Artıq avqustun son həftəsindəyik. Payızın gəlişi ilə yeni növdə meyvə və tərəvəzlərin yığımı başlayır, bu da bazarlardakı çeşidləri dəyişir. Mövsümlə əlaqədar bəzi yerli məhsulların qiymətində ucuzlaşma gözlənilsə də, mövsümü bitən məhsullarda bahalaşma baş verəcək. Bir tərəfdən, heyvandarlıq sektorundakı tənzimləmələrin də qiymətlərə necə təsir edəcəyi maraqlıdır.
Bizim.Media mövzuyla əlaqədar iqtisadçı Elçin Rəşidovun fikirlərini öyrənib.
O ilk olaraq, payızda satışa çıxarılacaq kənd təsərrüfatı məhsullarından və qiymətlərindən danışıb:
"Payız mövsümünün gəlişi ilə daxili bazarda bir sıra meyvə və tərəvəz növlərinin bolluğu gözlənilir. Üzümün bəzi növləri iyul və avqust aylarında yetişsə də, yerli sortların böyük əksəriyyəti, eləcə də bir çox digər meyvələr məhz sentyabr ayında toplanır.
Mövsümi ardıcıllığa uyğun olaraq, ilk nar sentyabrda bazara çıxır və satışı qış dövrünə qədər davam edir. Oktyabrda feyxoa və kivi, noyabrda isə heyva və xurma yığımına başlanılır. Oktyabr məhsullarının satışı noyabr, hətta dekabr aylarınadək sürür.
Havanın soyumasıyla başlaması ilə yerkökü, çuğundur və balqabaq kimi tərəvəzlər də yetişir. Kartof və soğana gəldikdə, Cəlilabadda əkilən erkən kartof apreldə, digər bəzi sortlar avqustda toplansa da, dağlıq ərazilərdə əkilən dəmyə kartof və soğan sentyabrda bazara çıxarılır. Eyni zamanda kələm, gül kələmi və brokkoli kimi tərəvəzlər də bu dövrdə bollaşır".
"Bəzi tərəvəzlər ucuzlaşacaq, bəziləri isə bahalaşacaq".
"Təklifin artması hesabına sentyabrın ilk həftələrindən etibarən üzüm, alma, armud və mövsümi tərəvəzlərin qiymətində ucuzlaşma müşahidə olunacaq. Bu, hər il təkrar olunan təbii mövsümi tendensiyadır. Lakin məhsulun bazara çıxması avtomatik olaraq bütün qiymətlərin düşməsi anlamına gəlmir. İxrac potensialı yüksək olan məhsulların böyük hissəsi xarici bazarlara yönəldildiyi üçün onların daxili qiymətlərində kəskin enmə baş verməyə bilər.
Eyni zamanda, yay mövsümünə aid bostan məhsulları, eləcə də şaftalı və gavalı kimi meyvələr artıq tükəndiyi üçün onların qiyməti yüksələcək. Pomidor, xiyar və bibər kimi tərəvəzlərin də istehsalı azaldıqca qiymətlərində artım olacaq".
Elçin Rəşidov təkcə meyvə-tərəvəz yox, heyvandarlıq məhsullarının qiymətlərində gözlənilən dəyişikliklərdən də danışıb:
"Yumurta istehsalı yazda pik həddə çatır, yayda azalır, payızda isə yenidən bir qədər bərpa olunur. Bu səbəbdən payız aylarında heyvandarlıq məhsullarının qiymətində ya sabitləşmə, ya da cüzi azalma olacağı ehtimal edilir",-deyə müsahibimiz qeyd edib.
Nəzrin Mirzəyeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:00 / 26.08.2026
Payız gəlir, qiymətlər dəyişir - Süfrəmizdə ucuzluq, yoxsa bahalaşma olacaq?
Hazırda oxunan: Payız gəlir, qiymətlər dəyişir - Süfrəmizdə ucuzluq, yoxsa bahalaşma olacaq?
Hazırda oxunan: Payız gəlir, qiymətlər dəyişir - Süfrəmizdə ucuzluq, yoxsa bahalaşma olacaq?
632979
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































