Suriya Ərəb Respublikasının münaqişə bölgəsindən 21 aprel 2026-cı il tarixində iki qadın və üç uşaq olmaqla, ümumilikdə beş Azərbaycan vətəndaşının Türkiyə üzərindən ölkəmizə repatriasiyası həyata keçirilib.
Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Qeyd olunub ki, proses Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində Azərbaycan Prezidentinin 2023-cü il 28 oktyabr tarixli 2336 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları"nın müvafiq müddəalarına uyğun baş tutub.
İlk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib və daha sonra Türkiyə ərazisinə keçidi təşkil olunub.
"İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyənin İstanbul şəhərinə ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub.
Azərbaycanın Türkiyədəki Səfirliyi və İstanbuldakı Baş Konsulluğu tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız ölkəmizə qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin edilib.
21 aprel 2026-cı ildə nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların ölkəmizə repatriasiyası həyata keçirilib. Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək", - məlumatda qeyd olunub.
Bizim.Media
































































































