Sevdiyi qızı qaçırdığına görə hakim qarşısına çıxarıldı

Hazırda oxunan: Sevdiyi qızı qaçırdığına görə hakim qarşısına çıxarıldı

610584

Sevdiyi qızı qaçırmaqda təqsirləndirilən İsgəndər İsgəndərov və onun tanışı Əlisaab Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media “Oxu.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş və şahid dindirilib.

Şahid Əminə Məmmədova ifadə verərək təqsirləndirilən şəxslə iş yoldaşı olduğunu bildirib:

"Təqsirləndirilən şəxs mənim iş yoldaşımdır və mənə dedi ki, sevdiyim qızı sizə gətirmək istəyirəm. Mən də razılaşdım. Təqsirləndirilən şəxs qızı mənim evimə gətirdi. Mənə bildirdi ki, bu qızla ailə qurmaq istəyirəm. Qızın üzündə hər hansı bir narazılığın olduğunu görmədim. Mən onları evdə qoyub, qapını da arxadan bağlayaraq getdim. Ancaq qapını içəridən açıb çıxmaq olur. Onlara dedim ki, evin digər açarı soyuducunun üstündədir. Qızın bədənində heç bir xəsarət görmədim".
 

Zərərçəkmiş şəxs isə - "ev sahibinin əlindən tutub dedim ki, məni burda tək qoyub getmə", - deyə bildirib.


Şahidin məhkəmədəki ifadəsi ilə istintaqdakı ifadəsi arasında ziddiyyət olduğu üçün onun istintaq dövründə verdiyi ifadəsi elan edilib.

"Onlar avtomobildən düşən kimi qızla mübahisə etdiyini gördüm. Qız mənim əlimdən tutanda - "ay mama, mənə kömək et", - dedi. İsgəndər də dedi ki, qız naz edir".

Məhkəmədə məlum olub ki, zərərçəkmiş xanımla təqsirləndirilən şəxslər arasında istintaq dövründə barışıq olub.

O, məhkəmə istintaqı dövründə də onlardan şikayət və tələbənin olmadığını bildirib:

"Onlarla bağlı cəzanı isə məhkəmənin ixtiyarına buraxıram".

Məhkəmənin növbəti iclası mayın 8-nə təyin edilib.
 

Qeyd edək ki, istintaq dövründə hər iki şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.


Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 144.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə adam oğurluğu) və 144.2.4-cü (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu törətmək) maddələri ilə ittiham irəli sürülüb.

Əgər onların cinayət əməli sübuta yetirilərsə, təqsirləndirilən şəxsləri 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin