Avropada bağ mədəniyyəti ənənəvi bağçılıqdan çox fərqlənir. Əgər Azərbaycanda bağ deyəndə, kiçik təsərrüfat, yaşamaq, mövsümü keçirmək üçün normal şəraitli həyət evi düşünürüksə, Almaniyada belə deyil. Ümumiyyətlə, bizdə çoxunun qəbul edə bilməyəcəyi sərt qanunlar var.
Almaniyada bağ evi axşam saat 11-ə qədər qalıb təsərrüfatla məşğul olduğun və dincəldiyin yerdir. Amma gecəni qətiyyən bağda qala bilməzsən. Hətta buna görə böyük cərimələrlə üzləşə bilərsən.
Buna səbəb odur ki, bağ torpaqları vətəndaşa icarəyə verilir, yəni öz mülkiyyəti deyil. Ərazilərdə adekvat infrastruktur yoxdur: yaşayış sahələri üçün tələb olunan evakuasiya sistemləri, zəruri olan istilik, kanalizasiya və ya digər sistemlər yoxdur.
Adətən evinin yaxınlığında verilir ki, gecə öz ünvanına qayıda bilsin. Kiçik ev tikməyə icazə verilir, hətta günorta yorulub mürgüləyə də biləraən, lakin gecəni burada keçirə bilməzsən. Yəni “dincəldin, işlədin bəsdir, evin yaxındır, get evində yat”. Gecələmələrə icazə verilsə, yaşayış yeri qanuniləşdirilməlidir, bu da ərazilərin statusunun dəyişdirilməsini tələb edəcək.
Burada əsas məqsəd şəhər sakinlərinə şəhər mühitindən çıxmadan torpaqda işləmək, bitki yetişdirmək və təmiz havada istirahət etmək imkanı verməkdir. Sıx məskunlaşmış Avropada ərazini artırmaq sadəcə mümkün deyil - torpaq bahalı və məhduddur. Almaniya bağlarında qeyri-standart memarlıq dizaynını həyata keçirmək mümkün deyil.
Alman bağ sahələri yalnız tikinti baxımından deyil, həm də abadlıq baxımından tənzimlənir. Məsələn, ağac və kollar müəyyən edilmiş hündürlüyü (təxminən 2-2,5 m) keçməməlidir və sahənin əhəmiyyətli bir hissəsi bitki yetişdirmək üçün istifadə edilməlidir. Buna görə də, sahə tərəvəz bağı olmadan dekorativ həyətə çevrilə bilməz - kənd təsərrüfatı funksiyası prioritet olaraq qalır.
Şəfiqə Şəfa, Bizim.Media



































































































