"Onun adı gələndə hər şey yaddan çıxır" - Mehriban Vəzir

Hazırda oxunan: "Onun adı gələndə hər şey yaddan çıxır" - Mehriban Vəzir

112080


Dekabrın 18-i yazıçı-publisist Mehriban Vəzirin doğum günüdür. Mehriban xanım uzun illərdir Azərbaycanın demokratik düşərgəsinin fəallarındandır. Ölkə üçün ən həlledici məqamlarda o sözü ilə, qələmi ilə öndə olub, proseslərin Azərbaycanın xeyrinə inkişaf etməsi üçün çalışıb. Buna nə qədər nail olub-olmayıb, bu tamam başqa məsələdir. Əsas odur ki, o, azad sözün daşıyıcısı olaraq susmayıb. Yəqin elə belə də qalacaq... 

- Mehriban xanım, ad günündə istər-istəməz insan bir keçmişə boylanır. Özünüz üçün həyatınızı özətləmisizmi? Nələr etmək istəmisiniz, nə alınıb? 

- Etmək istədiklərimin çoxunu edə bilmədim, fikrimdə tutmadığım xeyli nəticələr əldə etdim. Qəbul elədim ki, həyat  möhlətdir. Bu möhlətin fürsətləri var. Onları qaçırmaq olmaz. Bu fürsətlərin adı vicdan sınaqlarıdır; dürüst olmaq, cəsarətlə, ləyaqətlə yaşamaq yalnız bu sınaqların nəticəsi ola bilər. Həyata atılanda kimsə bu həqiqətləri anlamır. Önümdə sonluq haqqında hər hansı bir obraz da yox idi. Amma indi geri baxanda nəticələri yaxşı görürəm. 

- Mehriban xanım, siz yazarsız, bir dönəmin ünlü televizyonçususunuz, öyrətmənsiz, ictimai fəalsız. Siz daha çox harada rahatsınız?

- Əlbəttə, yarımçıq qalmış televizionçuluğumda çox rahat idim. İndi özümü daha çox yazar hiss edirəm. Auditoriyanı da sevirəm, öyrətmənlik qəlbimdən gəlir. İctimai fəallığım görünür vətəndaş məsuliyyətimin nəticəsidir. Əslində xarakter olaraq o qədər də ictimaiyyətçi sayılmaram. Çünki heç vaxt proseslərin önündə durmağa can atmamışam. Öndə olmuşamsa proseslər atıb məni önə, mən etməmişəm. Bir küncə çəkilib işləməyi, oxumağı da sevirəm. Amma bu da birmənalı deyil. Ünsiyyəti də çox sevirəm. Saydığınız bütün müstəvilərə uyğun rahatlığım var sanki.

- Söz deyə bilən insanların üzərinə sanki bir vətəndaşlıq missiyası da yüklənir. O, cəmiyyətin görə bilmədiklərini ona anlatmaq, çevrəyə nümunə olmaq görəvini də üzərinə götürməli olur. Siz də belə düşünürsüz?

- Tam əksini düşünürəm. Bu yazarlıqla yox, insanın şəxsi keyfiyyətləri, genetikası, ruhu ilə bağlıdır. Bizim o qədər yazarlarımız var ki, onların amalı yazdıqlarından yaxşı qazanc götürmək, birinci sırada, birinci yerdə oturmaq, iqtidarlardan pay almaq, harada aş varsa, orda başda olmaqdır. Bizim gözümüzün qarşısında nə qədər yazıçılar var, onların heç biri vətəndaş deyil. Həm yazar, həm də vətəndaş olmağın səbəbi yəqin ki, insanın yaradılışı, yapısı ilə bağlı məsələdir. Bilgisayar kimi, kimin beyninə və ya taleyinə hansı proqram yüksəlibsə, o çərçivədə də yaşayır. Görünür, mənim də proqramımda həm yazar, həm vətəndaş olmaq var. Əlbəttə, dönüb arxaya baxanda görürəm ki, heç vaxt şərin yanında olmadım, heç vaxt xalqa yalan danışmadım, böyük itkilər hesabına olsa da doğrunu söylədim. Asılı olduğum adamları, rəhbərləri, hakimləri mədh eləmədim. Güclünün qoltuğuna sığınmadım. Bu yöndə qarşıma çıxan bütün fürsətlərdən imtina elədim. Bütün bunlar ona görə belə oldu ki, Allah məni belə yaratdı, belə istədi. Allaha böyük şükranlığım var. Nə yaxşı ki, məni belə yaratdı və mən də belə yaşadım. Qazancım - həyatımdır. Görün dünyada nə qədər qoltuq altda gün keçirən tanınmışlar var... Baxırsan, yazıçıdı, şairdi, alimdi, istedadlıdı, guya adamdı, ancaq müstəqil və ləyaqətlə yaşamaq hünəri yoxdur, qoltuqda keçinir, kiməsə yarınıb rifahını qurur, vəzifə alır, deputat olur. Bəndədən utanmır, Allahdan qorxmur.



 “Bizim o qədər yazarlarımız var ki, onların amalı yazdıqlarından yaxşı qazanc götürmək, birinci sırada, birinci yerdə oturmaq, iqtidarlardan pay almaq, harada aş varsa, orda başda olmaqdır. Bizim gözümüzün qarşısında nə qədər yazıçılar var, onların heç biri vətəndaş deyil. Həm yazar, həm də vətəndaş olmağın səbəbi yəqin ki, insanın yaradılışı, yapısı ilə bağlı məsələdir”x9d


- Mehriban xanım, bizim nəsil sizi daha çox televiziyadan tanıyır. Siz indiki efirə baxanda nə düşünürsüz? Efiri saran qeyri-professionallığı, bilgisizliyi, görməmişliyi  sağaltmağın yolunu görürsüzmü?

- İndiki durum davam edərsə televiziyalar bir az da tənəzzülə gedəcək. Düzəlmənin yolu böyük islahatlardan, böyük dəyişikliklərdən, demokratik seçkidən, ədalətli idarəetmədən, söz azadlığından keçir. Söz azadlığı olmayan toplumda jurnalist açarı başqasının əlində olan oyuncaqdır, kloundur. Hər şeyin başında azadlıq gəlir. Azadlıq olmayan cəmiyyətlərdə insan bir heçdir. Amma xüsusi qeyd edim ki,  Azərbaycandakı bu tənəzzül, mənəvi çöküş son demək deyil. Biz böhrana düşmüşük. Ağır dönəmdir. Ancaq cəmiyyət güclü olsa, hər kəs öz məsuliyyətini dərk etsə, çox böyük dəyişikliklər ola bilər, dirçəliş baş verə bilər. Axı bu millətin dirçəliş günləri olub. Bir vaxtlar, biz ölü nöqtədən dünyanın ən mübariz xalqına çevrildik. Bu intibah bir daha baş verə bilər və inanıram ki, bu baş verəcək.

- İnsanların bir hissəsi dostlarını, bir hissəsi ailəsini, bir hissəsi topladığı mal-mülkü ömrünün qazancı sayır. Sizin qazancınız nə olub?

- Qazancım? Düşünürəm, mən dünyadan köçəndə  deyəcəklər ki, bu insan ləyaqətlə yaşadı. Bu, mənim həm rəhmətim, həm mahiyyətim olacaq. Bir də məndən qalacaq nə varsa... övladım, beş altı-hekayəm...  və dediyim kimi yaşadığım həyat.

- Timur necədir, Mehriban xanım? İstanbuldakı nəvəniz...

- Ayyy, Timur aləmdi... Tumirun adı gəldi, hər şey yaddan çıxır. İnsan valideyn olanda prosesin içində olur və nə olub bitdiyini anlamır. Amma nənə... prosesi müşahidə edirsən. Yaradılışda, insanın varlığındakı möcüzəyə heyrət elədim. Bu mənim heyranlıq və heyrət dönəmim oldu.  



 “Söz azadlığı olmayan toplumda jurnalist açarı başqasının əlində olan oyuncaqdır, kloundur. Hər şeyin başında azadlıq gəlir”x9d


- Qızınız ailə qurdu, Türkiyəyə köçdü. Bildiyim qədəri ilə, Nərmin xanım çox başarılı bir gənc idi, gözəl təhsil almışdı. Siz hər hansı səbəbdən olur olsun, istedadlı insanların, yaxşı kadrların Azərbaycandan getməsinə itki kimi baxırsız? Yoxsa, bu indiki dünya şərtləri açısından baxanda normaldır?

- Bu bir qismət məsələsi idi. Belə oldu. Bütün nöqsanları ilə birgə Türkiyə cəmiyyəti və dövləti bütün parametrlərinə görə Azərbaycan cəmiyyətindən xeyli öndədir. Düşünürəm ki, yaxın gələcəkdə Azərbaycanla Türkiyə daha çox yaxınlaşmalıdır. Biz bu qardaş ölkənlərimizi bir millət iki dövlət halından daha yaxın məsafəyə çatdırmalıyıq. Hələ ki, bu durumu “bir millət, bir dövlət”x9d kimi də ifadə eləmirəm, amma hər şey gələcəyə, insanlarımızın istəyinə bağlıdır. İndi Türkiyədə Azərbaycandan olan xeyli əhali var. Onların daha əlverişli məqamlara yüksəlməsi çox önəmlidir. Eləcə də haqlısınız ki, Azərbaycanın gələcəyi üçün yaxşı təhsilli kadrların, xüsusilə gəncliyin ölkədən getməyi itkidir.  Cəmiyyətimiz üçün nə qədər faydalı insan Azərbaycandan gedir. Təbii, bir mənada bunu itki saymaq olar. Ancaq Türkiyə də bizim dövlətimizdir, bizə çox yaxındır, həmin gənclər isə bu yaxınlığın təminatçısıdır. 

- Mehriban xanım, nəsə yazırsızmı? Sonuncu “Doğum yeri: Naxçıvan”x9d hekayəniz aldı götürdü... Naxçıvana getdim, İçəri şəhəri küçə-küçə dolaşdım, olayların baş verdiyi tarixi dönəmin ağırlıqlarını hiss elədim, qəhrəmanlarınızı sanki gördüm... Bir romanınız olsaydı, məmnuniyyətlə oxuyardım.

- Bax, qazanc həm də budu. Sizi qəlbimin getdiyi yerlərə götürmək gücü. Fikirlərinizdən çox məmnunam... Mən əsasən hekayə yazarıyam. Ancaq yarımçıq qalmış memuar kimi bir romanım da var. Onun üzərində işləməliyəm. Ona gah gəlirəm, gah qayıdıram, ancaq özüm-özümə deyirəm ki, bir gün iradəmi toplayıb, duyğularımı, göz yaşlarımı tamam kənara qoyub bu işi isti qəlb, soyuq başla görməliyəm.  Bu, mənim mənəvi məsuliyyətimdir.  (musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin