"Eldar Namazovdan bu cür açıqlamaları gözləmirdik" - Oqtay Gülalıyev

Hazırda oxunan: "Eldar Namazovdan bu cür açıqlamaları gözləmirdik" - Oqtay Gülalıyev

41570
Prezident seçkilərindən sonra müxalif qüvvələr arasında fikir ayrılığı, qarşılıqlı ittihamlar daha da kəskin xarakter alıb. Müsavat-AXCP dartışması sona çatmamış, “El” Hərəkatı təmsilçiləri də Milli Şuradakı uğursuzluqlar barədə açıqlamalarla gündəmə gəliblər. Bir müddət əvvəl adıçəkilən qurumdan istefa verən Eldar Namazov müxalifətin vahid namizədi kimi təqdim edilən Cəmil Həsənlinin ünvanına ittihamlar səsləndirib. O, Milli Şuradakıların fəaliyyətlərindəki tənqidi müzakirələrə açıq olmadıqlarını bildirib. Qeyd edib ki, gələcəkdə uğur qazanmaq üçün müzakirələr və təhlillər aparmaq əvəzinə, Milli Şuranın daxilində gedən proseslərə, keçdiyi yola analitik düşüncə ilə yanaşan və mətbuatda çıxış edən insanlara qarşı şər-böhtan kampaniyasına start verilib. E.Namazov iddia edib ki, C.Həsənli Milli Şuranın bütövlüyünün qorunub saxlanılmasında maraqlı olmayıb. Yuxarıda səsləndirilən fikirlərlə bağlı “Kaspi”nin suallarını Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev cavablandırır.

- Oqtay bəy, Eldar Namazovun Milli Şura ilə bağlı son dövrlər səsləndirdiyi fikirlərə münasibətiniz necədir?

- Adıçəkilən şəxs və başqaları Milli Şura barədə müxtəlif fikirlər səsləndiriblər. Bu fikirlər arasında müsbət, eyni zamanda qeyri-dəqiq fikirlər də var. Əgər söhbət Eldar Namzovun Milli Şuradan getməsindən, onun məhz bundan sonra qurum ünvanına söylədiyi fikirlərdən gedirsə qeyd etməliyəm ki, Milli Şuraya insanlar öz seçimləri, istəkləri ilə gəliblər. Bu qurumu tərk edərkən də öz istəkləri əsasında qərar qəbul edirlər. Biz Milli Şuradan kiminsə getməsini arzulamırıq, istəmirik. Lakin kimlərsə fəaliyyətini bu qurumdan kənarda davam etdirmək istəyirsə, biz onların seçiminə hörmətlə yanaşır, uğurlar arzulayırıq.

- Ehtimal edilir ki, onun qəfil istefası, ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşündən sonra gündəmə gəlib. Sizcə, bu ehtimal nə dərəcədə düzgündür?

- Məndə onların görüşməsi və hansı məsələləri müzakirə etməsi barədə dəqiq məlumat yoxdur. Amma bütün hallarda, eləcə də Eldar Namazovun Milli Şuradan gedib-getməməsindən asılı olmayaraq, kiminlə görüşməsi onun öz seçimidir. Milli Şuradan getməyi ilə bağlı qazandığı və itirdiyi müsbət, mənfi dvidentlərə görə də özü cavabdehdir.

- E.Namazovun Milli Şuranın düzgün idarə edilmədiyi, zəif olması, seçkilərdə uğurlu iştirak etmədiyi barədə fikirlərinə münasibətiniz necədir?

- Mən hesab etmirəm ki, Milli Şuranın fəaliyyəti zəifləyib və qurumda hansısa problem var. Bu barədə fikir söyləyənlər hadisələrə öz yanaşmasını ortaya qoyur. Milli Şura bu gün də işini davam etdirir. Qurumda strukturlaşma prosesi gedir. Hesab edirəm ki, Milli Şura bu gün müxalifətin ən geniş, ən işlək fomatıdır. 2014-cü il üçün fəaliyyət planı qəbul olunub. Milli Şuradan bir neçə nəfərin getməsi heç də o qurumun fəaliyyətinin dayanması demək deyil.

- Sabiq tərəfdaşınızın fikrincə, Milli Şuranın vahid namizədi Cəmil Həsənli zəif seçki təbliğatı aparıb. Bu zəifliyi nə ilə əlaqələndirərdiniz?

- Fikrimcə, bu məsələdə Eldar Namazovun fikirləri dəqiq deyil. O, hadisələrə düzgün yanaşmır. Bu istiqamətdə onun digər fikirləri ilə də tanış olmuşam. Guya ki, Cəmil müəllimin seçkidə topladığı səslər Etibar Məmmədovun və İsa Qəmbərin topladığı səslərdən az olub. Bu da kökündən yanlışdır. Bunu hansısa formada müəyyən etmək qeyri-mümkündür. Bunun üçün indikator və şkala yoxdur ki, dəqiq göstərici ortaya qoyulsun. 2013-cü il seçkilərində müxalifət bir araya gəldi və son dövrlərdən fərqli olaraq, vahid namizədlə seçkidə iştirak etdi. Hətta Eldar bəyin özü də C. Həsənlinin fəaliyyətini dəfələrlə təqdir edib.

- Əgər doğrudan da, bu, belədirsə, o, nəyə əsasən belə fikir bildirib?

- Məncə, bu sualı Eldar bəyin özü cavablandırsa daha yaxşı olar. Doğrusu, Eldar Namazovdan bu cür açıqlamaları gözləmirdim. Səsləndirdiyi fikirlərə görə təəssüf edirəm. Belə açıqlamalar verməyi ona yaraşdırmadım. Bu bir yana. Digər tərəfdən, bu, onun müstəsna hüququdur. Səsləndirdiyi hər bir fikrə görə özü məsuliyyət daşıyır.

- AXCP-Müsavatın qarşılıqlı ittihamları, liderlərin bir-birini aşağılamasının fonunda Qərbin dəstəyi ilə E.Namazovun və onun təşkilatının ana müxalifət olması nə dərəcədə realdır? Onda belə bir potensial varmı?

- Mən düşünmürəm ki, Azərbaycanda ana müxalifət yerini və bu məsuliyyəti daşıyacaq hər hansı şəxsi ABŞ səfirliyi müəyyən edir. Belə bir şey ola bilməz. Əgər Eldar Namazov özünü bu statusda görürsə, hesab edirsə ki, ABŞ səfirliyi ona bu statusu verir, bu yenə də onun problemidir. Şəxsən mən belə məsələləri ciddi qəbul etmirəm. Ola bilər ki, Amerika səfirliyinin kiməsə dəstəyi müzakirə olunsun, yaxud olunmasın. Biz beynəlxalq təşkilatlarla, ölkədə fəaliyyət göstərən səfirliklərlə əməkdaşlıq edir, onlarla müzakirələr aparırıq. Lakin seçim, dəstək məqamı gələndə, bizim üçün əsas və birinci Azərbaycan xalqının dəstəyidir. O ki, qaldı Eldar Namazovun ana müxalifət lideri olmaq qabiliyyətinə, məncə insanların potensialını müəyyənləşdirmək səlahiyyəti və imkanları hər hansı şəxsə, o cümlədən də mənə verilməyib. Bunu müəyyənləşdirən indikator da yoxdur. Bunu ayırd edən yeganə meyar mübarizə meydanı və xalqın dəstəyidir. Əgər Eldar Namazov özündə bu dəstəyi, imkanları görürsə, buyursun meydana. Biz insanların Milli Şuradan kənarda apardığı mübarizəni də təqdir edirik. Əgər, həqiqətən də bu mübarizə varsa.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin