5 İyun – Dünya Ətraf Mühitin Mühafizəsi Günü: Tullantıya problem kimi yox, resurs kimi baxmağın vaxtıdır

Hazırda oxunan: 5 İyun – Dünya Ətraf Mühitin Mühafizəsi Günü: Tullantıya problem kimi yox, resurs kimi baxmağın vaxtıdır

617399

Hər il 5 iyun tarixində qeyd olunan Dünya Ətraf Mühitin Mühafizəsi Günü ətraf mühitlə bağlı problemlərə diqqəti artırmaq üçün vacib fürsət yaradır. Lakin bu gün artıq yalnız ağac əkmək və ya tullantı toplamaq aksiyaları ilə məhdudlaşmır.

Dünyada əsas müzakirə mövzularından biri iqtisadi inkişafla ətraf mühitin qorunması arasında balansın necə qurulmasıdır.

Uzun illər tullantılar sadəcə utilizasiya edilməli problem kimi qəbul olunub. Son illərdə isə yanaşma dəyişir. Bir çox ölkələr tullantıları iqtisadi resurs kimi qiymətləndirməyə başlayıblar. Dairəvi iqtisadiyyat məhz bu məntiqə əsaslanır: istifadə edilmiş materialların mümkün qədər uzun müddət iqtisadi dövriyyədə saxlanılması.                    .
 

Bu gün inkişaf etmiş ölkələrdə plastik, metal, elektronika, tikinti tullantıları və hətta çirkab sular yeni məhsulların istehsalında xammal kimi istifadə olunur. Bu yanaşma həm təbii resursların qorunmasına, həm də yeni iqtisadi imkanların yaranmasına xidmət edir.


Azərbaycan üçün də bu istiqamətdə ciddi potensial mövcuddur. Xüsusilə sənaye tullantıları, istifadə olunmuş yağlar, ağac tullantıları, elektron tullantılar və tikinti materialları üzrə resurs bərpası imkanları genişdir. Bu sahələrdə yaradılacaq layihələr yalnız ekoloji deyil, həm də iqtisadi dəyər formalaşdıra bilər.                                     

Müşahidələr göstərir ki, tullantıların idarə olunmasında əsas çağırışlardan biri texnologiyadan daha çox düzgün sistemin qurulmasıdır. Ayrı toplama, çeşidləmə, logistika və bazar mexanizmləri düzgün təşkil olunmadıqda ən müasir emal texnologiyaları belə gözlənilən nəticəni vermir.                                       .
 

Bu baxımdan dövlət qurumları, özəl sektor və akademik institutlar arasında əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Ətraf mühitin qorunması artıq yalnız ekologiya sahəsinin deyil, iqtisadiyyatın, sənayenin və innovasiyanın da vacib hissəsinə çevrilib.             

      .
Eco Element MMC-də həyata keçirdiyimiz müxtəlif layihələr zamanı da görürük ki, müəssisələr arasında resurs mübadiləsi və tullantıların təkrar istifadəsi istiqamətində maraq ildən-ilə artır. Bu isə ölkədə dairəvi iqtisadiyyat modelinin inkişafı üçün müsbət siqnaldır.

Dünya Ətraf Mühitin Mühafizəsi Günü bizə bir daha xatırladır ki, gələcəyin iqtisadiyyatı daha az tullantı yaradan, resurslardan daha səmərəli istifadə edən və onların yenidən dövriyyəyə qaytarılmasını təmin edən iqtisadiyyat olacaq. Bu istiqamətdə atılan hər bir addım həm ətraf mühitin qorunmasına, həm də ölkənin davamlı inkişafına töhfə verir.

Şəhla Məmmədova, layihələr üzrə mütəxəssis, Eco Element MMC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin