"Ona el atası deyirlər, mənə el lotusu..."

Hazırda oxunan: "Ona el atası deyirlər, mənə el lotusu..."

119206
- Yadındadı, İskəndər ürəyi partlamasın, deyə, bir quyu qazıb sirrini söyləmişdi, ürəyi sakitləşəndən sonra quyunu torpaqla doldurub üstünü bərk - bərk tapdalamışdı ki, heç kəsin bundan xəbəri olmasın. Bir müddət sonra o üstü İskəndər tərəfindən isladılmış münbit torpaqda bir qamış bitmişdi, çoban da ondan tütək düzəltmişdi. Tütəkdən çıxan ilk səs də bu olmuşdu: "İskəndərin buynuzu var, buynuzu!.." 

-Yadımdadı, Zeynal müəllim, bu rəvayəti eşitməyən var ki?

-Vallah, indi mən də İskəndərin günündəyəm. Bu qədər varım, dövlətim, vəzifəm, amma sirrimi heç kəsə aça bilmirəm...

-Dövlət sirridisə, heç mənə də açmayın, Zeynal müəllim. Qələm adamıyam, yazıb - eləyərəm, dövlətimizə ziyan dəyər...

-Yox əşşi, dövlətdə sirr qaldı ki? O boyda Milli Təhlükəsizlik Nazirliyini bəs niyə ləğv elədilər?

-Nə bilim, Zeynal müəllim, vəzifə adamısınız, siz bilərsiniz...

--Üç - dörd şeir yazırsan, elə bilirsən, ağıl dəryasısan. Düşünürsən ki, sən yazacaqsan, mən də oxuyub xəcalət çəkəcəm, əməllərimdən peşiman olub, nəticə çıxaracam. Bizim vəzifəmiz satmaqdır. Hərə cavabdeh olduğu sahədə nə var, satır. Torpaq, neft, qaz, meşə, diplom, deputat kreslosu, fəxri ad, qeyrət, namus...O Eldarın da əlində sirr var idi, onu satırdı. Dövlət sirrini sənə, mənə satmazlar ki...Dövlət sirrini başqa bir dövlətə satarlar, özü də çox baha qiymətə!..Sən də yazırsan ey...Vəzifə adamları oxuyub biri - birinə zəng eləyirlər...Sənin qələmin pis deyil, amma çox şeydən xəbərin yoxdur. Sən heç mənim adımı da bilmirsən...

-Necə yəni bilmirəm, mən sizə Zeynal müəllim deyirəm, siz də "bəli" deyə cavab verirsiniz. Adınız Zeynal deyilsə...

-Sən oxumuş adama oxşayırsan, yəqin Hacı Zeynalabdin Tağıyevi də tanıyarsan...

-Əlbəttə, tanıyıram. Ona millət atası deyirlər. Məktəb açıb, camaata əl tutub, Məmmədəmin Rəsulzadə, Nəriman Nərimanov kimi adamları da o oxutdurub...

- Hə, görürəm onu tanıyırsan. Bax, mənim adım da Zeynal yox, Zeynalabdindir. Elə İskəndər kimi ürəyimi partladan sirr də bununla bağlıdır. Bu sirri sənə açsam, heç kəsə deməzsən ki? 

-Zeynalabdin müəllim, mənə bel bağlamayın. Uzun illərdir ki, vəzifədəsiniz, oturub - durduğunuz, ürək qızdırdığınız bir adam tapın, sirrinizi də ona söyləyin.

-Azərbaycanda ürək qızdırılası, dost deyiləsi, səmimi vəzifə sahibi var ki...Mənimlə öpüşməklərinə baxma, hansına desəm, ayrılandan düz on dəqiqə sonra çatdıracaq yuxarı...Öpüşmək dedim, sənin kişi öpüşü barədə yazın yadıma düşdü. Yaman yazmısan ha...O yazıdan sonra indiyədək öpüşməyən məmurlar da öpüşməyə başlayıblar... 

-Zeynalabdin müəllim, bəlkə, mən gedim?

-Yox, belə görürəm ki, sirrimi aça biləcəyim ən münasib adam elə sənsən. Qalxaq kabinetimə...Hə, bax, bura mənim iş otağımdir. Necədir, xoşuna gəldi?

- Bütün vəzifə adamlarının özləri kimi kabinetləri də biri - birinə bənzəyir. Bahalı mebel, ipək pərdə, yumşaq divan - kreslo, genişekranlı televizor, arxalarında dik qoyulmuş qotazlı dövlət bayrağı,başlarının da üstündə Ümummilli liderimizin və möhtərəm Prezidentimizin portretləri...Dayan, dayan, sən başının üstündən Hacı Zeynalabdinin portretini asmısan ki...

--Dedim axı, mən də Zeynalabdinəm, o da Zeynalabdindir. Mən də hacıyam, o da hacıdır. Oturub hesablamışam, pulum da elə onunku qədər olar. Ona el atası deyirdilər, mənə el lotusu deyirlər. Onun pulu da vardı, hörməti də. Mənim pulum var, hörmətim yoxdur. O, varlı olduğunu heç kəsdən gizlətmirdi, mən özümü maaşla dolanan adam kimi aparıram...

- Zeynalabdin müəllim, icazə verin, birini də mən deyim...Allah ona düz 101 il ömür verdi, siz isə bu dərdlə heç səksəni haqlaya bilməyəcəksiniz...Yaxşı, məni nəvələrim gözləyir, bu gün pensiya almışam, onları "Şeytan çarxı"na mindirməliyəm...

- Bəs axı, mən hələ o sirri açmamışam...Şair, sən heç pultla idarə olunan portret görmüsən? Görməmisənsə, yaxşı bax...

Zeynalabdin müəllim pultu götürüb Hacı Zeynalabdin Tağıyevin portretinə tərəf tuşladı. Düyməni basmaqla şəkil dəyişildi. İndi onun başı üzərində Ümummilli liderimizin və möhtərəm prezidentimizin portretləri asılmışdı...

Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin