Yeni tədris ilindən etibarən əhatə dairəsi genişləndirilən təmayül modeli ilə bağlı valideyn, şagird və müəllimləri maraqlandıran, sual yaradan bir sıra məqamlar mövcuddur. Hansı ki, indiyə qədər bu model barədə açıqlamalarda bu məsələlərin heç birinə toxunulmayıb.
Mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bizim.Media-nın suallarını cavablandırıb.
- Təmayül siniflərinin yaradılması ənənəvi məktəb modelinin şagirdləri ali məktəbə hazırlamaq baxımından yetərli olmadığının etirafı sayıla bilər?
- Təmayül siniflərinin yaradılmasını ənənəvi məktəb modelinin yetərsizliyinin etirafı kimi qiymətləndirmək düzgün olmaz. Burada əsas məqsəd ümumi təhsil sistemində şagirdlərin fərdi maraq və meyllərinin, eləcə də gələcək təhsil istiqamətlərinin nəzərə alınmasına imkan verən əlavə və daha məqsədyönlü təhsil modelinin formalaşdırılmasıdır.
YTTM layihəsi çərçivəsində təmayüllər üzrə təhsilin təşkili şagirdlərin seçdikləri istiqamət üzrə bilik və bacarıqlarını daha sistemli və dərin şəkildə inkişaf etdirməyə, tədris prosesini onların gələcək akademik hədəflərinə uyğun qurmağa imkan verir. Eyni zamanda, bu yanaşma mövcud müəllim və təhsil resurslarından daha səmərəli istifadə edilməsinə xidmət edir.
- Müəllimin təmayül sinfinə cəlb olunması üçün əlavə seçim və ya imtahan tətbiq edilirsə, bu, həmin müəllimin əvvəlki sertifikasiya və peşəkar qiymətləndirməsinin kifayət etmədiyini göstərir?
- Əlavə seçim və ya qiymətləndirmənin tətbiqi müəllimin əvvəlki sertifikasiya və peşəkar fəaliyyətinin kifayət etmədiyi anlamına gəlmir. Sertifikasiya müəllimin peşəkar hazırlığının qiymətləndirilməsi mexanizmlərindən biridir. Təmayül modeli çərçivəsində seçim isə həmin göstəricilərlə yanaşı, müəllimin konkret tədris modelinin tələblərinə uyğunluğunun müəyyənləşdirilməsinə xidmət edir.
Başqa sözlə, burada söhbət müəllimin əvvəlki nəticələrinin yenidən qiymətləndirilməsindən deyil, konkret layihədə qarşıya qoyulan vəzifələri effektiv şəkildə həyata keçirə biləcək müəllimlərin müəyyənləşdirilməsindən gedir.
- Təmayül məktəblərə repetitorluq fəaliyyəti ilə məşğul olan müəllimlərin cəlb edilməsi də prioritet sayılır? Burda əsas səbəb nədir: onların fənni və test sistemini yaxşı bilməsi, yoxsa illər ərzində repetitorluq fəaliyyəti nəticəsində qazandıqları şagirdlərlə işləmək, onlara yanaşmaq, vaxtı düzgün idarə etmək və imtahana hazırlamaq təcrübəsi?
- Layihə çərçivəsində müəllimlərin seçimində onların repetitorluq fəaliyyəti ilə məşğul olması əsas və ya ayrıca üstünlük meyarı kimi götürülmür. Seçim zamanı müəllimin sertifikasiya nəticələri, pedaqoji təcrübəsi, fənn üzrə peşəkar göstəriciləri və digər müvafiq meyarlar nəzərə alınır. Repetitorluq fəaliyyəti müəllimin layihəyə cəlb olunması üçün ayrıca üstünlük yaratmır. Təmayül modeli üçün müəllim seçimində əsas meyar müəllimin yüksək peşəkarlığı və tədris prosesini effektiv təşkil etmək bacarığıdır. Buraya fənn üzrə dərin bilik, pedaqoji təcrübə, şagirdlərlə işləmək bacarığı, tədris prosesinin planlaşdırılması və nəticəyönümlü yanaşma daxildir.
Şagirdlərin imtahanlara hazırlanması və onların akademik ehtiyaclarına uyğun yanaşmanın formalaşdırılması müəllimin peşəkar təcrübəsinin mühüm istiqamətlərindən biri ola bilər. Lakin bu xüsusiyyətlərin əldə edilməsində repetitorluq fəaliyyətinin olub-olmaması layihə çərçivəsində əsas seçim meyarı kimi müəyyən edilməyib.
- Modelin əhatəsi genişləndirilməzdən əvvəl pilot nəticələri təhlil edildi. Onda belə bir sual yaranır: əgər təmayül sinifləri daha effektiv nəticə verirsə, ənənəvi siniflərdə tədrisin keyfiyyətinin artırılması üçün nə dəyişdirilməlidir?
- İstənilən yeni təhsil modelinin tətbiqində əldə olunan nəticələrin təhlili mühüm əhəmiyyət daşıyır. Təmayül modelinin məqsədi ənənəvi məktəb modelini əvəz etmək deyil. Burada məqsəd şagirdlərin maraq və bacarıqlarına, eləcə də gələcək təhsil istiqamətlərinə uyğun daha məqsədyönlü təhsil imkanları yaratmaqdır. Əgər layihənin nəticələri müəyyən yanaşmaların daha effektiv olduğunu göstərirsə, həmin təcrübənin yalnız təmayül məktəbləri ilə məhdudlaşmaması vacibdir.
Müəllimlərin davamlı peşəkar inkişafı, fərdiləşdirilmiş tədris metodlarının geniş tətbiqi, şagirdlərin akademik ehtiyaclarının daha dəqiq müəyyənləşdirilməsi, qiymətləndirmə nəticələrindən tədris prosesinin təkmilləşdirilməsi üçün istifadə olunması və məktəblərin resurs təminatının gücləndirilməsi bu istiqamətdə mühüm addımlar ola bilər.
Yəni təmayül modeli ümumi təhsil sistemindən ayrı, alternativ bir mexanizm kimi deyil, əldə olunan təcrübənin bütövlükdə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edə biləcəyi bir yanaşma kimi nəzərdən keçirilməlidir. Əsas hədəf isə yalnız müəyyən məktəblərdə yüksək nəticələrin əldə olunması deyil, bütün şagirdlər üçün keyfiyyətli təhsil imkanlarının genişləndirilməsidir.
Fəridə, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:00 / 01.10.2026
Təmayül sinifləri üçün müəllim seçimində əsas meyarlar AÇIQLANDI – RƏSMİ - MÜSAHİBƏ
Hazırda oxunan: Təmayül sinifləri üçün müəllim seçimində əsas meyarlar AÇIQLANDI – RƏSMİ - MÜSAHİBƏ
Hazırda oxunan: Təmayül sinifləri üçün müəllim seçimində əsas meyarlar AÇIQLANDI – RƏSMİ - MÜSAHİBƏ
639643
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































