Komandanın əmri lazımdır. Onun əmrindən kənar qeyri-qanuni qruplaşmalar yaratmaq, din adı altında vətən müdafiəsinə qalxmaq həm dinimizə ziddir, həm də qanunlarımıza. İnanıram ki, tezliklə cənab prezidentimiz, Ali Baş Komandanımızın rəhbərliyi altında Qarabağımızı işğaldan azad edəcəyik. Bizim belə birliyimiz və gücümüz var”x9d
































































































