Azərbaycanda distant işləyərək gəlirini xaricdən əldə edən əcnəbilər yaşamaq icazəsi ilə bağlı yeni qaydalar müəyyənləşdirilir.
Bizim.Media xəbər verir ki, bu msələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.
Dəyişikliklərə əsasən, rəqəmsal səyyah rəqəmsal texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahələrində fəaliyyətini informasiya-kommunikasiya texnologiyaları vasitəsilə distant həyata keçirən və gəlirini xarici mənbələrdən əldə edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs hesab ediləcək.
Rəqəmsal səyyahların Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi əldə etməsi üçün də yeni imkanlar yaradılır. Rəqəmsal səyyaha işgüzar səfər vizası verilərkən dəvət edən tərəfin vəsatəti və dəvətin səbəbini təsdiqləyən sənəd tələb olunmayacaq. Müvəqqəti yaşamaq üçün icazə ilə bağlı müraciət edən rəqəmsal səyyah son 6 ay ərzində xarici mənbələrdən minimum aylıq əməkhaqqının 13 misli (hazırki minimum əməkhaqqına əsasən 5200 AZN) məbləğindən az olmayan orta aylıq sabit gəlirə malik olduğunu təsdiqləməlidir.
Daimi yaşamaq üçün isə bu göstərici minimum aylıq əməkhaqqının 26 misli olaraq (hazırki minimum əməkhaqqına əsasən 10400 AZN) müəyyən edilir. Layihəyə görə, daimi yaşamaq icazəsi üçün müraciət edən rəqəmsal səyyahların hüquq və vəzifələr, eləcə də dövlət dili üzrə bilikləri yoxlanılmayacaq.
Müvəqqəti və ya daimi yaşamaq icazəsinin verilməsi üçün rəqəmsal səyyahın vergi orqanında qeydiyyata alınaraq texnologiyalar parkının rezidenti kimi müvafiq fəaliyyəti həyata keçirməsi də nəzərdə tutulur. Digər qanuna, yəni “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, rəqəmsal səyyahlar məcburi dövlət sosial sığortası ilə əhatə olunacaq.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media



































































































