"Öz torpağına, vətəninə qarşı belə namərdlik etmək olarmı?"

Hazırda oxunan: "Öz torpağına, vətəninə qarşı belə namərdlik etmək olarmı?"

129080
 
Moderator.az xəbər verir ki, deputat Fazil Mustafa da hesab edir ki, sosial şəbəkədə separatçı fikirlərin yayılması təsadüfi deyil. O, deyib ki, bu, əslində, başlı-başınalıq olduğuna görədir. Sərbəst meydandır və hər kəs istədiyini edə bilir. Hərdən hətta təəccüblənirəm, sosial şəbəkədə elə adlar var ki, Azərbaycanda yaşayır, məktəbdə müəllimdir, ancaq separatçılıq edən şəxslərin əməlli-başlı müdafiəsi üçün təbliğat aparırlar. Hüquq-mühafizə orqanları bunu ciddi diqqətə almalıdır, əks halda çox ciddi problemlər yarana bilər. Təbii ki, ermənilərlə birlikdə işləyən müəyyən qruplar Azərbaycana qarşı təxribat fəaliyyətini davam etdirir. Bunlar təkcə Azərbaycanın yox, bütövlükdə talış xalqının düşmənidirlər. Çünki Azərbaycanın vətəndaşı olan, bizimlə çiyin-çiyinə dayanan insanlara xəyanət edərək, bizim düşmənimiz olan Ermənistandan Azərbaycana qarşı anti-təbliğat aparmaqdan böyük nə şərəfsizlik ola bilər? 

Öz torpağına, vətəninə qarşı belə namərdlik etmək olarmı? Ona görə də hüquq mühafizə orqanları tək onları deyil, onların verilişlərini sosial şəbəkələrdə yayanları da ciddi nəzarətə götürməlidir. Həmin şəxslər əl-qolunu sallayaraq sərbəst şəkildə bu fəaliyyəti göstərirlər. Həmçinin sosial şəbəkələrdə terror təşkilatı olan PKK-nın da təbliğatı gedir. Onlara qarşı da tədbirlər görülməlidir. Eləsi var ki, guya Milli Ordunun zabitidir, amma Andronikə haqq qazandırır ki, "yaxşı edib bu milləti qırıbdır". Hətta rahatlıqla təhqirə yol verir. Buna da hamı göz yumur. Yaxud da Azərbaycan Təhsil Nazirliyinin tabeliyində olan məktəbdə dərs deyən bir kənd müəllimi istədiyi şəkildə separatçılığın təbliğatını aparır. Ölkənin bütövlüyü ilə bağlı hər hansı fikir söyləyəndə isə bizə qarşı çox təhqiramiz mövqe sərgiləyirlər. Rabil Abdinov adlı bir Azərbaycana, türklərə nifrət edən bir profil sahibi var. Özünü talış xalqının hüquqlarının müdafiəçisi kimi göstərir, ancaq imkanı olsa, Əlikram Hümbətovun qoltuğu altında İrəvana gedib Azərbaycanın düşmənləri ilə birlikdə dövlətimizə qarşı hər addımı atar. Bunu statuslarından açıq-aşkar sezə bilirsən. 

Mənim işlətdiyim "bu torpağın sahibi Azərbaycan türkləri" ifadəsi adamın xoşuna gəlməyib. Halbuki, biz bunu öz millətimiz adına işlətmişik və mən sevinirəm ki, bir talış qardaşımız da, bir ləzgi qardaşımız da, bir kürd qardaşımız da özünü bu torpağın sahibi kimi təqdim etsin və biz türklərlə birlikdə bu ölkənin vətəndaşı olmaqdan qürur duysun! Biz bu məmləkətə canıyla, ruhuyla bağlı olan hər bir vətəndaşımızı millətindən, irqindən, dinindən asılı olmayaraq sevirik və sayğı duyuruq. Niyə biz 2014-cü ildə keçirilən tədbirlə bağlı PKK mövzusunu bir daha gündəmə gətiririk? Son vaxtlar Türkiyədə keçirilən seçkilərdə Bakıda PKK-nın siyasi qanadı olan HDP-nin ikinci partiya olaraq səs qazanması, Qaraçuxur məscidini partlatmağa cəhd edən PKK simpatizanının müəmmalı şəkildə həbsdən azad edilməsi, bir PKK-lı qadının sosial şəbəkədə açıq şəkildə özünü Bakıda partlatmaq istədiyini yazması bu mövzuda daha həssas davranmalı olmamızı bizə diqtə edir. Qeyd edim ki, Türkiyə nümayəndə heyətinin tərkibindəki HDP-çilər eynilə Rabil Abdinovun ideya rəhbəri Əlikram Hümbətov kimi Avropa Şurası Parlament Assambleyasında ermənilərin bütün anti-Azərbaycan, anti-Türkiyə və anti-İslam müraciət və qətnamə layihələrinin altına ilk imzanı atırlar. İndi bu erməniləri dəstəkləyən siyasi partiya Azərbaycanda ikinci ən çox səs alan partiya kimi bir gücə sahibdirsə, düşündürücü deyilmi? Ona görə də bizim qaldırdığımız məsələlər qətiyyən hansısa xalqa qarşı yönləndirilməməlidir, birbaşa terrorizmə və separatçılığa qarşı prinsipial mövqe kimi anlaşılmalıdır" - deyə Fazil Mustafa qeyd edir.(Bizimyol.info )
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin