Azərbaycan dili üzrə sertifikasiya imtahanının onlayn platformasının ictimaiyyətə təqdim edilməsindən sonra 999 nəfər qeydiyyatdan keçib və onlardan 785 nəfəri (491 qadın və 294 kişi) sınaq imtahanında iştirak edib.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, sınaq müddətində toplanan statistik məlumatlara görə, iştirakçılar müxtəlif təhsil səviyyəsi, peşə sahəsi və etnik mənsubiyyətə malikdir.
“Ali təhsilli şəxslər arasında bakalavriat (158 nəfər), magistratura (162 nəfər) və doktorantura (82 nəfər) səviyyəsində təhsil alan və ya bu səviyyəni bitirmiş şəxslər üstünlük təşkil edib.
İştirakçıların Azərbaycan dili üzrə qrammatik və leksik dil bilikləri dinləmə, oxu, danışma və yazı bacarıqları CEFR (Dillər üzrə Ümum-Avropa Tövsiyə Çərçivə Sənədi) standartlarına uyğun olaraq qiymətləndirilir. Sınağın nəticələrinə əsasən, iştirakçılardan 124 nəfəri C1, 256 nəfəri B2, 132 nəfəri B1, 106 nəfəri A2, 54 nəfəri A1 səviyyəsi üzrə nəticə göstərib. 113 nəfər isə 0-15 bal arasında nəticə əldə edib.
Sınaq imtahanının nəticələri iştirakçılara təqdim olunub. Əldə edilən göstəricilər təhlil edilərək platforma həm məzmun, həm də texniki baxımdan təkmilləşdirilir” – məlumatda qeyd edilib.
Xatırladaq ki, Azərbaycan dili üzrə Sertifikasiya İmtahanının onlayn platforması 17 mart 2025-ci il tarixində sınaq məqsədilə istifadəyə verilib. Sınaq prosesinin əsas məqsədi imtahanda istifadə olunan test tapşırıqlarının və mövcud qiymətləndirmə mexanizminin effektivliyini yoxlamaq, eyni zamanda elektron platformanın işləkliyini təhlil etməkdir.
Günay Şahmar, Bizim.Media

































































































