Məlum olduğu kimi, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şair Saday Şəkərli ilə bağlı məhkəmə hökmü elan edilib.
S. Şəkərli 10 il müddətinə
azadlıqdan məhrum edilib.
Məsələ ilə bağlı
Moderator.az-a açıqlama verən şairin vəkili Bəhruz Bayramov məhkəmə qərarından
Apellyasiya Məhkəməsinə şikayət edəcəklərini bildirib:
"S.Şəkərli cəzasını ciddi
rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum
edildi. Bu qərardan Apellyasiya Məhkəməsinə şikayət edəcəyik. Çünki bu hökm ədalətsiz
hökm idi. Hüquq elmindən az-çox xəbəri olan hər bir şəxs deyə bilər ki, məhkəmə
işə xitam verməli, S.Səkərli bəraət almalı idi. Odur ki, biz ədalətin bərpa
edilməsi üçün Apellyasiya Məhkəməsinə müraciət edəcəyik".
Xatırladaq ki, rəsmi
məlumata görə, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda
əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi
informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar
yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min
manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı
Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə)
maddəsi ilə cinayət işi başlanıb. S. Şəkərov iş üzrə təqsirləndirilən şəxs
qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə
tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri
seçilib. S.
Şəkərli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Seymur Əliyev

































































































