Əməkdaşımız paytaxt sakinləri arasında keçirdiyi sorğu zamanı maraqlı cavablar alıb
Azərbaycanda haqsızlığa göz yummayan, ədalətin bərqərar olması üçün mübarizə aparan bir sıra siyasətçilərimiz hazırda dustaq həyatı yaşayır. Ölkəmizdə müxtəlif hüquq müdafiə təşkilatlarının rəyinə görə, ümumilikdə, 30 nəfərə yaxın siyasi məhbus var. Hüquq müdafiəçisi Novella Cəfəroğlu məhkəməsi bitən və siyasi məhbus adı altında siyahıya düşənlərin sayının isə 10 nəfər olduğunu bildirdi: “Məhkəməsi bitən siyasi məhbusların sayı 10 nəfərə yaxındır. Ancaq məhkəməsi hələ də davam edən Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu, Müsavat başqanının müşaviri Yadigar Sadıqov, REAL sədri İlqar Məmmədov və NİDA-çıların hamısı da siyasi məhbus kimi qəbul olunur.
Ancaq onların məhkəməsi qurtarmamış onların adlarını siyahıya salmaq olmaz. Ümumilikdə, siyasi məhbusların sayı 32-33 nəfərdir”.
Maraqlıdır, azərbaycanlılar onların azadlıqları uğrunda həbsə düşən siyasi məhbusları tanıyırmı? Bunu öyrənmək üçün Tofiq Yaqublunun, İlqar Məmmədovun, Nemət Pənahlının, Zaur Qurbanlının, Rəşadət Axundovun, İlkin Rüstəmzadənin və Taleh Bağırovun şəklini vərəqdə çap etdik, onları paytaxt sakinlərinə göstərib bu şəxsləri tanıyıb-tanımadıqlarını soruşduq. Cavablar müxtəlif oldu. Kimi siyasi məhbusları tanıdığını, kimisi isə ümumiyyətlə Azərbaycanda siyasi məhbus olmadığını dedi. Bəziləri isə onları hansısa aktyora bənzətdi...
İlk rastlaşdığımız paytaxt sakini Eldar Əliyev şəkillərə diqqətlə baxaraq yalnız Nemət Pənahlını tanıdığı dedi. E.Əliyev yanında dayanan dostunu göstərək, onun bacısı oğlunun da həbsdə olduğunu bildirdi: “Dostumun bacısı oğlu Pərviz Həşimli də həbsdədir”.
Digər paytaxt sakini Hümbət bəy isə iki nəfəri - İlqar Məmmədovla Nemət Pənahlını tanıdığını dedi. Digərlərinin isə üzünün ona tanış gəldiyini deyən paytaxt sakini siyasi məhbuslar haqda dərc edilən məlumatları daim izlədiyini bildirdi.
Digər paytaxt sakini Sərxan Abbasov isə vərəqə baxaraq onları azadlıq aşiqləri adlandırdı: “Bu insanların heç bir günahı yoxdur. Onlar azadlıq aşiqləri olduğu üçün həbsdədirlər. Bunlar mərd oğullardır”.
Yaxınlaşdığımız digər paytaxt sakini isə şəkilə baxaraq onları üzdən tanıdığını, ancaq adlarını bilmədiyini dedi. "Azərbaycanda olan siyasi məhbuslardan kimləri tanıyırsınız" sualımıza isə kağızı qaytararaq "məni təxribata çəkməyin" deyə cavab verdi.
Digər paytaxt sakini Asif Quliyev isə kağızdakı şəkillərdən yalnız Nemət Pənahlını tanıdığını, digərlərinin isə jurnalist olduğunu dedi: “Mənim siyasi məhbuslar haqda məlumatım var. Qəzetlərdən izləyirəm. Ancaq adlarını bilmirəm”.
Digər gənc paytaxt sakini Elvin isə şəklə baxaraq heç birini tanımadığını bildirdi. Elvin “ölkədəki siyasi məhbuslardan kimi tanıyırsan” sualımıza cavab olaraq “ölkədə siyasi məhbus var ki?”, - deyə cavab verdi.
Digər paytaxt sakini Əfqan Salamov isə şəkillərə baxaraq onların hansısa xarici aktyor olduğunu dedi. Siyasi məhbuslar haqda suala gəlincə isə qoca olduğu üçün heç nə ilə maraqlanmadığını bildirdi.
Elşad Nəcəfli adlı sakin yalnız İlqar Məmmədovu tanıdığını, onu da televiziyada gördüyünü dedi.
Vahid Məmmədov şəkildəki siyasi məhbusların hamısını tanıdığını bildirdi: “Bunlar azadlıq aşiqləridir. İndi hamısı türmədədir”.
Ayxan adlı paytaxt sakini yalnız İlqar Məmmədovla Taleh Bağırovu tanıdığını dedi: “Bu iki nəfəri tanıyıram. Onlar indi həbsdədir. Biz siyasətlə maraqlanmırıq”.
Rastlaşdığımız iki ağsaqqal isə siyasi məhbusların fotolarına baxaraq, onların kino ulduzları olduğunu dedi: “Pensiyaçı heç nə ilə maraqlanmır. Biz çalışırıq ki, bir neçə ildə artıq yaşayaq. Siyasətlə gənclər maraqlansın. Onların həyatı qabaqdadır. Bizimki isə demək olar ki, tükənib”.
Bir gənc respondent isə İlkin Rüstmzadəni, Taleh Bağırovu, Tofiq Yaqublunu tanıdığını, ancaq bu haqda danışmaq istəmədiyini dedi. Səbəb kimi isə işinə görə siyasətlə maraqlanmadığını dedi.
Paytaxt sakini Ağa İslamov Azərbaycanda siyasi məhbus olmadığını dedi: “Mən Nemət Pənahlını tanıyıram. Həbs olunanlarla maraqlanıram. Ancaq ümumi götürdükdə Azərbaycanda siyasi məhbus yoxdur. Hər kəs öz mənafeyini güdür”.
“Torqovı”da ayaqqabı boyayan paytaxt sakini siyasətlə maraqlanmadığını dedi: “Şəkildə Nemət Pənahlını tanıdım. Digərlərini tanımadım. Televiziyada göstərsəydilər bəlkə tanıyardım. Çünki hər gün xəbərlərə baxıram. Siyasətlə isə maraqlanmıram. Mən ancaq işimlə məşğulam”.
Günel MANAFLI
Fotolar Məhəmməd TÜRKMƏNİNDİR







































































































