Qərbi Kaspi Universitetinin tələbələri turizm və qonaqpərvərlik sahəsində ilk ixtisaslaşmış əmək yarmarkasında iştirak ediblər.
Dövlət Turizm Agentliyinin və Azərbaycan Hotellər Assosiasiyasının təşkilati dəstəyi ilə keçirilən turizm və qonaqpərvərlik sahəsində ilk ixtisaslaşmış əmək yarmarkası turizm və qonaqpərvərlik sənayesində əmək bazarı iştirakçılarının və təhsil müəssisələrinin işəgötürənlərlə daha çevik və səmərəli əlaqələrinin qurulmasına töhfə verən biznes platforması rolunu oynayıb.
Əmək yarmarkası işəgötürən şirkətlər üçün mövcud vakansiyaların elan edilməsi, əmək resurslarının ehtiyat bazasının yenilənməsi, vəzifə təlimatlarının, əmək şəraitinin, peşə standartlarının geniş kütləyə elan edilməsi və iş axtaranlarla birbaşa müsahibə keçirməyə şərait yaradıb.
Yarmarkada turizm, qonaqpərvərlik və xidmət sahələrini təmsil edən 115 biznes subyekti tərəfindən 280-dən artıq vakansiya elan edilib.
Qərbi Kaspi Universiteti yarmarkada vakansiyalarını təqdim edib, eyni zamanda, universitetin tələbələri işəgötürənlərlə - ayrı-ayrı şirkətlərin nümayəndələri ilə görüşüb, onların vakansiyaları üçün müəyyən etdiyi kompitensiyalarla, eləcə də tələbələr üçün nəzərdə tutulmuş iş və təcrübə imkanları ilə maraqlanıblar.




































































































