2-ci portret: Əsədov Məhiyəddin Həsən oğlu
Hər kəsin həyatında elə insanlar var ki, onlar öz adlarını insanların yaddaşına həmişəlik həkk edirlər. Hətta əbədiyyətə köçdükdə belə öz sözləri, əməlləri, xatirələri ilə ikinci ömrünü yaşayırlar. Bu cür insanların olması təbiidir.
Ancaq elə insanlar da vardır ki, onlar tək-tək fərdlərin deyil, qrupların, nəsillərin, kütlələrin ömür yoluna işıq salır, onların taleyində silinməz izlər buraxırlar. Bu fani dünyadan köç edəndə belələri haqqında “O, sıradan bir adam deyildi”x9d, “Adam var, eldən gedir”x9d kimi ürəkyaxıcı təəssüflər eşidilir, onlara yüksək el dəyəri, el qiyməti verilir.
Haqqında söhbət açacağım Məhiyəddin müəllim məhz ikincilərdən idi. Onu keçmişimdə qalmış bir adam kimi düşünməyin özü çox ağırdır. Onun haqqında yazmağın özü çox böyük məsuliyyətdir. Bəlkə, buna görədir ki, bir neçə dəfə qələmi götürüb onu yad etməyə çalışıram.Amma hər dəfə də özümdən narazı qalıram. Çünki həyatda gördüyüm, müşahidə etdiyim, oturub-durduğum Məhiyəddin müəllimi tam mənada təsvir edə bilmirəm. İstəyirəm ki, həyatda tanıdığım kimi- səmimi, təvazökarcasına, ucuz tərifə yol vermədən onun müəllim və insan keyfiyyətlərini qələmə alım. Yazıram, ancaq sonda görürəm ki, xarakter cizgilərini tamamlamağa, onu olduğu kimi təsvir etməyə nail olmamışam”¦
Yenə masa arxasındayam.Yenə onun xəyalı ilə həmsöhbətəm. Siz də tanıyın: o həm mənim müəllimim, həm ağsaqqalım, həm də dostum idi. O, əsl müəllim idi.O, geniş erudisiyalı ziyalı, məktəbşünaslığı elmi-nəzəri cəhətdən dərindən bilən pedaqoq, uşaq şəxsiyyətinin formalaşmasında zəngin təcrübəsi olan psixoloq, yüksək metodik səriştəyə malik olan müəllim idi. Qeyd etdiyim fikirləri təsdiq edən bir neçə haşiyə çıxarmaq istəyirəm:

Başlıbel kənd orta məktəbinin müəllimləri
Birinci haşiyə: V sinifdən bizə hesabdan (sonralar isə cəbr, həndəsə, triqonometriya fənlərindən) dərs deyirdi. Sinif rəhbərimiz idi. Bizim sinif məktəbimizdə ilk “A”x9d literli sinif idi. Kənd məktəbi idi, bizə qədər məktəbdə parallel siniflər olmamışdı. Çox tələbkar idi, təşkilatçılığına da söz ola bilməzdi. Sinif iclaslarını qrafik üzrə müntəzəm keçirirdik. İlk iclasda belə bir sual qoydu: “Əlifbanın ilk hərfi hansıdır?”x9d Cavabı aldıqdan sonra dedi:
-Siz də birinci olmalısınız. Çünki məktəbimizdə A”x9d literli ilk sinifsiniz. Həm bilik səviyyəsi, həm də intizamlı olmaqda “A”x9d literli sinif hamıdan üstün olmalıdır. Təklif iclasın protokolunda əks olundu.Yeri gəlmişkən, deyim ki, riyaziyyat müəllimi olmsına baxmayaraq, çox güclü mütaliəsi və yazı savadı var idi-bizə əməli yazıları, xüsusən mürəkkəb əməli yazılardan olan protokol yazmağı o öyrətmişdi.
İllər keçdİ. Sözümüzün ağası olduq: Sinifdə oxuyan oğlanlardan əksəriyyəti-Salah, Kazım, Hüseyn, Həsən, Seyfəli, Cəfərov Əli, Çingiz, Fəttahov Əli, Əsgər, Əvəz və qızlardan Zərnişan ali təhsil aldılar. Kərim, Bilal, Ələmdar isə texnikum təhsili aldilar.İki nəfər ”“Təvəkkül və Yəhya isə texniki peşə məktəbinə daxil oldular. Sonrakı illərdə bu nailiyyəti məktəbimizin tarixində yeniləyən heç bir sinif olmadı”¦
İkinci haşiyə: Məhiyəddin müəllim “Şagirdlər üçün Qaydalar”x9d adlı normativ sənəddə əksini tapmış hüquq və vəzifələrimizi hər dərs ilinin əvvəlində sinif iclasında izah edirdi. Bizdən bu qaydalara əməl etməyi tələb edir və intizama ciddi əməl etməyimizi tələb edirdi. Təbii ki, nə qədər söz versək də, hədd-hüdud tanımayan uşaqlıq dəcəlliyi üzündən arabir bu qaydaları pozmalı olurduq. Məncə, uşaqlıqda, məktəb dövründə nadiclik üzündən “günaha batmayan”x9d uşaq tapmaq olmaz. Əgər “günahkar”x9d axtarsaq, birinci özümüzdən başlayarıq. Bu dəcəlliklərin cəzası haqqında düşünməyi belə heç kəs ağlına belə gətirmir. Bizdə də belə hallar olurdu. Yaddaşımdan heç vaxt silinməyən hadisələrdən biri belə baş vermişdi:
Başlıbel sovetliyinə daxil olan qonşu Xallanlı kəndində orta məktəb yox idi. Uşaqlar 8-ci sinfi bitirəndən sonra başqa kəndlərə, rayon mərkəzinə orta təhsil üçün gedirdilər. Onların çoxu 4 km məsafədə yerləşən Başlıbel kənd orta məktəbinə üstünlük verirdi. Həm də bizim məktəbdə möhkəm nizam-intizam var idi. Hərdən “gəlmələrlə yerlilər”x9d arasında əyişmə-dartışma da olurdu. Bir gün Xallanlıdan gəlmiş 9-cu sinif şagirdləri ilə yerli uşaqlar arasında inciklik yaranır. Uşaqlar bunu “araşdırmaq”x9d üçün məktəbdən aşağıda, Xallanlı kəndinə gedən yolun üstündəki Ballı dərədə görüşməyi şərtləşirlər. Bu xəbər xəlvət-xəlvət yayılaraq bizə də çatdı. Çox maraqlı idi: kim sözünü geri götürəcək? Səbirsizliklə davanın başlanacağı vaxtı gözləyirdik.O vaxt belə şeylər yalnız filmlərdə olardı, kənd yerlərində bu cür təmtəraqlı davalara rast gəlməzdin. Xülasə, şahid olmaq anı çatdı və biz bir qrup dalaşmağa gedənlərin dalınca düşüb hadisə yerinə doğru qaçmağa başladıq. Gözdən itməyə 10-15 metr qalmış arxadan Məhiyəddin müəllimin çağırdığını eşitdim.Geri boylandım.
Məktəbin hasarının yanında əlini qaldırıb çağırırdı. Hamımız pərt olmuşduq, bizi bu ləzzətdən məhrum etdiyi üçün çox qəzəblənmişdik. Ancaq qayıtdıq, iki nəfər nə onun, nə də bizim çağırışlarımıza məhəl qoymayaraq “söhbətin”x9d olduğu yerəcən getdilər”¦
Sinifdə bizi gözləyirdi.O ki var, danladı, yüngülcə şillə “payı”x9d da verdi. Bəlkə, bu tənbeh hələ uzun çəkəcəkdi, amma Ələmdarla Kazım ”“ davanın ləzzətini görənlər qanımızın arasına girdilər- müəllim bizi qoyub onları tənbeh etməyə başladı. Mən həmin təfərrüatı təsvir etmək fikrində deyiləm, amma ibrətamiz olduğu üçün nəticəsini yazacağam.Axırda gələn həmin iki oğlanı bərk döymüşdü, biz fikirləşdik ki, valideynlər bu məsələyə pis reaksiya verəcəklər.
Kazımın atası Sadıq kişi (rəhmətlik!) məktəbə gələndə elə bildik ki, düz fikirləşmişik. Elə zənn edirdik ki, pəhləvan cüssəli bu kişinin yanında Məhiyəddin müəllim çəlimsiz və gücsüzdür. Müəllimi qınayacaq ki, usagı belə döyməzlər. Amma əksinə oldu. Əvvəlcə müəllimlər otağına keçən Sadıq kişi Məhiyəddin müəllim dərsdə olarkən bizim sinfə gədi. Qapını döyüb icazə istədi, sonra müəllimi və bizi salamlayıb dedi:
- Əllərinə qurban olum, müəllim, onu yaxşı eləyib döymüsən. Yoxsa, belə özbaşınalıqla ondan adam olmayacaq...
Arzumuz gözümüzdə qaldı. Valideyn müəllim nüfuzunu daha üstün tutmuş, onu bir az da gözümüzdə nəhəngləşdirmişdi...
Ümumiyyətlə, intizam və tərbiyə məsələsində Məhiyəddin müəllim heç bir güzəşt bilməzdi.Yaxşı yadımdadır: O vaxtlar məktəbyanı internat fəaliyyət göstərirdi. Burada uzaq kəndlərdən gəlib oxuyan uşaqlar yemək və yataqxana ilə təmin olunurdular. Kənddə gələnlərin əksəriyyətinin valideynləri ilə dostluğu olan adamlar uşaqları burada saxlamağa qıymır, qonaqpərvərlik göstərib evlərə aparmaq istəyirdilər. Bununla həm də dost-tanışlarına qarşı diqqətli olduqlarını nümayiş etdirməyə çalışırdılar. Məhiyəddin müəllimin qrupunda olan şagirdlər isə yalnız internatda qalır, şənbə və bazar günləri öz evlərinə gedə bilirdilər. Onların bilik səviyyəsini yaxşılaşdırmaqla da özü maraqlanırdı...
Üçüncü haşiyə: M.Qorbaçov Sov. İKP MK-nın rəhbəri olduğu ilk illərdən cəmiyyətin hər yerində olduğu kimi, məktəbimizdə də müəyyən qədər boşluq hiss olunmağa başladı. İş intizamında, tədrisin səviyyəsində, hətta valideynlərlə məktəb və müəllimlər arasında münasibətlərdə özünü göstərən soyuqluq artıq kənardan da aydın görünürdü. Bu, əksər müəllimləri narahat etsə də, pedaqoji şurada məsələni məhz Məhiyəddin müəllim qabartdı. O illərdə məktəbin direktoru vəzifəsində işləyən mərhum Hacı Mirzəyevə bu geriləmə haqqında irad tutdu.İntizam tənbehi tətbiq olunmasını tələb etdi. Sonralar onların iclasdakı dialoqunun yekunu müəllimlər arasında bəzəməyə çevrilmişdi:
-Hacı müəllim, günah Sizdədir, intizamı pozanları cəzalandırmırsınız.
-A kişi, neyləyim? Bundan artıq demək olar? Nə cür deyirəm, əməl etmirlər.
-Əməl eləmiriksə, pulumuzu tut, əməl eləmiriksə, bas gözümüzü çıxart.
- A kişi, basıram, axı çıxmır!..Axı müəllimi də məcbur işə cəlb edərlər? Bəs vicdan?!
Bu haşiyəyə bir əlavəm də var: 1982-ci ildən məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini (təşkilatçısı) vəzifəsində işləyirdim. Təlimata əsasən sinif rəhbərləri və növbətçi müəllimlərlə iş mənim üzərimə düşürdü. Yuxarıdakı dialoqdan sonrakı günlərdən birində Məhiyəddin müəllim: “Mən bu gün növbətçilik etməyəcəyəm!”x9d-deyib növbətçi olmaqdan imtina etdi. Növbətçiliyə mən nəzarət edirdim. Əvvəlcə günün növbətçisi olduğunu xatılatdım. Getmədi. Sonra xahiş etdim ki, uşaların arasına çıxın. Çıxmadı. Tamam əsəbiləşdim, müəllimim olduğunu unutdum, səsimi də qaldırdım. O da eyni hikkə ilə dedi ki, bu gün növbətçi olmayacağam. “Nə bilirsən, elə!”x9d.
Hirsli-hirsli Məhiyəddin müəllimin məktəbdaxili intizamı pozması, müəllim öhdəliklərini yerinə yetirməməsi haqqında direktora təqdimat yazdım. Hacı müəllim ikimizi də dəvət etdi. Direktorun otağında da dediyini dedi. Hacı müəllim intizam tənbehi tələb etdiyimi xatırladanda əsəbiləşdi: “Mən yazsam, sizin kağızlarınız havada uçar!”x9d”¦
Amma mənim təqdimat yazmağımı bəyənmişdi: “Bu, bəzilərinin intizamına müsbət təsir edəcək. Yaxşı eləyib yazdın!”x9d”¦
Dördüncü haşiyə: O, qəlbigenişlik, gözütoxluq nümunəsi idi. 1991-cı ilin yayında bacım Nəsibə Pioner İşçiləri hazırlayan Respublika Məktəbində birillik pedaqoji təhsilini başa vurub məktəbə Uşaq Birliyinin rəhbəri təyin olundu. Artıq təfərrüatlara varmadan deyim ki, onu həmin məktəbə göndərəndə çox əziyyət çəkib, çox qapılar döymüşdüm.Günlərlə rayon mərkəzinə gedib-gəlmək
məni bezdirsə də, inadımdan dönməmiş, məqsədimə nail olmuşdum. Elə buradaca xeyirxah münasibətə görə o zaman Kəlbəcər RTŞ-in müdiri Əli Kazımovu, Kəlbəcər RİH-in təbliğat-təşviqat şöbəsinin müdiri dostum Qəhrəman Hacıyevi minnətdarlıqla xatırlayıram. Xüsusilə Qəhrəman müəllim hər iki valideynini itirmiş bacımın göndərişlə həmin məktəbdə oxuması üçün mənə təmənnasız kömək etmişdi. Xülasə, bacımın işləməsi ilə bağlı dönə-dönə qonaqlıq və ya “şirnilik”x9d təklif etsəm də, məktəbin direktoru Məhiyəddin müəllim heç bir təklifimi qəbul etmədi, üstəlik məni belə fikirlərə düşdüyüm üçün əməlli-başlı danladı da.
Məhiyəddin müəllimin bu gözü-könlü toxluğunu mən Kəlbəcəri ermənilər işğal edəndən altı il sonra- 1999-2001-ci illərdə onun direktor olduğu məktəbdə işləyəndə də dönə-dönə müşahidə etdim. O, Gəncəyə- RTŞ-ə gedib-gəlmə xərcləri üçün müəllimlərdən bir qəpik də əlavə pul almır, belə təklif edənləri öz təbiətinə xas zarafatyana ifadələrlə utandırırdı.
Beşinci haşiyə: Aramızda yaş fərqi çoxdur: 21 il. Ancaq o, mənim dostum idi. Bu dostluq birdən-birə yaranmamışdı. Mənim APİ-nin filologiya fakültəsini əlaçı kimi- fərqlənmə diplomu ilə bitirməyimi çox dəyərləndirir və müxtəlif vaxtlarda mənim yaxşı müəllim olduğumu cəmiyyətə təqdim edirdi.Bundan utanır və ona etirazımı da bildirirdim, öz müəllimlərimin daha yaxşı olduqlarını deyir və mövzunu dəyişməyə çalışırdım. Amma dedikləri ictimai rəyi xeyirimə dəyişirdi. Ümumiyyətlə, elmli, savadlı adamlara çox hörmət bəsləyirdi.Mən onu institutdakı ən yaxşı müəllimlərimlə müqayisə edəndə üstünlüyü ona verir və elmi dərəcəsi olmadığına heyifsilənirdim.O isə az qala bütün iri məclislərdə, dost-tanış yanında, toylarda mənim Gələcək müəllim nailiyyətlərim barədə söz açırdı...
Onun bizim taleyimizlə bağlı nigaranlığını, həssaslığını 1981-ci ildə atamı vaxtsız itirəndən sonra daha artıq hiss etmişdim. O, söhbət və məsləhətləri ilə mənəvi dəstək göstərirdi. Anamla xalauşağı idilər. Anam da onu çox istəyirdi. İki uşaqla 23 yaşında həyat yoldaşını itirmiş Sürəyya xalama həm oğul, həm arxa-dayaq olmasını həmişə fəxrlə bizə misal çəkirdi. Deyirdi ki, “Məhəddin (Anam belə deyirdi!) yüz oğula bərabər oğuldur, onun qadasını alım!”x9d”¦Anamın vəfatından sonra Ana tərəf qohumlarımın bizə, dərdlərimizə necə həssas olduqlarını müşahidə etdim, Məhiyəddin müəllimlə isə az qala bir qardaş qədər yaxın idik, acımızı birlikdə bölüşürdük. Bizi Kəlbəcərin qorunmaq əvəzinə, ermənilərə döyüşsüz, savaşsız verilməsi çox göynədirdi. Vətənsizlik dərdi, torpaqların itkisi, günahsız şəhidlər, milli laqeydliyə daxili etiraz,erməni-rus şovinizminə nifrət və s. dərdlər bizi bir-birimizə daha çox bağlayır, arabir görüşmək üçün vaxt axtarır, birlikdə dərdləşirdik. Yeganə dayımın- Ağamirov Qənaət İsmayıl oğlunun xəstəliyi ilə bağlı sarsıntılar və çapalamalarımız, sonra isə 1993-cü ilin aprelində Kəlbəcərdə ermənilər tərəfindən vəhşicəsinə öldürülməsi ilə bağlı birgə göynərtilərimiz Məhiyəddin müəllimi də, xalası oğlu Ələsgərov Hüseyni də (o, rus dili müəllimimiz idi!) mənə çox yaxınlaşdırmışdı. Elə görüşümüz olmazdı ki, Başlıbel problemlərini bölüşməyək. Bu gün də bilirəm ki, onun ən böyük dərdi vətənsizlik, Başlıbelsizlik dərdi idi.
Altıncı haşiyə: Yaxşı oğul, Yaxşı ata
Məhiyəddin müəllim tanıdığım ən yaxşı övlad, daha doğrusu, ən yaxşı oğul olub desəm, səmimiyyətimə şübhə etməyin. Uşaqkən atasını itirmiş, bacısı ilə bərabər anasının himayəsi altında yaşamışdı. Anası Sürəyya xala onun yaxşı tərbiyə və təhsil alması üçün əlindən gələni etmişdi. O vaxtlar kəndimizdə orta məktəb yox idi, orta təhsil almaq çox çətin idi. Buna baxmayaraq gənc ana Məhiyəddini orta təhsil üçün Kəlbəcərə aparır. O, orada orta məktəbi bitirib Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olur. Ali təhsilini bitirəndən sonra isə dogma Başlıbelə qayıdır, Coşqun bir həvəslə müəlimlik etməyə başlayır.Neçə-neçə şagirdin ürəyinə yol tapır, taleyinə işıq tutur”¦
“Bir üzü qız, bir üzü gəlin”x9d Sürəyya xalanın tədricən üzü gülməyə başlayır. Oğlunun savadı və müəllimlik sənətində nailiyyətləri haqqında camaatdan eşitdiyi xoş sözlər, oğlunun işdən qayıtdıqdan sonra onu az qala uşaq kimi əzizləməsi, qayğısına qalması, evin kişi qayğılarına tənbəllik etmədən çiynini verməsi ananın ürəyini dağa döndərir, onu çox fərəhləndirirdi. Ana da onu tək qoymur; yer belləyəndə, ot biçəndə, digər işlərdə kişi kimi qeyrət göstərir...
Üç oğul, iki qız atası olan müəllim övladlarının dərin bilikli və səriştəli mütəxəsis kimi yetişib tanınmasına nail ola bilmişdir. Böyük oğlu Ədalət iqtisadçı- alim, ikinci oğlu Seymur həkim, üçüncü oğlu Aqil iqtisadçı- alim, qızları Xalidə və Şəlalə ağ xalatlı peşə sahibləri kimi insanların sağlamlığının keşiyində dayanıblar. Ədalət müəllim və Aqil müəllim iqtisad elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışlar. Nəvələr də babaların yolunu layiqli şəkildə davam etdirməkdədirlər...
Yeddinci haşiyə: El içində
Başlıbel Kəlbəcərdə öz zəngin adət-ənənələri ilə fərqlənən kəndlərdən idi. Camaat arasında birlik, xeyir-şərdə mehribanlıq və həmrəylik telləri çox güclü idi. Əhalisi sıx olduğundan burada toylar da çox olurdı. İşğaldan sonra bu adət-ənənəyə sadiqlik hamıya baha başa gəlirdi; Bakıdan Gəncəyə, Bərdəyə, Mingəçevirə, Qaxa ... toylara və yac mərasimlərinə getmək çətin idi. Əksəriyyət bir-birinin belə məclislərinə can atırdı, amma elə vaxtlar olurdu ki, çatdırıb gedə bilmirdik. Məhiyəddin müəllim əksər məclislərə özü gedir, toylarda özünəməxsus şəkildə şirin-şirin rəqs edir, məzmunlu öyüd-nəsihət edirdi. Hamının xeyir işinə sevinən adamlardan biri idi.
Bəzi adətlərin əleyhinə idi, yersiz toy təmtərağını xoşlamırdı. Yeri gəldikcə bu barədə fikirlərini bölüşürdü ki, bəlkə, toyxanalarda musiqiçilərin zəhlətökən səs-küyünü azaltsınlar...
Səkkizinci haşiyə: “13 yaşım var”x9d.
Tez-tez olmasa da, telefonla danışır, hal -əhval tuturdıq. O, yayda sanatoriyalara dincəlməyə, mən isə rayonlara həm işləməyə, həm də dincəlməyə gedirdim (Məktəb kurikulumları ilə bağlı Təhsil Nazirliyinin yerlərdə müəllimlər üçün təşkil etdiyi təlimlərdə təlimçi-müəllim kimi işləyirdim). Həmişə məni qınayırdı ki, özünə baxmırsan, yayda işləməyi tərgit, gəzməyə get və s.
Mən də zarafatla deyirdim ki, bunlar 60-dan (yaşdan!) sonrakı qrafikdə olacaq”¦
Sentyabrın 7-də zəng eləmişdi.Axşam idi. Oradan-buradan danışdıq, müəllimlərin 65 yaşdan sonra işdən azad edilməsi qərarına münasibətimi soruşdu. Pislədim. Ən ədalətsiz qərarlardan biri olduğunu bildirdim, sonra əlavə elədim ki, Sizə aid etməzlər. Xidmətlərinizi, iş keyfiyyətlərinizi nəzərə alarlar. Açığı, heç vaxt Məhiyəddin müəllimin yaşı barədə fikirləşməmişdim. Bizi səviyyələrimizin, düşüncələrimizin yaxınlığı, bir növ, dostlaşdırmış, aramızdakı yaşı silib “yaşıd”x9d eləmişdi. Zarafatyana dedi:
- Mənim 15 yaşım yoxdur hələ, cəmi 13 yaşım var. Amma bu gün mənə bildiriblər ki, mən də işdən getməliyəm. Sağ olsunlar, böyük qiymətdir. Bu qədər işləmişik, indi istirahət etməyi təklif edirlər, mən də əməl etməliyəm...
Səsində çox böyük bir inciklik duyulurdu.Mən də təskinlik verməyə söz tapmırdım. Araya söz qatdım, dəqiq yaşını deməsini xahiş etdim. Dedi ki, demərəm. Özün hesabla. 13 yaşım var. Bəlkə, bir az da danışacaqdı, amma mən mobil telefonla çox danışdığımızı xatırlatdım.
Sağollaşmazdan əvvəl şərtləşdik ki, mən bir balaca sağalan kimi bazar günü bir yerdə olaq...
Hər dəfə müəllimlə danışandan sonra daxilimdə bir məmnunluq, rahatlıq hiss edirdim, ancaq bu dəfəki söhbətdən sonra çox narahat oldum. Müəllimin şagirdliyim və onunla çiyin-çiyinə işlədiyim illərdəki fədakar müəllim ömrü yadıma düşdü. Dövlət və hökumətimiz tərəfindən münnətdarlıq və təltiflərə layiq olduqları halda, atılmaları ( mən buna başqa ad verə bilmirəm!) nankorluq, ədalətsizlik, ürəksizlikdir! İllər sonra özümün də bu aqibətlə üzləşəcəyimi təsəvvür edib öz halıma da acıdım...
Səhər işə könülsüz hazırlaşdım.Xırdalandakı 6 saylı məktəbə gedəcəkdim. Evə yaxın yerləşirdi.Tələsmirdim. Darvazanı açıb oğlum Elməddini işə yola saldım. Evə qayıdıb portfelimi götürdüm. Həyət qapısından çıxanda Elməddinlə üz-üzə gəldik. Niyə qayıtdığını, nəyi isə unutduğunu soruşanda dedi:
- Məhiyəddin müəllim xəstələnib, gətiriblər Respublika xəstəxanasına. Dedim, birlikdə gedək.
Ürəyimdən bir tel qırıldı. Bir an sonra telefonla əlaqə saxlayıb onun məscidə -yuyulmağa götürüldüyünü bildim...
Onun üçün atamı itirəndə olduğu kimi ağladım...
Məscidə çatanacan axşam telefonla söhbətdən sonra beynimdən keçən fikir bir də təzələndi:
“Mənim 13 yaşım var...”x9d.
13 nəhsdir, müəllim!..
Bəlkə, buna görə o, 2013-cü ili görmədi. Arzusunun birini tale mənim ömür kitabıma həmin ildə yazmışdı: Əməkdar müəllim fəxri adına layiq görülmüşdüm...
Hüseyn Şahbəndəyev,
Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyat kafedrasının rəhbəri,
Əməkdar müəllim




































































































