Monqolustana təyyarə ilə birbaşa getmək MÜMKÜN OLACAQ

Hazırda oxunan: Monqolustana təyyarə ilə birbaşa getmək MÜMKÜN OLACAQ

639583

Azərbaycanla Monqolustan arasında beynəlxalq hava əlaqələri yaradılacaq.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

Saziş Azərbaycan Respublikası ilə Monqolustan arasında beynəlxalq hava əlaqələrinin yaradılması, razılaşdırılmış marşrutlar üzrə sərnişin, baqaj, yük və poçt daşımalarının təşkili, habelə tərəflərin təyin etdikləri aviasiya şirkətlərinin fəaliyyətinin tənzimlənməsi üçün hüquqi əsasları müəyyən edir. Sazişə əsasən, hər bir Tərəf digər Tərəfə öz dövlətinin ərazisi üzərindən yerə enmədən uçmaq, qeyri-kommersiya məqsədləri üçün həmin ərazidə dayanmaq və Əlavədə göstərilən marşrutlar üzrə daşımaları həyata keçirmək hüquqları verir. Hər bir Tərəf razılaşdırılmış xidmətlərin yerinə yetirilməsi üçün bir və ya bir neçə aviasiya şirkətini təyin edə, təyinatı dəyişdirə və ya ləğv edə bilər.

Təyin edilmiş aviasiya şirkətlərinə razılaşdırılmış xidmətlərin yerinə yetirilməsi üçün ədalətli və bərabər imkanlar verilir. Tariflərin əsaslandırılmış səviyyədə müəyyən edilməsi və daşıma proqramlarının əvvəlcədən təsdiqə təqdim olunması nəzərdə tutulur.

Sazişdə beynəlxalq hava əlaqələrində istifadə olunan hava gəmilərinin, onların adi avadanlığının, yanacaq və sürtkü materiallarının, ehtiyatlarının və müəyyən digər malların gömrük rüsumlarından və vergilərdən azad edilməsi, habelə təyin edilmiş aviasiya şirkətlərinin satış keçirilən dövlətin ərazisində əldə etdikləri gəlirlərin xərclər çıxıldıqdan sonra qalan hissəsinin sərbəst konvertasiya olunan valyutada köçürülməsi nəzərdə tutulur.

Tərəflər mülki aviasiyanın təhlükəsizliyinə qarşı qanunsuz müdaxilə aktlarının qarşısının alınması üzrə beynəlxalq öhdəliklərini təsdiq edir və belə təhlükələr zamanı qarşılıqlı yardım göstərirlər. Sertifikatların və lisenziyaların qarşılıqlı tanınması, təhlükəsizlik üzrə məsləhətləşmələr və hava gəmilərinin perron yoxlamaları da tənzimlənir.

Sazişin Əlavəsinə əsasən, Azərbaycan tərəfinin təyin etdiyi aviasiya şirkətləri üçün Azərbaycan Respublikasında Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ və Zaqatala, Monqolustanda isə Ulan-Bator, Hovd və Çoybalsan məntəqələri müəyyən edilir. Aralıq və kənar məntəqələr sonradan müəyyən ediləcəkdir. Təyin edilmiş aviasiya şirkətlərinə blok sahəsi və ya kod-şerinq müqavilələri bağlamağa icazə verilir. 

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin