Bu gün o baş daşından boylanan qürurlu baxışın sənin çox qəhrəmanlığına şahidlik edə bilərdi, fələk möhlət vermədi. O daş tək sənin adını əbədiləşdirən bir xatirə yox, həm də bizlərin puç olmuş arzularına qoyulmuş bir qəbir daşıdır. Sən və sənin kimi minlərlə şəhidimiz xoşbəxtsiniz. Sizlərin ruhu bu gün şəhid qanıyla suvarılmış bütün işğal altındakı müqəddəs torpaqlarda gəzir. Biz bədbəxtlər isə hələ də bizi qınayan o daş baxışların və müqəddəs ruhların səsinə səs verə bilmirik.
Hərdən Dilqəm və Şahbazı bədbəxt sanırdım. Amma yox bədbəxt yenə də bizlərik. Onlar çətin də olsa o müqəddəs torpaqlardadır. Saf və müqəddəs torpağın məhbəsində yatmaq, üzdə azad görünən, amma ən əzablı məhbəsdə yaşayan bizlərin həyatından daha şərəflidir. Sizlərə-Raquflara, Dilqəmlərə, Sahbazlara bizim çox ehtiyacımız var, yayın qızmarında istidən cadar-cadar olmuş torpağın bir yağışa ehtiyacı olan kimi Allah bir çox dəyərlərini itirmiş bu xalqın səbrini də əlindən alsın, bəlkə bundan sonra biz o yerlərə qayıda bilək!

Vasif Qazi,
Qarabağ qazisi






































































































