Müasir şəhər həyatı sürətlə inkişaf etdikcə insanların üzləşdiyi ekoloji problemlərin də xarakteri dəyişir. Əvvəllər daha çox hava və su çirklənməsindən danışılırdısa, indi şəhər mühitinin keyfiyyətinə təsir edən başqa amillərdə diqqər mərkəzinə gəlir.
Bir tərəfdən gecə saatlarında parlaq reklam lövhələri, binaların işıqlandırmaları və küçələrdəki güclü işıq mənbələri, digər tərəfdən isə nəqliyyat sıxlığı, tikinti işləri, əyləncə məkanları və yüksək səsli avadanlıqlar insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Bu hallar işıq və səs çirklənməsi adlandırılır.
Bəs şəhərlərdə bu problem nə dərəcədə yayılıb, onun qarşısını almaq üçün hansı qaydalar mövcuddur?
“Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinin sədri Aynurə Miriyeva mövzu ilə bağlı Bizim.Media-ya bildirib ki, paytaxt şəhərin sürətlə meqapolisə çevrilməsi səbəbilə hər iki çirklənmə növü kritik həddə çatıb:
“Hazırda bunula bağlı mövcud vəziyyəti qənaətbəxş hesab etmək olmaz. Xüsusilə Paytaxtın mərkəzi ərazilərində, xüsusən nəqliyyatın gur olduğu qovşaqlarda səs səviyyəsi beynəlxalq standartları (gündüz maksimum 50–55 dB, gecə 40–45 dB) 2-3 dəfə üstələyir. Nəqliyyat sıxlığı (70-80%), tikinti işləri və iaşə obyektlərindən gələn yüksək musiqi səsləri əsas səs mənbələridir.
Üstəlik, kosmosdan çəkilən gecə fotoşəkillərindən mühaşidə olunur ki, Bakı regionun ən parlaq nöqtələrindən biridir. Estetika xatirinə binaların yuxarıya doğru (səmaya) işıqlandırılması təbii qaranlığı yox edir. Küçələrdəki nəhəng LED ekranlar və xaotik neon reklamlar gecəni gündüzə çevirərək həm sürücülərin vizual komfortunu pozur, həm də mənzillərə daxil olaraq sakinlərin yuxu rejimini alt-üst edir”.
Ekoloqun sözlərinə görə, Azərbaycan qanunvericiliyində səs çirklənməsi konkret mexanizmlərlə tənzimlənsə də, işıq çirklənməsi sahəsində hələ də birbaşa xüsusi qanun yoxdur.
Bu normativlər dolayı yollarla tətbiq edilir:
“Belə ki, sanitariya normalarına əsasən yaşayış otaqlarında səs səviyyəsi gündüz 40–55 dB, gecə isə 30–45 dB həddini aşmamalıdır. İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə görə, gecə saat 00:00-dan səhər 7:00-dək məişət səs-küyü salmaq qanunla qadağandır və cərimə obyektidir. Eyni zamanda əsassız siqnal verən avtomobillər üçün xüsusi səs radarları tətbiq edilir.
Bundan başqa, Tikinti Normaları və Qaydalarına (TNvQ) əsasən binaların xarici işıqlarının yaşayış binalarının pəncərəsinə düşməsi məhdudlaşdırılır. Dövlət Reklam Agentliyi tərəfindən küçə monitorlarının sürücülərin gözünü qamaşdırmaması tələb olunur, həmçinin avtomobillərdə standartdan kənar parlaq ksenon/led lampaların istifadəsi qadağandır”.
A.Miriyeva sözügedən çirklənmənin insan sağlamlığına təsiri haqqında qeyd edib ki, bu problem sinir sistemi və ürək-damar xəstəliklərinə gətirib çıxara bilər:
“Hər iki çirklənmə növü insan bədənində müvəqqəti narahatlıq deyil, Ümumdünya Səhiyyə Təşkilatının (WHO) təsdiq etdiyi ciddi xroniki fəsadlar yaradır. Belə ki, yüksək səs insanlarda daimi aqressiya, narahatlıq və xroniki yorğunluq əmələ gətirir. İnsan olduğu məkandan uzaqlaşmağı düşünür. Müntəzəm səs bədəndə kortizol (stress hormonu) ifrazını artıraraq damarları daraldır, təzyiqi yüksəldir, infarkt və insult riskini kəskin çoxaldır. Zaman keçdikcə qulaqda cingilti (tinnitus) və vaxtından əvvəl karlıq yaradır. Səs-küylü yerlərdə böyüyən uşaqlarda diqqətsizlik, oxuma və yaddaş funksiyalarının zəifləməsi daha çox müşahidə olunur.
İşıq çirklənməsinin bioloji fəsadlarına gəldikdə isə süni işıqlar yuxu funksiyasını pozur, gənclik hormonunu bloklayır. Məlum məsələdir ki, daxili sabitlik pozulduqda bədən enerjini düzgün parçalaya bilmir və orqanizmdə müxtəlif xəstəliklərin yaranmasına məsələn, bioloji saatın pozulması, onkoloji risklər, diabetik xəstəliklər, göz xəstəliklərinə səbəb olur.
Problemin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Ekoloq vurğulayır ki, şəhərlərimizi daha yaşanılan etmək üçün həm dövlət, həm də fərdi səviyyədə sistemli addımlar atılmalı, beynəlxalq prinsiplərlə yanaşı, ölkəmizin daxili uğurlu təcrübələrindən də istifadə edilməlidir:
“Birləşmiş Millətlər Təşkilatının İnsan Məskənləri Proqramı tərəfindən təşkil edilən və Bakının ev sahibliyi etdiyi 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF 13) əsas devizi dayanıqlı, inklüziv və yaşıl şəhərlərin qurulması üzərində qurulub. Forum çərçivəsində səs və işıq çirklənməsi birbaşa "Şəhər sakinlərinin rifahı və ekoloji sağlamlıq" bəndi altında müzakirə olunub.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma işləri hazırda ölkəmiz üçün bu sahədə ən mükəmməl nümunədir. Həmin ərazilərdə tətbiq edilən "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrində sensorlu küçə fənərləri, intellektual işıqforlar və elektrik istehlakının ağıllı izlənilməsi sistemləri qurulub. Gecə saatlarında avtomatik sönən və ya parlaqlığı azalan ekoloji təmiz LED fənərlər sayəsində həm enerji israfının, həm də işıq çirklənməsinin qarşısı tamamilə alınır. Bu təcrübə mütləq şəkildə Bakı və digər böyük şəhərlərə də köçürülməlidir”.
Aynurə Miriyeva həmçinin şəhər əhalisinə mənzillərdə səs izolyasiyalı ikiqat yaxud üçqat pəncərələrdən, parlaq ağ işıqlar əvəzinə sirkadian ritmə zərər verməyən zəif, isti sarı çalarlı işıqlardan istifadə etməyi, yataq otaqlarında çöldən gələn süni işığı 100% kəsən xüsusi “işıqkeçirməz” pərdələr asmağı və yatmazdan 1 saat əvvəl ekranları (mavi işığı) tamamilə bağlamağı məsləhət görüb.
Xədicə Paşayeva, Bizim.Media







































































































