Avqustun 12-də ilin ikinci Günəş tutulması başlayıb. Bu, tam Günəş tutulmasıdır. Tutulma 2008-ci il avqustun 1-də baş vermiş tam Günəş tutulmasının təkrarıdır. Buna oxşar növbəti tutulma isə 2044-cü il avqustun 23-də baş verəcək.
Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından Bizim.Media-ya bildirilib ki, qismən tutulma saat 19:34-də başlayıb və saat 23:57-də sona çatacaq.
Tutulma hadisəsi təxminən 4 saat 24 dəqiqə davam edəcək. Tutulmanın maksimumu saat 21:46-ya təsadüf edəcək.
Mərkəzi tutulma saat 20:57-də başlayacaq və saat 22:30-da başa çatacaq. Tam tutulma zamanı Ayın kölgə konusu Yer səthini kəsir (Ay Yerə kifayət qədər yaxın məsafədə olur və Günəşi tamamilə örtür). Ayın kölgəsinin orta uzunluğu 373 min 320 kilometrdir. Bu gün isə Yer və Ay arasındakı məsafə 359 min 445 kilometr təşkil edir. Bu halda Ayın görünən diametri Günəş diskinin görünən diametrindən 1,0386 dəfə böyük olur.
Tutulma hadisəsi Şimali Amerikanın şimalında, Afrikanın şimali-qərbində, Avropada müşahidə olunur. Tam tutulma isə yalnız Qrenlandiya, İslandiya, Portuqaliya, İspaniyada və Rusiyanın Krasnoyarsk şəhərində müşahidə olunacaq. Tam tutulma maksimum 2 dəqiqə 18 saniyə davam edəcək. Tutulma hadisəsi Azərbaycan ərazisindən müşahidə olunmur.
Bizim.Media
































































































