Prezident İlham Əliyev əksər çıxışlarında məmurları vətəndaşların probleminə, medianın sual və müraciətlərinə həssaslıqla yanaşmağa, edilən hər bir müraciətə operativ reaksiya verməyə səsləsə də, Dövlət Gömrük Komitəsi ölkə başçısının bu çağırışından heç bir nəticə çıxartmayıb. Maraqlıdır ki, prezidentin tövsiyyə və xəbərdarlıqlarına rəğmən hər zaman olduğu kimi bu gün də mediada gömrük sahəsindəki problemlərlə bağlı dərc edilən yazılara etinadsız münasibət bəsləyən komitə, medianın ona ünvanladığı rəsmi sorğulara, telefon zənglərinə də cavab vermək zəhmətinə qatlaşmaq istəmir.
Moderator.az saytı olaraq
24 iyul tarixində saxta məhsullarla bağlı Dövlət Gömrük Komitəsinin elektron
poçtuna müraciət ünvanlasaq da, bugünə qədər də müraciətimizə nə yazılı, nə də
şifahi şəkildə heç bir cavab verilməyib. Komitənin rəsmi saytında yerləşdirilən
əlaqə nömrəsinə gün ərzində edilən zənglərə də kimsə cavab vermir. Dövlət
Gömrük Komitəsi rəhbərliyi öz səssizliyi və laqeydliyi ilə mediaya meydan
oxumaqla yanaşı, ölkə başçısının çağırışlarının da onun üçün heç bir önəm kəsb
etmədiyinin mesajını verir.
Ümid edirik ki, ölkə
başçısı özünü dövlət içində dövlət kimi aparan, mediaya hörmətsizliyi özünün
gündəlik fəaliyyətinin bir hissəsinə çevirən Dövlət Gömrük Komitəsindəki bu
özbaşınalıqlara müdaxilə edəcək, komitənin vətəndaş və mediaya olan
sayqısızlığını önləyəcəkdir.






































































































