Xəbər verdiyimiz kimi “Rabitəbank” "Bizim Cəbiş müəllim" filminin məşhur obrazından reklam çarxında istifadə edib.
MÖVZU İLƏ BAĞLI:
Cəbiş müəllim KREDİT reklamında – “Rabitəbank” milli irsimizi kommersiyaya necə ÇEVİRİR? – VİDEO
“Rabitəbank” tərəfindən hazırlanan reklam çarxında Cəbiş müəllim obrazından pul krediti şərtlərinin təqdimatı məqsədilə istifadə edilib. Video süni intellekt vasitələrindən istifadə edilməklə hazırlanıb və bu proses zamanı müəllif hüquqları ilə bağlı məsələlər nəzərə alınmayıb.
Bu addım isə ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub.
Beynəlxalq Türk Müəllifləri Birliyi (BEYTÜM) də məsələyə etirazını bildirib. Birliyin rəhbəri Xəyal Rza milli-mənəvi dəyərlərin kommersiya məqsədləri üçün istifadəsi zamanı müəllif hüquqları və etik məsələlərin nəzərə alınmasının vacibliyini vurğulayıb.
Məsələyə "Cəbiş müəllim" obrazı ilə milyonların sevgisini qazanan Xalq artisti Süleyman Ələsgərovun qızı Sevil Ələsgərova da münasibət bildirib. O, Bizim.Media-ya açıqlamasında atasının yaratdığı unudulmaz obrazın bu şəkildə kommersiya məqsədləri üçün istifadəsini ürəkağrısı ilə qarşıladığını deyib.
Sevil Ələsgərovanın sözlərinə görə, sözügedən reklam çarxı hazırlanmazdan əvvəl “Rabitəbank” tərəfindən onlarla heç bir əlaqə saxlanılmayıb və obrazın istifadəsi ilə bağlı hər hansı razılıq alınmayıb:
"Atam ömrünü aktyorluq sənətinə həsr etmiş bir sənətkar idi. Onun yaratdığı Cəbiş müəllim obrazı isə illər keçsə də, insanların yaddaşında yaşayır. "Bizim Cəbiş müəllim" də bizim milli sərvətimizdir. Belə bir əsərin və onun obrazlarının pul qazanmaq məqsədilə reklama çevrilməsi məni çox məyus etdi. “Rabitəbank”ın bu addımını pisləyirəm. Bu, təkcə müəllif hüquqları məsələsi deyil, həm də sənətkara və onun yaratdığı irsə münasibətdir", – deyə Sevil Ələsgərova bildirib.
Onun sözlərinə görə, belə hallarda müəlliflərin və onların hüquqi varislərinin razılığı alınmalı, milli mədəni irsə daha həssas yanaşılmalıdır.
Xatırladaq ki, məsələ “Rabitəbank”ın “Bizim Cəbiş müəllim” filmindəki məşhur obrazdan reklam çarxında istifadə etməsindən sonra gündəmə gəlib. Reklamda Cəbiş müəllim obrazı kredit şərtlərinin təqdimatı məqsədilə istifadə olunub.
İctimai müzakirələr zamanı bildirilib ki, obrazın arxasında dayanan böyük sənət irsi – Həsən Seyidbəylinin rejissorluğu, Maqsud İbrahimbəyovun ssenarisi, Süleyman Ələsgərov və Emin Sabitoğlu kimi sənətkarların yaradıcılığı dayanır. Sözügedən istifadə zamanı həmin sənətkarların ailələri və hüquqi varisləri ilə razılaşma məsələsi də suallar doğurub.
Alçina Amilqızı, Bizim.Media


































































































