Torpaq sahələri ilə bağlı YENİLİK – Qanun dəyişir

Hazırda oxunan: Torpaq sahələri ilə bağlı YENİLİK – Qanun dəyişir

618890

Dövlət mülkiyyətində olan əmlakın (o cümlədən dövlət torpaqlarının) qarşılıqlı razılıq əsasında xüsusi mülkiyyətdə olan əmlakla, o cümlədən torpaq sahələri ilə dəyişdirilə bilməsinin hüquqi əsası yaradılacaq.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan Torpaq Məcəlləsində təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş torpağın dövlət ehtiyacları üçün alınmasına əsas verən hallar, habelə qanunla özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı və dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələri istisna olmaqla, dövlət mülkiyyətində olan əmlak, o cümlədən torpaq sahəsi qarşılıqlı razılıq əsasında xüsusi mülkiyyətdə olan əmlakla və ya torpaq sahəsi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dəyişdiriləcək.
 

Dəyişdirilən əmlakların, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi əmlakların (torpaq sahələrinin) alqı-satqısı zamanı təşəkkül tapan bazar qiyməti nəzərə alınmaqla “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçiriləcək.


Dövlət mülkiyyətində olan əmlakın, o cümlədən torpaq sahəsinin qarşılıqlı razılıq əsasında müvafiq olaraq xüsusi mülkiyyətdə olan əmlakla və ya torpaq sahəsi ilə dəyişdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Həmçinin "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna təklif edilən dəyişikliklə dövlət orqanları (qurumları) və bələdiyyələr də qiymətləndirmə fəaliyyəti üzrə sifarişçi statusu əldə edəcəklər.

Qanun qəbul edildikdən sonra dövlət mülkiyyətində olan əmlakın, o cümlədən torpaq sahəsinin xüsusi mülkiyyətdə olan əmlakla və ya torpaq sahəsi ilə dəyişdirilməsinin qaydası təsdiq ediləcəkdir.

Dəyişikliklər əmlakdan və torpaq sahələrindən daha səmərəli istifadəyə, torpaq bazarında dövriyyənin aktivləşməsinə, iqtisadi fəallığın yüksəlməsinə, dövlət və vətəndaşlar arasında qarşılıqlı razılıq əsasında daha çevik əmlak mübadiləsi imkanlarının yaranmasına, mülki dövriyyədə dövlətin digər mülki hüquq subyektləri ilə bərabər şərtlərlə iştirakının təmin edilməsinə xidmət edəcəkdir.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin