Sumqayıt şəhərində 23 yaşlı oğlan dəniz sahilində qeyri-rəsmi münasibətdə olduğu qıza xəsarət yetirib.
Bizim.Media Demokrat.az-a istinadən xəbər verir ki, hadisə Xəzər dənizinin Sumqayıt şəhərinin 6-cı mikrorayon ərazisinə düşən hissəsində, dəniz sahilində baş verib.
2003-cü il təvəllüdlü Fərhad həmin yerdə gecə saatlarında qısqanclıq zəminində qeyri-rəsmi münasibətdə olduğu Turanə (adlar şərtidir – red.) ilə mübahisə edib. Mübahisə zamanı o, Turanənin başına, sifətinə və qollarına əl zərbələri endirərək ona müxtəlif xəsarətlər yetirib.
İş üzrə ifadə verən Fərhad bildirib ki, Turanə ilə 2026-cı ilin yanvar ayında tanış olub və aralarında sevgili münasibəti yaranıb:
“Son zamanlar Turanənin mənə xəyanət etdiyini öyrəndim və içimdə qısqanclıq hissi baş qaldırdı. Bu barədə Turanə ilə görüşərək məsələni aydınlaşdırmaq istəsəm də, o, mənimlə görüşmədi.”
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən əvvəl, saat 23:40 radələrində idarə etdiyi avtomobillə Turanənin yaşadığı binanın qarşısına gəlib:
“Turanəyə zəng etsəm də, telefonuma cavab vermədi. Sonra ona mesaj yazaraq münasibətimizi normal qaydada bitirməyi təklif etdim və mədəni şəkildə danışacağımızı bildirərək məni aşağıda gözlədiyini, gəlməsini xahiş etdim. Bir qədər sonra Turanə gəldi. Ondan avtomobilə əyləşməsini və söhbət etməyimizi xahiş etdim. Turanə avtomobilə əyləşdi. Daha sonra avtomobili Sumqayıt şəhərində yerləşən 'Dörd qardaş' restoranının aşağı hissəsindəki dəniz sahilinə sürərək sakit bir yerdə saxladım.
Biz avtomobildən düşərək söhbət etməyə başladıq. Ondan mənə niyə xəyanət etdiyini soruşdum. Turanə mənim ünvanıma nalayiq ifadələr işlətdi və məni əsəbiləşdirdi. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı Turanə mənə əl-qol atmağa başladığından əsəbiləşərək onun sifətinə şillə ilə güclü zərbə vurdum.”
Təqsirləndirilən şəxsin sözlərinə görə, Turanə ona hücum etmək istədiyi üçün onu sakitləşdirmək məqsədilə saçından tutub və başına bir dəfə əli ilə vurub:
“Həmçinin qollarından tutaraq sakit olmasını tələb etdim. Bir qədər belə mübahisə etdikdən sonra onu sakitləşdirdim. Sonra özümün də səhv etdiyimi anladım və yenidən avtomobilə minərək bir qədər şəhərdə gəzdikdən sonra onu yaşadığı binanın qarşısına gətirdim.”
Zərərçəkmiş Turanə isə ifadəsində bildirib ki, Fərhadla 2026-cı il yanvarın 15-də tanış olub və həmin vaxtdan qeyri-rəsmi münasibətdə olublar:
“Davranışlarımız və xasiyyətlərimiz uyğun gəlmədiyi üçün ondan ayrılmaq istədim. Bu barədə özünə də bildirdim. Fərhad məndən ayrıla bilməyəcəyini deyərək məni mütəmadi narahat edirdi. Hadisə günü evə gəldim. Evdə olduğum zaman Fərhad mənə mesaj yazaraq söhbət edib münasibətimizi mehribancasına bitirməyi təklif etdi. Məni həyətdə gözlədiyini bildirdi. Mən həyətə düşdüm və onunla söhbət edəcəyimi dedim. O, məni idarə etdiyi avtomobilə əyləşdirdi və Sumqayıt şəhərinin dənizkənarı ərazisinə apardı.
Dəniz sahilində, qaranlıq yerdə hər ikimiz avtomobildən düşdük. Fərhad mənə köhnə sevgilimlə görüşdüyümü, ona xəyanət etdiyimi deyərək üstümə qışqırdı və məni təhqir etdi. Mən artıq bezdiyim üçün 'Əcəb etmişəm' deyərək cavab verdim. Bundan sonra Fərhad qəflətən sifətimə güclü zərbə vurdu, daha sonra isə yumruqla başımın arxa hissəsinə vurdu. Qollarımdan tutaraq sıxmağa başladı, həmçinin saçımdan yoldu.
Mən ona fiziki müqavimət göstərdiyimdən bir qədər sakitləşdi. Həmin vaxt soyuqdan titrədiyim üçün yenidən avtomobilə əyləşdim və avtomobildə də mübahisəmiz davam etdi. Daha sonra məni yaşadığım binanın qarşısına gətirib düşürdü. Əvvəlcə şikayət etməyi düşünmədim. Lakin ertəsi gün Fərhad yenidən məni narahat etdiyindən hüquq-mühafizə orqanlarına müraciət edərək şikayət etdim.”
Bu işə Sumqayıt Şəhər Məhkəməsində baxılıb.
Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Zərərçəkmiş də ona qarşı şikayətini geri götürüb.
Məhkəmənin hökmü ilə Fərhad barəsində olan cinayət təqibinə xitam verilib. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən o, cinayət məsuliyyətindən azad edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:27 / 06.08.2026
Sumqayıtda gecə saatlarında çimərlikdə qadın döyüldü— Təfərrüat
Hazırda oxunan: Sumqayıtda gecə saatlarında çimərlikdə qadın döyüldü— Təfərrüat
Hazırda oxunan: Sumqayıtda gecə saatlarında çimərlikdə qadın döyüldü— Təfərrüat
629659
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































