Mayın ikinci yarısından etibarən havaların isinməsi və rütubətin artması ilə ağcaqanadların ilk kütləvi dalğası gözlənilir. Bu, hər il isti fəslin adi mənzərəsi kimi qəbul edilsə də, allergiyası və ya xroniki xəstəliyi olan insanlar üçün əlavə qayğı və narahatlıqdır. Çünki hər il həssas orqanizmli adamlar ağcaqanad dişləməsindən xəstəxanalıq olurlar. Allergik insanlarda dişlək yerində iri şişkinlik çox vaxt övrəyə çevrilir, nəfəs darlığına qədər nəticələnə bilər.
Amma problem təkcə allergik xəstələrdə olmur. Digər xroniki xəstələr də var ki, daha ciddi fəsadlarla qarşılaşa bilərlər.
MÖVZU İLƏ BAĞLI:
Ağcaqanadlar ən çox onları SANCIR
Həkim-terapevt Gülnar Musayeva Bizim.Media-ya bildirdi ki, şəkərli diabet xəstələri ağcaqanaq sancmalarından mütləq qorunmalıdırlar:
“Diabet xəstələrində dişləmə yerləri gec sağalır, bu müddətdə də infeksiya riski yaranır, çünki qaşımaq dəri yarasına çevrilə bilər. Bu dönəmdə xüsusi həssas yanaşmalıdırlar. Uzunqollu, uzunbalaq geyim geyinmək, ağcaqanadların ən aktiv vaxtları olan axşamüstü və gecə vaxtı açıq havada az qalmaq lazımdır. Bundan başqa, ağzıaçıq vedrə və bidonlarda su saxlamaq, nəmişlik yaratmaq olmaz, çünki belə yerlərdə çox olurlar və törəyirlər”.
Həkim diqqətə çatdırdı ki, ürək-damar xəstəlikləri, təzyiq oynaması olanlar da diqqətli olmalıdırlar. Bu xəstələrdə, ürək ritminin pozulması, stress səbəbindən immunitet zəif olur. Bundan başqa, kimyaterapiya alanlar, orqan köçürməsi edənlər də məsələyə sadə “yay hadisəsi” kimi baxmamalıdırlar.
Hər hansı narahatlıq yarananda, məsələn bütün bədənə səpki, yüksək hərarət, sağalmayan yara və s. həkimə müraciət etməlidirlər.
Qeyd edək ki, Azərbaycanda tropik ölkələrdəki kimi ağcaqanadların malyariya, denge kimi infeksiya yayması ehtimalı yoxdur. Bundan əvvəl infeksionist Mərdan Əliyev bildirmişdi ki, virusu yayan ağcaqanad növləri hazırda Azərbaycanda mövcud deyil.
Şəfiqə Şəfa, Bizim.Media









































































































