Təhdid videosu yayan tələbənin qovulması QALMAQAL yaratdı – Universitet tələsməməli idi?

Hazırda oxunan: Təhdid videosu yayan tələbənin qovulması QALMAQAL yaratdı – Universitet tələsməməli idi?

637213

Xəbər verildiyi kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbəsi sosial şəbəkədə yaydığı videoda aşağı, xüsusilə, birinci kurs tələbələrini təhqir və təhdid etdiyi iddiası ilə universitetdən kənarlaşdırlıb.

Univeristetin açıqlamasına görə, TikTok platformasında yayılan video araşdırılıb və İntizam komissiyasının qərarı ilə tələbənin nizam-intizam qaydalarını pozduğu əsas götürülüb.

O, universitetdən xaric edilib.

Təhsil müəssisəsinin açıqlamasından öncə isə Daxili İşlər Nazirliyi (DİN) tələbənin polis idarəsinə dəvət olunduğunu və onunla profilaktik söhbətlər aparıldığını və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edildiyi barədə açıqlama yayıb. Həmçinin gələcəkdə bu kimi hallara yol verməmələri barədə xəbərdarlıq olunduğu da məlumatda əks olunub.

Onlara xəbərdarlıq olunsa da, ali təhsil ocağı belə bir addım ataraq tələbəni müəssisədən kənarlaşdırıb. Bu isə cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəziləri bunun doğru olduğunu düşüsə də, bəziləri tələbəyə xəbərdarlıq edilməli olduğu qənaətindədir. Çünki təhsilverən müəssisə həm də “təhsil-tərbiyə ocağı” kimi tanınır. Bir gənc tələbəlik həyatında təkcə dərs oxumur, o, həmçinin, müəllim, professor heyəti ilə tanış olur, onların davranışları ilə formalaşır. Bir sözlə, təhsil mühitində şəxsiyyət kimi formalaşır.

Bəs hansı halda tələbə universitetdən birmənalı şəkildə kənarlaşdırıla bilər? Öncə xəbərdarlıq, islah halları olmalı deyil? Məktəb və universitetlər "tərbiyə ocağı" olduqlarını unudur, yoxsa tələbələrin öhdəsindən gələ bilmirlər?

Məsələyə münasibət bildirən təhsil sahəsi üzrə ekspert Məzahir Məmmədli Bizim.Media-ya deyib ki, istənilən bir cinayət tərkibli hadisə əvvəlcə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır, sübut olunur və təsdiqi olaraq ona uyğun da cəza kəsilir:

“Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin özlərindən aşağı kurslarda təhsil alan tələbələrə ünvanladığı təhdid dolu müraciətin sosial şəbəkələrdə yayılması ciddi rezonans doğurdu. Hər bir universitetin öz daxili intizam qaydaları var və bu qaydalar ali təhsil müəssisəsinə tələbələrlə bağlı müəyyən qərarlar qəbul etmək hüququ verir. Əgər tələbə daxili intizam qaydalarını kobud şəkildə pozubsa, onunla bağlı müvafiq tədbirin görülməsi mümkündür.

 

Lakin konkret məsələyə gəldikdə, burada kriminal elementlərin də olduğu görünür. Məsələn, yayılan müraciətdə həm oğlan, həm də qız tələbələrin digər tələbələrə fiziki şiddət göstərməsi, özlərindən aşağı kurslarda təhsil alan və ya birinci kursa yeni qəbul olunmuş tələbələr üzərində təzyiq yaratması, onlara xəsarət yetirmək, bədənlərində çapıq və izlər qoymaqla hədələməsi kimi məqamlar yer alır. Ona görə də hesab edirəm ki, universitet hüquq-mühafizə orqanlarından əvvəl belə bir qərar qəbul etməkdə tələsməməli idi.

 

Bütün hallarda daha məqsədəuyğun olardı ki, məsələ ilə bağlı ilkin araşdırmanı hüquq-mühafizə orqanları aparsınlar. Daha sonra həmin araşdırmanın nəticələrindən asılı olaraq universitet öz daxili intizam qaydalarını əsaslandıraraq tələbə ilə bağlı müvafiq qərar qəbul edə bilərdi”.

O bildirib ki, digər tərəfdən, əgər söhbət birinci kurs tələbələrinin təhdid olunmasından gedirsə və universitet bu hadisənin öz reputasiyasına mənfi təsir etdiyini hesab edirsə, həmin qərarın müəyyən əsaslarının olduğunu da söyləmək olar:

“Başqa bir məsələ isə ondan ibarətdir ki, tələbə sabah məhkəməyə müraciət edərək universitetin qərarından şikayət edə və məhkəmədə həmin qərarın hüquqi əsaslarının yetərli olmadığını sübuta yetirə bilər. Şəxs Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hər hansı məsuliyyətə cəlb olunsa belə, universitetin qəbul etdiyi qərarın hüquqi prosedurlara uyğunluğu ayrıca mübahisə predmeti ola bilər. Bu halda universitet özü də hüquqi baxımdan çətin vəziyyətə düşə bilər. Ona görə də belə həssas məsələdə bütün tərəflərin daha səbirli və ehtiyatlı davranmasına ehtiyac var idi.

Ümumilikdə nəzərə almaq lazımdır ki, bu il Azərbaycanda 65 minə yaxın birinci kurs tələbəsi ilk dəfə ali məktəblərə qədəm qoyub. Bu mərhələnin həm tələbələr, həm də onların valideynləri üçün müəyyən psixoloji gərginlik yaratması mümkündür. Bu baxımdan, birinci kurs tələbələrinin təhlükəsizliyi və universitet mühitində özlərini rahat hiss etmələri xüsusi əhəmiyyət daşıyır. Ümumilikdə isə hesab edirəm ki, məsələnin hüquq-mühafizə orqanları tərəfindən hərtərəfli araşdırılmasına ciddi ehtiyac var idi. Bundan sonra universitetin daxili intizam qaydaları çərçivəsində hansı qərarın qəbul edilməsinin daha əsaslı olduğu müəyyənləşdirilə bilərdi.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin