Stalinin qorxduğu YEGANƏ ŞƏXS - Məşədi Kazımla bağlı TARİXİ FAKTLAR

Hazırda oxunan: Stalinin qorxduğu YEGANƏ ŞƏXS - Məşədi Kazımla bağlı TARİXİ FAKTLAR

617431

“XIX əsrin sonu, XX əsrin əvvəllərində Rusiya imperiyasının kriminal aləmin şəksiz lideri Rəşid oğlu Məhərrəm idi. İlk qanuni oğrulardan biri olmaqla, o, həm həbsxanada, həm də Bakıda və Azərbaycanda kriminal aləmə nəzarət edirdi.

Onun ölümündən sonra Rusiya imperiyasının bütün ərazilərində ən tanınan kriminal liderlərindən biri Məşədi Kazım olur. Məşədi Kazım XX əsrin əvvəllərində, xüsusən Polşa, Sankt-Peterburq və Bakı cinayət aləmində iz qoymuş, dövrünün ən təhlükəli və peşəkar killerlərindən biri sayılırdı”.

Bizim.Media xəbər verir ki, bu barədə tarixçi alim, professor Zaur Əliyevin araşdırma məqaləsində qeyd olunub.

Tarixçi Məşədi Kazımla bağlı tarixi faktları bölüşüb:

“Onun adı həm çar Rusiyasının gizli polis orqanlarının hesabatlarında, həm də dövrün siyasi xadimlərinin xatirələrində keçir. Məşədi Kazım psixoloji olaraq ətrafındakı insanlarda böyük vahimə yaradan bir obraz olub. Onun haqqında xatirələrdə və ya arxiv sənədlərində fiziki gücündən çox, soyuqqanlılığı və amansızlığı vurğulanır.
 

Balaxanıda (Maştağa da deyilir) anadan olan Kazım bəyə Bakı qoçuları Məşədi deyirdilər. Çünki gənc yaşlarında ailəsi onu Məşhədə ziyarətə aparıb. Məşədi Kazım fiziki gücü, silah işlətmək bacarığı və ən əsası, heç nədən qorxmamağı ilə bütün Bakıda tanınırdı. Sankt-Peterburqun məşhur "Krestı” həbsxanasında özünə ad-san qazanan Məşədi Kazım o dövrün kriminal aləmində birinci adam hesab olunur.


O dövrün cinayət aləmində Koba yaxud "Kürən Coşka" adı ilə tanınan İosif Cuqaşvili onun adı gələndə qorxusundan o olan yerə gələ bilmirdi. Stalin cavan vaxtları Bakıda bolşevizmin təbliğatın aparmaqla yanaşı cinayət işlərilə də məşğul olurdu. Milyonçu Musa Nağıyevin oğurlanması, poçt qatarlarının və neft mədənlərinin soyulması kimi işlərlə Stalinin dəstəsi məşğul olurdu. Əlbəttə, bu Bakıda söz sahibi olan qoçuların xoşuna gəlmirdi. Lakin onlar tutarlı səbəb tapa bilmirdilər ki, gürcü balasının ayağını Bakıdan kəssinlər.

Məşədi Kazım bunu eşidir və gürcü oğrusunu öldürmək qərarına gəlir.

1908-ci ildə o, Stalini öldürmək üçün "Krestı" həbsxanasından Bakındakı Bayıl qazamatına sürgün edilmişdi. İosif Cuqaşvili həmin vaxt cəzasını Bakıda çəkirdi. O, həbsxana həyətində gəzəndə Məşədi Kazım ona yaxınlaşır və anbarın arxasına aparır. O, dövrdə həmin həbsxanada siyasi fəaliyyətinə görə cəza çəkən Məhəmməd Əmin Rəsulzadə də olur. O, görür ki, ikisi anbarın arxasına keçir, onların ardınca gedir.

Məşədi Kazım Stalini hündür divara sıxıb, ona bıçaq zərbəsi endirmək istəyir. Özünü çatdıran Rəsulzadə qatilin əlindən dartır. Hansı ki, həbsxanada onun əlindən tutmaq həddindən artıq böyük cəsarət idi.

— Sənə nə lazımdır? — deyə təəccüblənmiş Məşədi Kazım Rəsulzadəyə müraciət edir.

Onlar bir qədər kənara çəkilirlər, bu vaxt isə qorxudan yarıcan olmuş Stalin divar boyu aşağı sürüşürdü. Rəsulzadə killeri Stalini öldürməməyə razı salmağa çalışır, ona pul təklif edir.

Məşədi Kazım nə deyəcəyini bilmir, söz tapmır. O, Rəsulzadə haqqında, onun dissidentliyi və siyasi fəaliyyəti barədə eşitmişdi, Ona görə də, onun xətrinə Stalinə üz tutaraq deyir:

- Bu dəfə bu gürcünün bəxti gətirdi, gələn dəfə gözümə görünmə! Mən bir dəfə deyirəm, təkrar etməyəcəyəm! — Məşədi Kazım bütün bunları birnəfəsə deyib, sonra bir kölgə kimi yox olur.

Nəticədə Stalinin həyatı xilas olur...

Rəsulzadənin xatirələrində dediyi kimi, onun "gözlərinin alışıb yanması və meyit qoxusunun gəlməsi"ni görən Stalin anlamışdı ki, Məşədi Kazım ikinci dəfə onu görsə, öldürəcək. Buna görədə Rəsulzadə Stalini götürüb Novxanıya aparır və atası Hacı Ələkbərlə birgə Stalini çox yaxşı qarşılayırlar.

Rəsulzadənin anası Maral xanım “biğl dost” dediyi Stalin üçün yemək hazırlığı görür. Bir gecə onlarda qalan Stalini səhər Bakıdan yola salmaq istəyən zaman görür ki, kəndə gələn qoçunun qohumları onları axtarır. Hacı Ələkbər "Məscid Allahın evidir, yəqin, qonağı orada gizlətsək, onu tapmazlar” deyib Stalini Şah Sultan Hüseyn” məscidinə gətirir. Onu moizə oxuduğu minbərin altında gizlədir və bir neçə gündən sonra gizli yolla Bakıdan çıxardırlar.

Məşədi Kazımın sonrakı taleyi haqqında dəqiq arxiv sənədləri olduqca azdır.
 

Lakin 1917-ci ildə onun azadlığa çıxdığı ehtimal olunur. Bəzi mənbələrin yazdığına görə, Məşədi Kazım Sovet hakimiyyətinin ilk illərində Bakıda köhnə qoçularla insident və ya bolşeviklərin təmizləmə əməliyyatları zamanı öldürülüb.


Məşədi Kazım qarşısında düşdüyü o rəzil, aciz və qorxmuş vəziyyət Stalinin ən böyük psixoloji kompleksinə çevrildi. O, sonralar böyük bir imperiyanın rəhbəri olanda belə, kiminsə onun Bakı həbsxanasında bir qoçunun qarşısında qorxudan tir-tir əsdiyini, divardan aşağı sürüşdüyünü bilməsini istəmirdi. Ona görə də bu hadisəni bilənlərin əksəriyyəti qətlə yetirildi”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin