Qaxda gənc oğlan kosmetika mağazasında insident törədib.
Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən kosmetika mağazasında qeydə alınıb.
İttiham aktına görə, 30 yaşlı Sahib Mirzəzadənin (şərti adla) adı çəkilən mağazada işləyən satıcı xanımdan xoşu gəlib. O, qızı çölə çağırıb söz demək istəsə də, satıcı xanım ona məhəl qoymayıb. Bundan hiddətlənən Sahib qızı nalayiq ifadələrlə təhqir edib.
Bu zaman qızın əlindəki elektrik çaydanı yerə düşüb. Sahib çaydana təpiklə vurub və əşya qapıya dəyərək, dayanıb. Sonrakı zərbədə isə hissələrə parçalanıb və satıcı xanımla yanaşı mağazada olan başqa 2 xanıma da dəyib. Nəticədə xanımlar yüngül xəsarət alıblar.
Faktla bağlı Sahib Mirzəzadə polis tərəfindən saxlanılaraq, barəsində cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu deyib.
Zərərçəkən satıcı qız isə Sahibin onu nəinki işdə, hətta evlərində olanda da narahat etdiyini deyib. Belə ki, Sahib gecə saatlarında zərərçəkənin yaşadığı evin yaxınlığına gələrək pəncərəyə daş atırmış.
Məhkəmənin qərarı ilə S. Mirzəzadə aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla, 6 aylıq islah işləri cəzasına məhkum edilib.
Bizim.Media









































































































