İndiki Ermənistan ərazisində yerləşən bir sıra alban memarlıq abidələrinin daxili və xarici görünüşünə müdaxilələr edilib, onların tarixi-memarlıq xüsusiyyətləri dəyişdirilib.
Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.
Onun sözlərinə görə, müxtəlif tədqiqatlar zamanı indiki Ermənistan ərazisində yerləşən çoxsaylı monastır və kilsələrlə bağlı materiallar araşdırılıb.
Alim həmin ərazilərə gediş-gəliş imkanlarının məhdud olmasına baxmayaraq, bu abidələrlə bağlı tədqiqatların davam etdirildiyini bildirib. Həmin ərazilərdəki alban kilsələri, monastırları, alban memarlıq tipinə aid digər tikililər və memarlıq abidələrinin daxili və xarici görünüşündə dəyişikliklər aparılıb. Bəzi abidələrin ornamentləri, interyer elementləri və hətta üzərindəki xaç nişanları da dəyişdirilib.
“İndiki Ermənistan ərazisində yerləşən bəzi Alban dövrü abidələrinin ilkin memarlıq formasına müdaxilə edilib. Abidələrin miqyası böyüdülüb, hündürlüyü dəyişdirilib, onların yaxınlığında evlər, xidmət müəssisələri və digər yardımçı tikililər inşa olunub.
Belə müdaxilələr tarixi abidələrin ilkin görkəminə təsir edir və onların sonradan erməni kilsəsi və ya monastırı kimi təqdim edilməsinə şərait yaradır. Ermənistan ərazisində yerləşən Eçmiədzin kilsəsi də buna nümunədir. Bu abidə alban dövrünə aid memarlıq nümunələrindən biridir.
Kilsənin özündə və ətrafında müxtəlif dəyişikliklər aparılıb, binanın xarici və daxili ornamentlərinə, interyerinə müdaxilələr edilib, ətrafında əlavə tikililər inşa olunub. Tarixi abidələrin mühafizə sahəsində onların tarixi və memarlıq xüsusiyyətlərinə təsir göstərə biləcək tikinti işlərinin aparılması yolverilməzdir. Alban dövrü abidələrinin ilkin formasının dəyişdirilməsi ilə yanaşı, onların ətrafında yeni tikililərin inşa edilməsi də abidələrin tarixi-memarlıq bütövlüyünə təsir göstərir”,- deyə tarixçi qeyd edib.
Faiq İsmayılov vurğulayıb ki, indiki Ermənistan ərazisindəki kilsə və monastırların böyük hissəsi Alban dövrünə aid abidələrdir.
O, həmin abidələrin bu gün erməni kilsələri və erməni memarlıq nümunələri kimi təqdim edilməsinə cəhd göstərildiyini bildirib.
“İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların təxminən 90 faizinin Alban dövrü abidələridir. Bu abidələrin tarixi-memarlıq xüsusiyyətlərinin qorunması və onların mənşəyinin beynəlxalq ictimaiyyətə düzgün təqdim edilməsi mühüm əhəmiyyət daşıyır”, - deyə tarixçi fikrini yekunlaşdırıb.
Bizim.Media





































































































