Yardımlıda arxeoloji qazıntı zamanı gənc insana aid sümüklər aşkarlandı – FOTO

Hazırda oxunan: Yardımlıda arxeoloji qazıntı zamanı gənc insana aid sümüklər aşkarlandı – FOTO

634842

Yardımlı rayonunda arxeoloji qazıntılar zamanı cavan insana aid olduğu ehtimal edilən insan sümükləri aşkarlanıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşlarının apardığı tədqiqatlar rayonun yüksək dağlıq ərazisində yerləşən Ögü kurqanında həyata keçirilir.

12 nəfərlik arxeoloji heyət qazıntılara avqustun sonlarından başlayıb.

Təxminən 40 santimetr dərinlikdə insan skeleti ilə yanaşı saxsı qab fraqmentləri də üzə çıxarılıb. Ərazidə daşdan hazırlanmış əmək aləti və ritual xarakterli olduğu ehtimal edilən nazik daş lövhə də tapılıb.

Arxeoloqların ilkin qənaətinə görə, kurqan e.ə. IX-X əsrlərdə də istifadə olunub. Antropoloji araşdırmalar zamanı aşkarlanan sümüklərin cavan insana, ehtimal ki, qadına aid olduğu bildirilib. Sümüklərin və kəllənin bərpasından sonra daha dəqiq nəticələrin əldə ediləcəyi gözlənilir.

Tədqiqatçılar insan qalıqlarında diş daşı və fiziki stress markerlərinin olduğunu bildirirlər. Bu əlamətlərin həmin şəxsin dağlıq ərazidə intensiv hərəkət etdiyini göstərə biləcəyi qeyd olunur.

Ögü kurqanı yüksək dağlıq ərazidə tədqiq olunan ilk iri ölçülü kurqanlardan biridir. Ətraf ərazidə bu tipli daha 10-a yaxın kurqan qeydə alınıb.

Arxeoloji qazıntıların davam etdirilməsi nəticəsində bölgədə Son Tunc və Erkən Dəmir dövründə yaşamış tayfaların dəfn adətləri, məişəti və həyat tərzi barədə yeni məlumatların əldə olunacağı gözlənilir.






Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin