Kredit götürmək istəyənlərə XƏBƏRDARLIQ

Hazırda oxunan: Kredit götürmək istəyənlərə XƏBƏRDARLIQ

612677

Azərbaycanın kredit ittifaqları sektoru 2026-cı ilin ilk rübünü ciddi maliyyə çətinlikləri ilə başa vurub. Rəsmi hesabatlara əsaslanan təhlil göstərir ki, sektor artıq mənfəət zonasından xeyli uzaqlaşıb və zərərin dərinləşməsi mərhələsinə daxil olub. Cari ilin ilk üç ayında kredit ittifaqlarının xalis zərəri illik müqayisədə  4 dəfə artıb.

Müqayisəli göstəricilər sektorda struktur problemlərinin daha da dərinləşdiyini göstərir

Belə ki, faiz və qeyri-faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməz qalsa da, əsas təzyiq ehtiyat ayırmalarının kəskin artımından qaynaqlanır. Aktivlər üzrə mümkün zərərlərin örtülməsi üçün ayrılan vəsaitin 100% artaraq 10 milyon manata çatması sektorun maliyyə nəticələrini mənfi zonaya sürükləyib.

Bu vəziyyətin yaranmasına səbəb nədir?

Məsələni Bizim.Media-ya şərh edən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, Azərbaycanda kredit ittifaqları sektorunun çətin vəziyyətə düşməsinin əsas səbəblərindən biri maliyyə resurslarının azalması və risklərin artmasıdır:

“Son illərdə Mərkəzi Bankın daha sərt monetar siyasəti, yüksək faiz mühiti və ehtiyat tələblərinin gücləndirilməsi kiçik maliyyə institutlarının fəaliyyətini çətinləşdirib.

Kredit ittifaqları əsasən bölgələrdə kiçik sahibkarlara və əhalinin banklardan kredit ala bilməyən hissəsinə xidmət edir. Amma problemli kreditlərin artması, geri ödənişlərin zəifləməsi və maliyyə ehtiyatlarının məcburi şəkildə artırılması onların likvidliyinə ciddi təzyiq yaradır. Qanunvericiliyə görə kredit ittifaqları xüsusi ehtiyat fondları yaratmalıdır və riskli kreditlər artdıqca daha çox vəsait “dondurulur”.

Digər mühüm səbəb bank sektorunun bazarda dominant mövqeyə sahib olmasıdır. Böyük banklar rəqəmsal xidmətlər və geniş maliyyə imkanları ilə müştəriləri özünə çəkir, kredit ittifaqları isə həm kapital, həm texnologiya, həm də etibar baxımından rəqabətdə geri qalır.

Nəticədə onların kredit portfeli zəifləyir və gəlirliliyi aşağı düşür.

Hesab edirik ki, sektor uzun illər kifayət qədər yenilənməyib və daha çox köhnə model üzərində fəaliyyət göstərib. İdarəetmə problemləri, zəif nəzarət mexanizmləri və məhdud maliyyə alətləri də böhranı dərinləşdirən amillər sırasındadır. Bu səbəbdən kredit ittifaqları hazırda həm maliyyə təzyiqi, həm də struktur dəyişiklikləri qarşısında qalıblar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin