İnsan ömrünün dəyəri illərin sayında deyil, o illərdə qoyduğu izdədir. Bəzən bir insanın həyat yoluna baxanda qarşısında sadəcə keçilmiş illəri deyil, toxunduğu insanların taleyini, gördüyü işləri, qoruduğu dəyərləri və yaratdığı mənəvi sərvəti görürsən. Əlibala Məhərrəmzadənin 50 illik ömrünə nəzər salanda mənim gördüyüm də məhz budur – bir insanın illər boyu yaratdığı iz və ətrafına saçdığı işıq.
Bizim tanışlığımızın elə də böyük tarixi yoxdur. Təxminən beş il əvvəl, “Atabəylər” bədii-sənədli filminin yaradıcı qrupunun Naxçıvana səfəri zamanı tanış olduq.
Amma bu beş il mənə bəzən beş onillik qədər uzun, doğma və mənalı görünür. Çünki bəzi dostluqları təqvim yox, insanın insana münasibəti, hörmət və səmimiyyəti müəyyən edir.
Bəzən insan həyatına daxil olan adamın nə vaxt dostuna çevrildiyini özü də hiss etmir. Bir gün görürsən ki, artıq onunla sadəcə söhbət etmirsən, onunla düşüncələrini, narahatlıqlarını, sevincini bölüşürsən. Əlibala müəllimlə münasibətimdə də belə oldu.
Bu gün onun 50 illik yubileyi münasibətilə haqqında düşünərkən qarşıma sadəcə bir yubilyarın bioqrafiyası çıxmır. Qarşıma öz ömrünü müxtəlif istiqamətlərdə Azərbaycan adına sərf etməyə çalışan bir ziyalının, bir insanın, bir dostun portreti çıxır.
Əlibala Məhərrəmzadə iqtisad elmləri doktoru, professor, auditor, yazıçı, peşəkar maliyyəçi və iş adamıdır. Milli Məclisin VII çağırış deputatıdır, Azərbaycan-Ukrayna Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəridir. Lakin bütün bu titulların və vəzifələrin arxasında daha mühüm bir məqam var: insan olmaq və insan qalmaq.
Roma filosofu Mark Avrelin belə bir fikri var: “İnsan özünə deyil, cəmiyyətə xidmət etmək üçün yaradılıb.” Əlibala Məhərrəmzadənin həyat yoluna baxanda bu fikrin mənasını onun fəaliyyətinin müxtəlif istiqamətlərində görmək mümkündür. Çünki onun üçün uğur yalnız öz adına yazılan nailiyyət deyil. Dövlətə, cəmiyyətə, insanlara, milli dəyərlərə fayda vermək də uğurun ən mühüm ölçülərindəndir.
Əlibala müəllim Qubanın ən hörmətli şəxsiyyətlərindən olan Səttar müəllimin ailəsində dünyaya göz açıb. İnsanın haradan gəldiyi onun kimliyinin mühüm hissəsidir. Ailə tərbiyəsi, ata ocağından gələn dəyərlər, insanlara münasibət, Vətənə bağlılıq – bütün bunlar sonralar xarakterə çevrilir. Əlibala müəllimin bu gün daşıdığı milli duyğularda, insanlara münasibətində və həyat mövqeyində həmin məktəbin izlərini görmək çətin deyil.
Onu yaxından tanıyanlar bilir ki, Əlibala müəllim Azərbaycan tarixini, mədəniyyətini, milli dəyərlərini və ənənələrini ürəkdən sevən insanlardandır. Bu sevgi onun üçün sadəcə söz deyil. O, milli yaddaşın qorunmasını, tarixin gələcək nəsillərə çatdırılmasını, Azərbaycanın mənəvi sərvətlərinin yaşadılmasını əməli fəaliyyətinin bir hissəsinə çevirib.
Xüsusilə Azərbaycan tarixindən bəhs edən tarixi-bədii və bədii-sənədli filmlərin hazırlanmasında göstərdiyi xidmətlər diqqətəlayiqdir. Bu gün Memar Əcəminin 900 illik yubileyi münasibətilə hazırlanan bədii-sənədli filmin ərsəyə gəlməsinə göstərdiyi yaradıcı dəstək də onun milli-mədəni irsimizə münasibətinin daha bir ifadəsidir.
Çünki tarix yalnız kitablarda yaşamır. Tarix həm də yaddaşda, sənətdə, kinoda, sözdə yaşayır. Onu gələcək nəsillərə çatdırmaq üçün isə təkcə bilmək kifayət etmir – sevmək lazımdır. Əlibala müəllimin fəaliyyətində mən bu sevgini hiss edirəm.
Onun yaradıcılıq dünyası da kifayət qədər rəngarəngdir. “Xocalı soyqırımı”, “Prezident İlham Əliyevin iqtisadi və siyasi strategiyası”, “Azərbaycanda biznes planının tədqiqi nəzəriyyəsi”, Milli Qəhrəman Mübariz İbrahimovdan bəhs edən “Müqəddəsliyə aparan yol”, “Mələyin təbəssümü”, rus dilində dərc olunan və Rusiya ilə Ukraynada da oxucu auditoriyası qazanan “Bakı üçbucağı”, “Çovdar çörəyi” romanı, “Ev tapşırığı.
Uğur düsturunu öyrənəcəyik” kimi kitabları onun düşüncə dünyasının müxtəlif istiqamətlərini göstərir.
Bir tərəfdə iqtisadçı-alim, professor, maliyyəçi və biznesmen Əlibala Məhərrəmzadə varsa, digər tərəfdə tarixə, ədəbiyyata, kinoya və insan talelərinə maraq göstərən yazıçı Əlibala Məhərrəmzadə var. Məncə, onu fərqləndirən də elə bu çoxşaxəlilikdir.
O, milli sahibkar kimi də özünəməxsus yol keçib. Müxtəlif milli istehsal brendlərinin yaradılmasında iştirak edib, minlərlə insan onun müəssisələrində çalışıb. Sahibkarlığı yalnız qazanc vasitəsi kimi deyil, həm də insanlara iş, cəmiyyətə fayda yaratmaq imkanı kimi görməsi onun fəaliyyətinin mühüm cəhətlərindəndir.
İnsanın yaratdığı müəssisələrin sayı, qazandığı uğurlar, sahib olduğu titullar haqqında çox danışmaq olar. Amma ən qiymətli nəticə bəzən statistik rəqəmlərdə deyil. Bir insanın qurduğu iş yerindən çörək aparan ailələrdə, gələcəyinə ümid qazanan gənclərdə, özünü reallaşdırmaq imkanı tapan insanlarda görünür.
Əlibala müəllimin Azərbaycan-Ukrayna münasibətlərinə verdiyi töhfələr də ayrıca qeyd olunmalıdır. Uzun illər ərzində iki ölkə arasında siyasi, iqtisadi-ticarət və mədəni əlaqələrin inkişafına mühüm töhfə verib. Bu istiqamətdəki fəaliyyəti onun Azərbaycanı beynəlxalq müstəvidə layiqincə təmsil etmək məsuliyyətinin göstəricisidir.
Bu gün Azərbaycan-Ukrayna Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupuna rəhbərlik etməsi də onun uzun illər ərzində bu istiqamətdə topladığı təcrübənin məntiqi davamıdır.
Qubaya bağlılığı isə tamam başqa bir mövzudur. Zəng edəndə çox vaxt doğma Qubada olduğunu, seçicilərinin yanında, onların qayğılarının içində olduğunu eşidirsən. Məncə, deputatlıq fəaliyyətinin ən mühüm tərəflərindən biri də budur: insanlardan uzaqlaşmamaq. Çünki seçicinin səsini eşitmək üçün yalnız parlament tribunasından danışmaq kifayət deyil. Bəzən onun yanında olmaq, dərdini dinləmək, problemini öz problemin kimi qəbul etmək lazımdır.
Əlibala müəllim ailədə də, cəmiyyətdə də böyük nüfuza malikdir. Onu sevdirən xüsusiyyətlərindən biri isə səmimiyyəti və güclü yumor hissidir. Bəzən bir kofe, bir çay ətrafında saatlarla maraqlı söhbət etmək mümkündür. Danışdıqca insanı özünə çəkən bir ünsiyyət tərzi var. Sözlərində həm həyat təcrübəsi, həm müşahidə, həm də özünəməxsus yumor hissi duyulur.
Elə insanlar var ki, onlarla söhbət etdikcə saatın necə keçdiyini hiss etmirsən. Əlibala müəllim də həmin insanlardandır. Onunla söhbətdə bəzən bir mövzudan digərinə keçirsən, tarixdən ədəbiyyata, siyasətdən həyata, biznesdən insan talelərinə qədər uzanan bir fikir yolu yaranır. Və söhbətin sonunda hiss edirsən ki, sadəcə vaxt keçirməmisən, nəsə öyrənmisən, nəyinsə üzərində yenidən düşünmüsən.
O, xüsusən gəncləri və onların gələcəyini düşünən insanlardandır. Problemlərin qarşısından çəkilməyi sevmir. Əksinə, çətin məsələlərin üzərinə getməyi, onların həllinə çalışmağı üstün tutur.
Mənim üçün əsl ziyalılığın ölçüsü də elə budur: ziyalı xalqı narahat edən məsələlərdən narahat olmalıdır. Sadəcə müşahidə etməməli, bacardığı qədər həllinə çalışmalıdır. Əlibala müəllimdə bu məsuliyyət hissini görmək mümkündür.
Onun ədəbi-mədəni mühitə münasibəti də bu baxımdan xarakterikdir. Dəfələrlə ədəbi-mədəni tədbirlər, kitab müzakirələri, şair və yazıçılarla görüşlər təşkil edib. Ədəbiyyatın, kitabın, yaradıcı insanların yanında olmağı vacib sayıb. Bu gün sürətlə dəyişən dünyada kitaba və söz adamına verilən hər bir dəstək, əslində, milli düşüncəyə verilən dəstəkdir.
Əlibala müəllimin Naxçıvana münasibəti isə mənim üçün ayrıca doğmadır.
Onun Naxçıvana tez-tez qonaq gəlməyi var. Həmişə deyir ki, “Naxçıvan ruhu olan şəhərdir.” Bu söz onun dilində sadə bir ifadə kimi səslənmir. Sanki Naxçıvanın daşına, torpağına, tarixinə hopmuş ruhu hiss edərək danışır.
Ulu öndər Heydər Əliyevin vətəni olan Naxçıvan onun üçün Əshabi-Kəhfin ruhudur, Əcəmi yadigarıdır, Yusif Məmmədəliyev kəşfidir. Bu qədim diyar onun təsəvvüründə həm də Azərbaycanın dövlətçilik tarixinin, elm və mədəniyyətinin, mənəvi yaddaşının böyük səhifələrindən biridir.
Bəlkə də elə buna görə Naxçıvanla bağlı söhbətlərimiz həmişə başqa ovqatda keçir. Çünki bəzi şəhərləri insan sadəcə görür, bəzilərini isə hiss edir. Əlibala müəllim Naxçıvanı hiss edən insanlardandır.
O, Ulu öndər Heydər Əliyevin siyasi irsinə və Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasi xəttə sadiqliyini öz fəaliyyətində nümayiş etdirən insanlardandır. Yeni Azərbaycan Partiyasının ideallarına bağlılığı da onun ictimai-siyasi fəaliyyətinin istiqamətlərindən biridir.
Amma bütün bunların fövqündə mənim üçün onun başqa bir xüsusiyyəti dayanır: çətin günlərin dostu olması.
Dostluq haqqında çox söz deyilib. Siseronun bir fikri var: “Dostluq həyatın ən böyük nemətidir.”
Məncə, bu sözün həqiqi mənasını insan məhz həyatın çətin məqamlarında anlayır. Çünki xoş günlərdə yanında olanların sayı çox ola bilər. Amma dar gündə yanında qalanların sayı azalır. Əsl dost da məhz o zaman görünür.
Əlibala müəllim çətin günlərin dostudur.
Ayağın büdrəsə, əminliklə sənə uzanan bir əl görürsən. O əl Əlibala müəllimin əlidir.
Bu, sadəcə gözəl bir ifadə deyil. Dostluğun, sədaqətin və insanlığın mənasını mən onun davranışında görmüşəm.
İnsan haqqında çox söz demək olar. Onun vəzifələrini, titullarını, qazandığı uğurları sadalamaq olar. Amma insanı əslində çətin gündə tanıyırsan.
Bəlkə də insan haqqında yazının ən doğru cümləsi budur: Sən onun yanında necə hiss edirsənsə, o insan sənin üçün elədir.
Əlibala müəllimin yanında isə özünü dost yanında hiss edirsən.
Bəzən insan haqqında yazmaq çətin olur. Çünki yazdığın adam haqqında çox şey söyləmək istəyirsən və sözlər bir-birinə qarışır. Bir tərəfdə alim, professor, yazıçı, biznesmen, deputat, ictimai-siyasi xadim dayanır. Digər tərəfdə isə bir fincan çay süfrəsində səninlə həyat haqqında danışan, zarafat edən, dostunun dərdini öz dərdi kimi qəbul edən sadə və səmimi insan.
Mən Əlibala Məhərrəmzadəni daha çox ikinci tərəfi ilə sevirəm.
Çünki insanı ucaldan yalnız tutduğu vəzifə deyil. İnsan özündən sonra nə qoyub getdiyi ilə ölçülür: yetişdirdiyi insanlar, dəstək olduğu gənclər, yaratdığı iş yerləri, yazdığı kitablar, qoruduğu dəyərlər, yaşatdığı tarix, qurduğu dostluqlar və ən əsası – yaxşılıq etdiyi insanlar.
Əlibala müəllimin 50 illik ömür yoluna baxanda bütün bunları görmək mümkündür.
Əlli yaş insan ömründə sadəcə bir rəqəm deyil. Bu, geridə qalan illərin, qazanılan təcrübənin, keçilən yolların və qarşıda görüləcək işlərin bir növ hesabatıdır. Əlibala Məhərrəmzadə isə hələ yolun ortasındadır.
Qarşıda onu yeni kitablar, yeni layihələr, yeni ideyalar, yeni dostluqlar və doğma el-obamız üçün görüləcək çoxlu işlər gözləyir.
Əziz Əlibala müəllim!
50 yaşınız münasibətilə Sizə ən böyük arzum budur ki, bu gün ətrafınızda olan doğmalarınızın, dostlarınızın, həmkarlarınızın və sizi sevən insanların səmimiyyətini ömrünüzün bütün sonrakı illərində də hiss edəsiniz.
Qoy yazdığınız hər kitab, başladığınız hər iş, verdiyiniz hər dəstək, bir gəncin yoluna işıq salan hər addım, Azərbaycan adına etdiyiniz hər xidmət ömrünüzün mənalı səhifələrinə çevrilsin.
Qoy yolunuzdan keçən insanlar Sizi yalnız bir professor, yazıçı, deputat, iş adamı və ya ictimai xadim kimi deyil, yaxşı insan kimi xatırlasınlar.
Və nə vaxtsa yenə bir fincan kofe və ya çay ətrafında uzun-uzadı söhbət edərkən, geriyə baxıb “Yaxşı ki, bu yolları keçmişik” deyə biləcəyimiz daha çox illərimiz olsun.
50 yaşınız mübarək, Əlibala müəllim!
Sizə sağlam, mənalı, uğurlu və uzun ömür arzulayıram. Qoy qəlbinizdəki Azərbaycan sevgisi, insanlara olan inamınız, dostlarınıza olan sədaqətiniz və doğma Qubaya, Naxçıvana, Qarabağa, Odlar Yurdunun tarixinə və mədəniyyətinə bağlılığınız heç vaxt azalmasın.
Bəzi insanlar 50 yaşını yaşamır, 50 illik bir ömrün izini yaradırlar. Əlibala Məhərrəmzadə də belə insanlardandır.
Hörmətlə, Sahil Tahirli



























































































