Cəlilabad sakini Hidayət Ağayev Moderator.az vasitəsilə daxili işlər naziri Ramil Usubova müraciət edib.
Müraciətdə deyilir:
Hörmətli cənab nazir!
Mən Ağayev Hidayət İsgəndər oğlu 1973 ”“ cü ildə Cəlilabad rayon Söyüdlü kəndində doğulmuşam. Ailəliyəm, üç övladım var. Yeni Azərbaycan Partiyasının üzvüyəm. Özüm ikinci qrup əliləm. Həyat yoldaşım xərçəng xəstəsidi. Üç azyaşlı uşaqlarım da şikəstdir.
Heç yerdə işləmədiyimə görə mal ”“ heyvan saxlayıram və bununla ailəmi dolandırıram. 12 oktyabr 2013 ”“ cü ildə yaşadığım evin həyətində heyvanlarımı saxladığım tövləmdən 20 baş qoyunum oğurlanmışdır. Bununla bağlı Cəlilabad rayon polis şöbəsində Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4 maddələri ilə cinayət işi başlanmışdır. Oğurluq nəticəsində mənə 3960 manat maddi ziyan dəymişdir. Bununla bağlı dəfələrlə səlahiyyətli qrumlara məlumat vermişəm, ancaq bu günədək heç bir nəticə olmayıb.
Bu il yanvar ayında qoyunlarımı oğurlayanların rayonun Uzuntəpə kənd sakinləri Həsənov Xaləddin Ağaverdi oğlu, Hüseynov Hüseyn Röfşən oğlu və Qardaşxanov Elvin Kərəm oğlu olduğu müəyyən edildi. Adı çəkilən şəxslər rayonda silsilə oğurluq hadisələri törətmişlər. Onlar bir çox rayon sakinlərinin heyvanlarını da oğurlayaraq Biləsuvar rayonunda dəyər ”“ dəyməzinə satmışlar.
Mənə dəymiş maddi ziyanın 1200 manatı həbs edilən şəxslərin valideynləri tərəfindən ödənilsə də, yerdə qalan 2760 manatın ödənilməsi üçün heç bir tədbir görülmür. Bunu Cəlilabad rayon polis şöbəsinə də bildirmişəm. Həbs edilmiş şəxslərdən Qardaşxanov Elvinin atası Qardaşxanov Kərəm mənə deyir ki, sənin qoyunlarını oğurlayan daha beş nəfər azadlıqda gəzir. Yəni 2760 manatı onlar ödəsin. Mən həmin şəxslərlə söhbət aparsam da, heç bir xeyri olmadı. Onlar nə cinayəti etiraf edirlər, nə də dəymiş ziyanı ödəyirlər. Azadlıqda gəzən Kazımabad kənd sakinləri Ağayev Ramal Zakir oğlu, Cabbarov Tehran Malik oğlu. Bundan başqa Uzuntəpə kənd sakinləri Paşayev Ruhid Aydın oğlu, Abdullayev Şakir Niftulla oğlu, Fərzəliyev Taleh Hilal oğludur. Adı çəkilən şəxslərdən olan Ramal Ağayev mənim evimi tanıdığına görə oğrulara evimi o, göstərib. Bunu mənə həbs edilən şəxslərin valideynləri bildirir.
Sizdən xahiş edirəm ki, azadlıqda gəzən şəxslərin istintaqa cəlb edilərək mənə dəymiş 2760 manat maddi ziyanın ödənilməsi üçün müvafiq tapşırıqlarınızı verəsiniz. Öncədən sizə özüm və ailəm adından minnətdarlığımı bildirirəm.
Hörmətlə, Cəlilabad rayon Söyüdlü kənd sakini Ağayev Hidayət İsgəndər oğlu.

































































































