Fars körfəzində vəziyyət yenidən gərginləşib.
"Reuters" agentliyinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə Nazirliyinin bəyanatına istinadən verdiyi məlumata görə, Hörmüz boğazında İranın qanadlı raketlərinin BƏƏ-yə məxsus iki neft tankerini vurması nəticəsində Hindistan vətəndaşı olan bir heyət üzvü həlak olub, səkkiz nəfər isə yaralanıb.
"Mombasa" və "Əl-Bahiyə" tankerləri boğazın cənub hissəsində, Omanın ərazi sularında hücuma məruz qalıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, tankerlər dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymadıqları, naviqasiya sistemlərini söndürdükləri və SEPAH-ın "minalanmış marşrut" adlandırdığı yoldan keçməyə cəhd etdikləri üçün vurulub və sıradan çıxarılıb.
Ötən günsə Yəmənin yaxın vaxtlarda Babülməndəb boğazını bağlaya biləcəyi ilə bağlı xəbərlər yayılıb.
“Fars” agentliyinin məlumatına görə, Yəmənin "Ənsar Allah" hərəkatının siyasi bürosunun üzvü Məhəmməd əl-Fərh ölkənin boğazı bağlamaq niyyətində olduğuna işarə edib.
Siyasətçinin sözlərinə görə, Babülməndəb Hörmüz boğazı ilə vahid mövqedən çıxış edəcək və neftin qiyməti bir barel üçün 200 dollara qədər yüksələcək.
İran Hörmüzü, Husilər Babülməndəb boğazını bağlaya bilərmi? Bu baş verərsə qlobal iqtisadiyyatı nələr gözləyir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib ki, nə Husilər, nə də İran boğazları bağlaya bilər:
“Bunu elan edə bilərlər. Amma bu fikri reallaşdıra bilməzlər. Belə vəziyyətdə bütün dünya İrana və Yəmənə qarşı çıxacaq. Nəzərə alaq ki, əvvəllər müharibədə İran müəyyən simpatiya qazanmışdı. İndi o simpatiya itirilir. Çünki İranın atdığı addımlar qeyri-qanuni və irrasional addımlardır. Burda heç bir məntiq yoxdur.
Baxın, Yəmən sularından keçən gəmilərə belə hücum edirlər. Ona görə də həm İranın, həm də Yəmənin bəyanatları yəqin ki, söz olaraq qalacaq. Hesab edirəm ki, belə bir cəhd olsa, hər iki dövlət çox ağır zərbələr alacaq. Çünki bu təşəbbüsün özü belə beynəlxalq gəmiçiliyə ağır zərbədir. Bu bütün ölkələrin marağına toxunur.
İran bütün dünya ölkələrini qarşısına ala bilərmi?
Düşünürəm ki, İran buna getməyəcək və kompramis variantlar tapmağa çalışacaq. Nəzərə alaq ki, ötən gündən etibarən İran da blokada ilə üz-üzə qaldı. Bu da İranın iqtisadiyyatına böyük fəlakətlər gətirəcək. Ona görə də İran razılaşmaya getmək məcburiyyətindədir. Əks halda İranı böyük fəlakətlər gözləyir”.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Region
14:50 / 14.07.2026
İran gizli silahını İŞƏ SALIR – Dünya iqtisadiyyatı üçün FƏLAKƏT SSENARİSİ
Hazırda oxunan: İran gizli silahını İŞƏ SALIR – Dünya iqtisadiyyatı üçün FƏLAKƏT SSENARİSİ
Hazırda oxunan: İran gizli silahını İŞƏ SALIR – Dünya iqtisadiyyatı üçün FƏLAKƏT SSENARİSİ
625236
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































